20-11-2020, 20:42 Oxunub: 57

Görünən odur ki, Paşinyan getməyəcək... - Rəsmən dirəşib...

Görünən odur ki, Paşinyan getməyəcək... - Rəsmən dirəşib...


Üçtərəfli razılaşmaya əsasən, noyabrın 20-də işğalçı Ermənistanın silahlı birləşmələri Azərbaycanın Ağdam rayonu ərazisini tərk etməlidir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq Ağdam istiqamətində yollar açılıb və Azərbaycan tərəf 28-ci ildir işğal altında olan doğma torpağa sahiblənməyə tam hazırdır.

Ermənistan isə alçaq əməllərini Ağdamda da davam etdirir. Kəlbəcər və Laçında olduğu kimi, Ağdamda da olan-qalan tikililər dağıdılır, yandırılır, bunu uzaqdan çəkilən video və fotolar da təsdiqləyir. Ən çox heyrət doğuran budur ki, Ermənistanın alçaq davranışlarına beynəlxalq aləmdən təpki yoxdur, əksinə, “Ermənistanın böyük bacısı” Fransa başda olmaqla, dünyanın aparıcı paytaxtları vandal hərəkətlər törədən işğalçıların halına acımaqla məşğuldurlar. Hətta Parisin şəhər meriyası vicdansızcasına qondarma Qarabağ rejimini tanıyacağı ilə təhdid edir.

Belə bir durumda həmsədr ölkələrdən Rusiyanın mövqeyi daha çox təqdirlə qarşılanır. Vladimir Putinin “Qarabağ Azərbaycandır” məzmunlu mövqeyindən sonra işğalçılar və onların tərəfdarları heyrət içindədirlər. Qardaş Türkiyənin Qarabağdakı proseslərdə aktiv yer almasına qarşı olan ermənilər Putinin mövqeyindən sonra anladılar ki, bu məsələdə geriyə qayıdış artıq mümkün deyil. İndi nəzərlər hökumətin qərarına uyğun olaraq, Qarabağa doğru yol alacaq Türkiyə hərbçilərinə yönəlib.

Rusiyadan isə son durumla bağlı yeni açıqlamalar gəlib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir. Rusiya XİN-in rəsmisi qeyd edib ki, əldə olunan razılığın sözsüz həyata keçirilməsinin icra olunmasını təmin etmək vacibdir: “Biz məmnunluqla bildiririk ki, Rusiyanın vasitəçilik səyləri dayanıqlı atəşkəsə nail olmağa imkan verib. Rusiya sülhməramlı qüvvələrinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, Ermənistan qoşunlarının isə Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”.

Terrorçu Ermənistanda isə vəziyyət getdikcə gərginləşməkdədir. Noyabrın 19-da Ermənistanın paytaxtında yenidən etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazçılar İrəvan küçələrindən birini bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan isə İrəvanın Respublika meydanına toplaşan tərəfdarlarına müraciət edib. “Əzizlərim, sizə iki şeyi söyləməliyəm. Birincisi, sizə söz verirəm ki, xalqıma xəyanət etməyəcəyəm. İkincisi, sizdən dağılışmağınızı xahiş edirəm, çünki bu mitinq lazım deyil. Ehtiyac yarananda hamınızı meydana çağıracağam”, - deyə, N.Paşinyan bildirib. Sonra Paşinyan tərəfdarlarının “Nikol, Nikol!” sədaları altında hökumət binasına girib.

Bir sıra qüvvələr Nikol Paşinyanı xəyanətdə ittiham edərək Qarabağ uğrunda yeni müharibəyə başlamaq çağırışı edirlər. Hətta onların bəziləri Rusiyanın moderatorluğu ilə həyata keçirilməli olan prosesin dayandırılmasını, torpaqların qaytarılmamasını təkidlə tələb edirlər. Rusiya prezidenti isə xəbərdarlıq edib ki, Ermənistanın Qarabağ üzrə əldə edilmiş hazırkı razılaşmadan imtinası bu ölkə üçün intihar olardı. Vladimir Putin “Rossiya 24" telekanalının efirində belə deyib. ”Bu, intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, lakin üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, bütün həqiqəti söylədi", - Putin deyib. Kreml rəhbəri eyni zamanda qeyd edib ki, müqavilələrə riayət etmək və ya yerinə yetirməmək hər bir ölkənin öz işidir, lakin öhdəlikləri yerinə yetirməmək böyük səhv olardı.

Noyabrın 15-də Kəlbəcərin boşaldılması üçün Azərbaycandan daha 10 gün möhlət istəyən ermənilər, deyəsən, şəhər və kəndlərin yandırılması, talan edilməsi prosesini başa çatdırıblar. “Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb: “Onların sayı 3 054 nəfərdir”. Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir". M. Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO kimi təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Noyabrın 17-də Rusiya XİN başçısı Sergey Lavrov Moskvada BQKX prezidenti ilə hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi məsələsini müzakirə edib. Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.

Moskva müxalifətin tələbləri fonunda Nikol Paşinyanın vəzifədən istefası ilə bağlı Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib. Vanetsyan Paşinyanın istefasını ölkənin siyasi qüvvələrinin təkbaşına həll etməli olduğunu bildirib: “Moskvanın müdaxilə etdiyini və ya Ermənistanın daxili işlərinə qarışmaq istəyi olduğunu düşünmürəm. Paşinyanın istefası məsələsinə Ermənistanın siyasi qüvvələri qərar verməlidir”.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı məlum bəyanatından sonra erməni müxalifəti hakimiyyətə qarşı kəskin etirazlara və istefa tələblərinə başlayıb. Rusiya prezidenti Vladimir Putin Paşinyana ünvanlanan xəyanət ittihamlarının əsassız olduğunu bəyan etməklə bərabər, hazırda Ermənistandakı prosesləri ölkənin daxili işi adlandırıb.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Putinin çıxışını bəyənməyiblər: “Deyirlər ki, Rusiya Dağlıq Qarabağın birdəfəlik itirilməsinə, ermənilərin əlindən alınmasına çalışır. Zənnimcə, Ermənistanda artan gərginlik Rusiyanın bu ölkə ilə bağlı hələ hər şeyi həll edə bilməməsindən irəli gəlir. Məsələ Paşinyanın hakimiyyətdə qalıb-qalmamasında deyil. Putin Rusiyaya uyğun və onun istəklərini tam yerinə yetirə biləcək adamı tapana qədər bu proseslər davam edəcək. İndilik Paşinyan Rusiyaya sərf edir. Görünən odur ki, Paşinyan getməyəcək, parlament seçkiləri elan olunacaq. Paşinyan tərəfdarları seçkini udmağa çalışacaqlar və indi onlar elə də zəif deyillər. Ermənistandakı siyasi güclər Paşinyandan bu məğlubiyyət və ölkəni iqtisadi geriliyə sürükləyən mirası almağa çox da həvəsli deyillər. Keçmiş rəhbərlik korrupsiya ittihamlarından hələ yaxasını qurtarmadığına görə Rusiya bunlara kömək edə bilməyəcək. Daşnaksütyunun başını çəkdiyi partiyalar da elektorata malik deyillər. İndiki durumda onlar yalnız Paşinyana söyməklə kifayətlənirlər və istefasını istəyirlər. Ermənilər haqlıdırlar. Amma Paşinyan sonrası Ermənistanın hansı siyasəti izləyəcəyi haqqında konkret konsepsiyası olan yoxdur. Paşinyan vəziyyəti normallaşdırmaq tədbirləri görür, Rusiya da buna bir şey demir. Çünki ”iti öldürənə sürütdürərlər"".

Türkiyənin Qarabağdakı proseslərdəki rolundan bəhs edən politoloq qeyd etdi ki, Türkiyə ilə Rusiya arasında razılaşmadan asılı olmayaraq, Türkiyə ordusunun Azərbaycana gəlişi və burada mövcudluğu həm də Azərbaycana mənəvi dəstəkdir: “Təmas xəttində qurulacaq mexanizmlər, sadəcə olaraq, müzakirə edilə bilər. Rusiya istəyir ki, imkandan istifadə edib burada hər şeyi öz əlinə alsın. Amma Türkiyənin burada olması onun müəyyən mənada manevr imkanlarını məhdudlaşdıracaq. Həm də nənki Rusiyanın, son günlər aktivləşməyə çalışan Qərbin də təsir imkanlarını azaldacaq. Danışıqların formatı dəyişməlidir. Hər hansı şəkildə olsa da, bu, Türkiyəsiz olmayacaq, həm də ona görə ki, torpaq sahibi Azərbaycan bunu istəyir”. Q.Çaxmaqlı hesab edir ki, gəlişmələr Azərbaycanın və Türkiyənin iradəsindən kənarda irəliləyə bilməz: “Putinin çıxışına baxdım. İndiki halda Azərbaycanın əleyhinə deyil. Amma rus sülhməramlılarının burnunu başqa işlərə soxmasına imkan verilməməlidir. Kəlbəcərdə hansısa xristian məbədinin qarantiya altına alınmasına ehtiyac varmı? Azərbaycanda yüzlərlə xristian abidəsi var. Onları dağıdanmı var? Rusiyaya bəzi bəhanələrdən istifadə etməyə imkan verilməməlidir. İkincisi də Azərbaycan ərazi bütövlüyü məsələsini, Xankəndinə nəzarət kimi beynəlxalq haqlarını indidən ortaya qoymalıdır”. Politoloq hesab edir ki, Rusiya lideri ölkəsinin maraqlarını ifadə edib və bu fikirlərin bəziləri bizim maraqlarımızla üst-üstə düşür: “Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən başqa çarəsi yoxdur. Çünki öz daxilində onlarla ”Qarabağ" var. Gələcəkdə bir presedentin yaranması üçün Putin bunları söyləməlidir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoferi (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Virtualaz.org bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

“Məsləhətləşmələr zamanı 9 noyabrda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyət müzakirə edilib”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
"Yeni Müsavat"
Konsul: Konsul: "Ermənistan işğal olunmuş bütün torpaqları qaytarmalıdır" Sosial Braziliyada Ermənistanın işğalçı siyasəti barədə lövhə quraşdırılıb Braziliyada Ermənistanın işğalçı siyasəti barədə lövhə quraşdırılıb Siyaset Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı Siyaset "Ermənistan işğalçı ölkə olduğunu Paşinyan açıq etiraf edib” — Asim Mollazadə Siyaset Ermənilər Ağdamda yaşayış evini vurdu - Video Ermənilər Ağdamda yaşayış evini vurdu - Video Hadise