Azərbaycan prezidentindən sensasiyalı açıqlamalar
Gundem
Oxunub: 1 360
29 yan 2015 | 12:08
Azərbaycan prezidentindən sensasiyalı açıqlamalar


Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, Dövlət başçısı bölgədəki təhlükəli prosesləri xatırladıb “hazır olmalıyıq” dedi, neftin qiymətindən, manatın kursundan danışan prezident xalqla pis davranan məmurlara və icra başçılarına sərt xəbərdarlıq etdi.


Yanvarın 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bir sıra sensasion açıqlamalar verib.

“Bəzilərinin xoşuna gəlmir ki...”

Prezident öncə dünyadakı vəziyyətlə bağlı danışıb: “Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm”.

Dövlət başçısı deyib ki, gələcək illərdə bölgədə gərginliyin daha da artacağı istisna deyil: “Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi. Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Bir gün bu piramida dağılmış və həmin ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır”.
“Hamı dağılır gedir, iş də qalır kənarda...”

İlham Əliyev: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz”

Prezident beynəlxalq enerji layihələrindən danışarkən reallaşmayan “Nabucco” layihəsi haqda da ilginc açıqlama verib: “Mən vaxtilə şəxsən ”Nabucco" layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı".

“Məgər burada oturanlar bilmir...?”

Yanvarın 27-də keçirilən konfransda da İ.Əliyev yenə də yerli məmurlara xəbərdarlıq edib. “Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim” deyən dövlət başçısı fikirlərinə bu sözləri əlavə edib: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.

Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”. Dövlət başçısı işinə məsuliyyətlə yanaşmayan məmurların cəzalandırılacağını söyləyib: “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

Prezident çıxışında ondan əvvəl məruzə edən, 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.

Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinə də toxunub. O deyib ki, rüşvətxorluqla mübarizəni beynəlxalq qurumlar da, əhali də yüksək qiymətləndirir. “Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək” deyə, prezident vurğulayıb.

Prezident istifadəsiz torpaqların səmərəli istifadə edilməsi üçün mühüm mesajlar verib. “İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.

Prezident deyib ki, kənd təsərrüfatının inkişafı prioritet məsələdir: “Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq”.

İ.Əliyev bildirib ki, müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır: “Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”.

“Manatın avroya qarşı bahalaşması müsbət hal deyil”

Prezident hamının diqqətində olan neftin qiymətinin düşdüyü bir vaxtda Azərbaycan manatının gələcək taleyi barədə də danışıb: “Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat - bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”.

Prezident hesab edir ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. “Müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın” deyə, prezident bildirib.

Dövlət başçısı Azərbaycanın maliyyə resursları və xarici borcları haqda da danışıb: “Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə - 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir”.
İ.Əliyev bununla bərabər qeyd edib ki, neftin qiymətinin düşməsi ilə valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik: “Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir”.

Prezident bildirib ki, bununla bərabər, prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur və sosial layihələr.

Prezident bildirib ki, indi bazarlar uğrunda mübarizə gedir: “Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar və düz də edirlər. Biz də bunu edirik və etməliyik. Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Azərbaycan dövləti də, biz də dəstəkləyirik. Sənaye məhsullarının istehsalında, ilk növbədə, iş adamları yeni bazarlara çıxmalıdırlar. Mən bunu dəfələrlə demişəm, xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər”.

Qeyd edək ki, icra başçılarının, nazir və komitə sədrlərinin iştirakı ilə sonuncu belə iclas ötən ilin fevralında keçirilmişdi. Həmin toplantıda da dövlət başçısı rəhbər vəzifə tutanlarla bağlı ciddi iradlarını bildirmişdi.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq