DataLife Engine / Ağdamda məmur özbaşınalığı... - NARAZILIQ VAR...

Ağdamda məmur özbaşınalığı... - NARAZILIQ VAR...

Ağdamda məmur özbaşınalığı... - NARAZILIQ VAR...









Bu günlərdə LEGİON-da Ağdam rayonu Baharlı kənd uşaq bağçasının sabiq tərbiyəçisi Fəridə Vəliyevanın şikayəti dərc olunmuşdu. 26 il Baharlı kənd uşaq bağçasında tərbiyəçi işləyən F.Vəliyeva bildirdmişdi: “İşlədiyim müddətdə heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi. 2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən.

Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi. Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər”. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar.
Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, – deyə Fəridə Vəliyeva bildirib (legion).
Ağdam RİH başçısının müavini Ağa Zeynalov isə LEGİON-a demişdi: “O xanım müxtəlif qurumlara, prokurorluğa da müraciət edib. Atası da, yaxın qohumları da ondan imtina ediblər. Fəridə Vəliyeva böhtan atır. Mən onu tanımadığım halda, necə pul ala bilərəm? Atası, 1940-cı il təvəllüdlü Məhərrəm Mahmud oğlu Vəliyev ərizə yazaraq, ondan imtina edib və Fəridə Vəliyevanın mənə böhtan atdığını təsdiq edib. Fəridə Vəliyeva iki ay işə getmədiyinə görə, bağça rəhbərliyi tərəfindən işdən azad edilib”. “Bəs o xanımın sizlə nə qərəzi ola bilər?”, – deyə soruşduq. “Onun başı çatmır. Psixi xəstədir”, – deyə A.Zeynalov cavab verdi.
Fəridə Vəliyeva doğrudanmı ruhi xəstədir? Biz bu sualı Ağdam psixi dispanserinin baş həkimi Tofiq Qədimova vedik. “Mən sizin sualınıza dəqiq cavab verə bilmərəm. Amma deyə bilərəm ki, Fəridə Vəliyeva bizim dispanserdə qeydiyyatda olsaydı, bundan dəqiq xəbərim olardı”, – deyə T.Qədimov cavab verdi.
Psixoloq Dəyanət Rzayev isə bu məsələni LEGİON-a belə şərh edib: “Qeyd etmək istərdim ki, Ağdam RİH başçısının müavininin kiməsə ruhi xəstə damğası vurmağa ixtiyarı yoxdur”.
Onun sözlərinə görə, kiminsə ruhi xəstə olmasına ancaq psixiatrik ekspertiza rəy verə bilər. Və bu rəyi bir psixiatr yox, bütöv bir həkimlər konsiliumu verir”, – deyə psixoloq vurğulayıb. D.Rzayev qeyd edib ki, vətəndaşı psixi xəstəlikdə ittiham etmək böyük mənəvi zərbə sayılır: “Bu məmur məhkəməyə müraciət edərək, Fəridə Vəliyevanın tibbi müayinəsini tələb edə bilər”.
Fəridə Vəliyeva dekabrın 26-da bildirdi ki, özü də Ağdam Psixi Dispanserinə gedib: “Bu şayiələrdən sonra özüm də narahat oldum ki, bəlkə, mənim adımı harasa psixi xəstə kimi yazdırarlar. Baş həkimin özünün qəbulunda oldum, mənə dedi ki, bu rayondakı bütün psixi xəstələr bizdə qeydiyyatdadır, sən o siyahıda yoxsan, arayış da verməyə hazırıq”.
O, LEGİON-a əlavə etdi ki, 2015-ci ilin iyun ayından maaş kartına pul keçirilmir: “Bir il əvvəl işdən çıxarıldığımı eşitdim. Amma mənə əmri də vermirlər. Bağçaya gedirəm, deyirlər icra hakimiyyətinə get. İcra hakimiyyətinə gedirəm, ordan da yenidən bağçanın üstünə göndərirlər. Müdirə Lətafət Aslanovanı yerində tapa bilmirəm. Mənim əmək kitabçamı da itiriblər və ya gizlədiblər. Bir ildir ki, bilinmir, işləyirəm, yoxsa, rəsmən işdən çıxarılmışam. Bir də ki, əgər həqiqətən də psixi problemlərin var idisə, orda 26 il necə işləmişəm? Mənim rəsmən atam kimi gedən Məhərrəm Vəliyev mənim əsl atam deyil, atalığımdır. Mənim valideynlərim mən körpə olanda dünyalarını dəyişiblər.
Mənə qohumlar baxıblar, Məhərrəm Vəliyevi isə son 20-25 ildə cəmi 2 dəfə görmüşəm, mənə atalıq eləməyib”.
LEGİON əməkdaşı Baharlı kənd bağçasının direktoru Lətafət Aslanova ilə əlaqə saxladı. “Onu tapa bilirik ki, əmrinin surətini verək? Sentyabrın 1-də əmri verilib. Başqa dedikləri şər-böhtandır. Onun psixi problemləri var. Evində tapılmır. Bir gün burdadı, sabah xaricdə. Orda-burda gəzir özü üçün”, - deyə L.Aslanova bildirdi. “Bəs bu illərdə necə ruhi xəstəni işləməyə qoyurdunuz?”, - deyə soruşduq. “İşə gəlmirdi ki... Şər-böhtanla deyirdi ki, maaşımı verin, mən işə gəlmirəm”, - deyə direktor cavab verdi.

Fəridə Vəliyeva isə bildirdi ki, 2009-cu ildən bəri Azərbaycandan xaricə çıxmayıb: “O qadın məni neçə dəfə işdən çıxarmaq istəyib, şikayət eləmişəm, imkan verməmişəm. Bu dəfə Ağa Zeynalovla birləşib məni işdən çıxardılar. Tək dərdi pul yığmaqdır. Yeməyin, avadanlıqların pulunu dövlətdən alıb xərcləyirlər, tərbiyəçilərə deyirlər ki, işə gəlməyin. Bağçada qaçqınlar məskunlaşıb, cəmi bir otaq boşdur. Mənim yerim-yurdum bəllidir, xaricdə də gəzmirəm. Haqqımda belə nalayiq şayiələr yaymasınlar”.
LEGİON-a həqiqətən də maraqlı gəldi, bir insanı işdən “ruhi xəstə” adıyla çıxaranda əvvəl əmri imzalayırlar, sonra ekspertiza edirlər... Yoxsa, əslində başqa cür olmalıdır? Amma görəsən, Ağdam RİH-də bu və digər proseslər necə keçirilir? Təəssüf ki, Ağdam RİH-dən bu sualımıza cavab ala bilmədik...
27-12-2016, 10:15
Geri dön