20-11-2020, 22:50 Oxunub: 84

Gəncədə məhkəmə məzhəkəsi... - ETİRAZ

Gəncədə məhkəmə məzhəkəsi... - ETİRAZ


"Təzadlar"a Gəncə şəhər sakinləri İsmayılov Nicat Məhərrəm oğlu –məcburi köçkün - nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu (Gəncə şəhəri, Turgenev küçəsi ev 22), Babayeva Rəsmiyyə Vaqif qızı (Gəncə şəhəri, Xəmsə küçəsi , ev 41), İsgəndərova Qətibə Cumalı qızı (Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 121) və Quliyev Əli Nuru oğlu (Gəncə şəhəri, Ş.İ.Xətai pr, ev 151, m. 18) tərəfindən 7 ildən çox gedən məhkəmə prosesləri haqqında şikayət məktubu daxil olub.

Şikayət məktubunu oxuduqca fikirləşirsən ki, ötən illər ərzində Azərbaycanda vətəndaşların sosial-rifahının yüksəldilməsi istiqamətində digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də struktur və kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də bəzi məhkəmələr məzhəkə xarakteri alıb. Sanki məhkəmələr məzhəkə tamaşaları göstərilən kiçik səhnəyə bənzəyir. Halbuki məhkəmə-hüquq sahəsi hər zaman vətəndaşların daha çox inam və güvənc yerlərindən biri kimi hələ ən qədim zamanlardan günümüzədək ədaləti təmin edib. Tarix boyu ədalətli olmaq, ədalətin meyarlarını gözləmək, əməl etmək insan şəxsiyyətini ucaldan əsas keyfiyyətlərdən biri hesab edilib.

Məhz bu baxımdan, şikayətçilər yazır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel 2019-cu il tarixli Fərmanı hər bir vətəndaş kimi, onlara da göstəriləcək qayğı kimi qəbul ediblər. Ölkə vətəndaşlarının rifahının dövlət başçısı tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayan şikayətçilər buna görə Prezidentə təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Şikayətçilər daha sonra yazırlar:

"Hörmətli redaksiya!

Biz 7 il 5 ayda davam edən və bizə qarşı haqsız şəkildə aparılan məhkəmə prosesləri haqqında sizə məlumat vermək istəyirik.

Qeyd etdiyimiz kimi, 7 il 5 aydan artıqdır ki, bizim torpaq mübahisəmiz üzrə məhkəmə prosesi gedir. Bu müddətdə Gəncə Apellyasiya Məhkəməsində gedən proseslər qərəzli, birmənalı olaraq bizlərin "qəsdinə" dayanmış formada aparılıb. Bu məhkəmə tərəfindən vaxtilə dələduzluqda ittiham olunaraq 6 il həbs cəzası almış qarşı tərəf olan Məmmədov Elşad Cəmil oğlunun və onun Gəncədəki havadarlarına himəyandarlıq göstərilmişdir.

Bunlara əsasən də son məhkəmədə etiraz ərizəsi ilə Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəməyə minnətdarıq şikayətimizi təmin edərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildi. Əminik ki, Şəki Apellyasiya Məhkəməsində bizim işlərə ədalətli baxılacaq və proseslər qanun çərçivəsində aparılacaq.

Bildiririk ki, 2012-ci ilin 10 may tarixində digər imtiyazlı şəxslər kimi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində inşa ediləcək fərdi yaşayış evlərinin tikintisi üçün eskiz layihəsi üzrə Gəncə şəhər memarlıq və tikinti bölməsinin razılığına əsasən evlər tikdik. Evlərimiz Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə sonradan qeydiyyata alınmışdır. Evlərimiz tikiləndən 1 il sonra, yəni 2013-cü ilin iyun ayından Şərifov Faiq Şərif oğlundan alqı-satqı yolu ilə “torpaq almış” Məmmədov Elşad Cəmil oğlu adlı şəxs bizi məhkəməyə verərək yerin ona məxsus olduğunu iddia etdi. Halbuki min bir əziyyətlə ərazidə ancaq yaşlı ərik ağacları olan boş sahədə evlər tikdirən zaman bizə burada kiminsə sahəsi olması barədə hər hansı şəxs tərəfindən müraciət olunmayıb.

Məlum oldu ki, biz evi tikdirəndən bir il sonra - 12.04.2013-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Məmmədov Elşad Cəmil oğlunun adına Çıxarış verilmiş. Çıxarış verilərkən idarənin əməkdaşları tərəfindən yerində müayinə olunmuş, bu torpaq sahəsində bizlərə məxsus 6 yaşayış evinin tikili vəziyyətdə olduğu müəyyən edilmiş, Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi (Gəncə Ərazi İdarəsi) arxiv işində də, torpaq üzərində bizim tikili evlərimizin olduğu və mübahisəli olması barədə qeydiyyat aparılmışdır. Lakin buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz tarixdə (12.04.2013–cü ildə) ev tikdirdiyimiz torpağ sahələrinə sənədlər verilməməli olduğu halda, Elşad Məmmədovun adına qanunsuz Çıxarış verilmişdir.

Elşad Cəmil oğlu Məmmədov 2013-cü ilin iyun ayında Gəncə şəhər Nizami rayon Məhkəməsində evlərimizin sökülməsinə dair iddia qaldırdı. Məhkəmənin sabiq hakimi tələm-tələsik, heç bir araşdırma aparmadan və bizim iştirakımızı tam təmin etmədən müəyyən “maraq” daxilində evlərimizin sökülməsinə dair qətnamə çıxarmaqla 6 ailəni ciddi problemlər qarşısında qoydu.

Bu zaman biz vəkilimiz vasitəsilə Şərifov Faiq Şərif oğluna (Elşad Məmmədova torpaq satan şəxs) torpaq vermiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə müraciət edərək 03.06.2014-cü il tarixli 115-№-li aldığımız cavab arayışında bildirilmişdir ki, Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı (xahiş edirik, nömrəyə diqqət edin, nömrə bizcə, rəqəm olmalıdır, “a” bəndi olmamalıdır, deməli, sonradan işin içərisinə əlavə edilmiş sənəddir.) alqı-satqı qərarı ilə Şərifov Faiq Şərif oğluna 0,80 hektar torpaq sahəsi satılmışdır. Satılmış ərazi Yeni Gəncə qəsəbəsi “Əriklik” adlanan yeməkxananın Şərq istiqamətindən yeməkxananın barısından “Məxməri” adlanan yeməkxana istiqamətinə “Əriklik” bağının şimal tərəfində mübahisəli (yəni bizim ev tikdirdiyimiz torpaq sahəsindən) torpaq sahəsindən kənarda, yəni keçmişdə boş olan kənd təsərrüfatına yararsız ərazidən verilmişdir (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 03.06.2014-cü il tarixli 115-№-li arayışını məktubumuza əlavə edirik.).

Biz Gəncə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verdik. Hakim Loğman Süleymanovun sədrliyi ilə işimizə baxan zaman iş dayandırıldı. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Şərifov Faiq Şərif oğluna, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı çıxarışların və kadastrdan çıxarışların ləğv edilməsi iddiasına dair mülki iş üzrə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etdik. Gəncə şəhər Nizami rayon Məhkəməsi məhkəmə prosesində Məhkəmə Ekspertiza Mərkəzinin vasitəsilə ekspertiza təyin edib və eyni zamanda qarşı tərəfin nümayəndələri ilə birlikdə yerli baxış keçirdi. 9 aprel 2015-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də aydın oldu ki, Şərifov Faiq Şərif oğlunun adında olan 0,80 ha torpaq sahəsi bizim tikdirdiyimiz evlərdən kənardadır (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 09 aprel 2015-ci il tarixli ekspertiza rəyini məktubumuza əlavə edirik.).

Gəncə şəhər Nizami rayon Məhkəməsi bütün bunları nəzərə alaraq bizim iddiamızı təmin etdi. Lakin bundan sonra qarşı tərəfin şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi, sədr Zərbəli Zərbəliyev (vəfat edib), İspəndiyar Şəfiyev və Rəhman Muradov tərəfindən 15 noyabr 2015-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18.06.2015-ci il tarixli 2(044)-83/2015 saylı qətnaməsi ləğv edildi. Həmin məhkəmənin davamı olaraq Ali Məhkəmənin Mülki Kollegiyası 19 may 2016-cı il tarixində bizim kassasiya şikayətimizi təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsi MK-nın 23 noyabr 2015-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır.

Belə çıxdı ki, bizim ev tikdirdiyimiz ərazi Şərifov Faiq Şərif oğlunun 0,80 hektar torpaq sahəsindəndir. Demək olar ki, çox gülünc bir vəziyyət yarandı. Ortaya belə bir sual çıxır: əgər bizim tikdirdiyimiz evlər Faiq Şərifovun 0,80 hektar sahəsindəndirsə, onda niyə həmin qərar qüvvəyə minərək həmin 0,80 hektar sahədə Elşad Məmmədova torpaq verilmədi? Qeyd etməliyik ki, Faiq Şərifovun 0,80 torpaq sahəsi hələ 2006-2007-ci illərdə müxtəlif vətəndaşlara satılmışdır (Bunu sübüt edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 16.09.2017-ci il tarixli bizə verdiyi arayışından görünür. Arayışı məktubumuza əlavə edirik.).

Hakim Loğman Süleymanovun sədrliyi ilə Gəncə Apellyasiya Məhkəməsində bu sözləri dəfələrlə demişik. Məhkəmənin gedişində qarşı tərəf bildirdi ki, bizim torpaq 0,80 hektardan deyil, 0,51 hektarda yerləşir. Biz bu məsələləri araşdırdıq, məlum oldu ki, Faiq Şərifovun «Əriklik» adlanan bağda cəmi 0,80 hektar torpağı olub və bu torpaq yuxarda qeyd etdiyimiz kimi 2006-2007-ci illərdə müxtəlif şəxslərə satılıb. 0,51 hektar torpağı araşdıran zaman o da məlum oldu ki, Faiq Şərifov Dövlət Aktına saxtakarlıqla torpağını 0,80 hektardan 1,31 hektara düzəliş etmişdir. Həmin saxtakarlıq 2010-cu il 29 oktyabr tarixli Göygöl rayon Məhkəməsinin qərarı ilə (iş №2(066)-358/2010) ləğv edilərək 25.04.2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktı 0,51 torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələrini rəhbər tutularaq, məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qətnaməsini (Xanlar rayon (indiki Göygöl) Məhkəməsinin qətnaməsini məktubumuza əlavə edirik.).

Sonrakı məhkəmələrdə bizə əvvəlcə iddia edirdilər ki, ev tikdirdiyimiz torpaqlar Göygöl (keçmiş Xanlar) rayonunun Quşqara bələdiyyəsinə məxsusdur. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 07 sentyabr 2016-cı il tarixli arayışından məlum olur ki, Gəncə (keçmiş Kirovabad) Xalq Deputatları Sovetinin 21.07.1987-ci il tarixli 12 №-li qərarı ilə 3№-li Tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 20 dekabr 1995-ci il tarixli 2915 saylı sərəncamındakı çıxarışında da qeyd edilir ki, ayrılmış 10 hektar torpaq sahəsi 3№-li Tikinti-quraşdırma icarə trestinin 20.11.1995-ci il tarixli a/235 №-li məktubu nəzərə alınaraq trestin işçilərinə fərdi yaşayış və bağ evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 2,3 hektar torpaq sahəsi ayırmışdır (Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 07 sentyabr 2016-cı il tarixli arayışını məktubumuza əlavə edirik.). Bu da tam sübut edir ki, bizim ev tikdirdiyimiz torpaqlar həqiqətən Gəncə şəhərinə məxsusdur.

Hakim Loğman Süleymanov bizim müraciətimizdən sonra 17 mart 2017-ci il tarixli qərardadla iş üzrə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etdi. Bu ekspertiza Faiq Şərifovun (Dövlət Aktını Elşad Məmmədova satanın) sənədlərinin saxta olmasını bir daha sübut etdi. Əvvəlcə ekspertizanın nəticələrini yarımçıq formada təqdim etsələr də, biz mütəxəssis rəyini əvvəldən rəsmi qaydada aldığımız üçün fakt qarşısında qaldılar və müxtəlif bəhanələr gətirdilər.

Hakim Loğman Süleymanov məhkəmə prosesi zamanı hələ heç bir araşdırma aparmadan bizə dedi ki, Elşad Məmmədovun pulunu niyə vermirsiniz? Biz qeyd etdik ki, "hansı pulunu verməliyik ki? İddia olunan məsələ haqqında heç bir araşdırma aparmadan sizin dedikləriniz bizə aydın olmadı".

Qeyd etdiyimiz ərazi bizim evlər tikdirdiyimiz torpaq sahəsindən 80-100 metr aralıdır. Bu haqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 09 aprel 2015-ci il tarixli ekspertiza rəyində də qeyd edilir ki, bizim evlər tikdirdiyimiz torpaq sahəsi onların torpaq sahəsindən tam kənardadır. Biz apellyasiya məhkəməsindən sonra vəkilimiz vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək Faiq Şərifovun adına olan 0,80 hektar və 0,51 hektar olan torpaqlarının kimlərə satdığı haqqında rəsmi mütəxəssis rəyini əldə etdik (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 16.09.2017-ci il tarixli məktubunu əlavə edirik), məktubdan da görünür ki, Elşad Məmmədova satılan torpaq sahəsi 0,51 hektar torpaqdan (məhkəmə qərarı ilə ləğv edilmiş torpaq) olmuşdur ki, bu da bir daha sübut edir ki, bizə iddia olunan torpaq sahəsi Göygöl rayon Məhkəməsinin qüvvədə olan qərarı ilə 29 oktyabr 2010-cu ildə ləğv edilərək etibarsız hesab edilmişdir.

Bütün bu faktlara baxmayaraq, hakim Loğman Süleymanovun hansısa "maraq" çərçivəsində məhkəmə prosesində etdiyi "canfəşanlıq" qarşı tərəfin xeyrinə həll olundu. Amma…".

(Davamı var) //tezadlar.az//

REDAKSİYADAN: Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI Siyaset "Törətdiyi bu cinayətə görə cəzalandırılmır..." - GİLEY Bolge "“Qaçqınkom”un saxta arayışı səbəbindən..." - GİLEY Sosial Rövşən Rzayevin işçisindən narazılıq - GİLEY Rövşən Rzayevin işçisindən narazılıq - GİLEY Sosial Prezident bu şəxsləri mükafatlandırdı - SİYAHI Prezident bu şəxsləri mükafatlandırdı - SİYAHI Siyaset