12-11-2019, 21:21 Oxunub: 425

“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab

“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab

Maliyyə Nazirliyinin mətbuat xidməti son günlərdə “Turan” İnformasiya Agentliyinə məxsus internet resurslarında dərc olunan “2020-ci ilin dövlət büdcəsinin 20 zəif bəndi” adlı məqalə ilə bağlı açıqlama ilə çıxış edib.
“Yeni Sabah”ın məlumatına görə, Nazirlik bildirir ki, sözügedən məqalədə elə ilk baxışda büdcə sənədinin əsas parametrlərinin dəqiq və dərindən təhlil olunmadığı, ənənəvi, şablon və cəfəng fikirlər əsasında hökumətin büdcə siyasəti və büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın, açıqlığın və büdcə müzakirələrində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi istiqamətindəki fəaliyyətinə kölgə salmaq cəhdləri aydın şəkildə görünür.

“Maraqlıdır ki, məqalənin ilk cümləsində Maliyyə Nazirliyinin artıq 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsini açıqladığını yazan müəllif daha sonra büdcə sənədinin qapalı olduğunu iddia edərək müəyyən ittihamlar səsləndirir və beləliklə də özü-özünü inkar edir. Əgər ictimaiyyət büdcə xərcləri barədə məlumatlı deyilsə, göstərdiyiniz bu məlumatlar haradan və necə əldə olunur?”, deyə sual olunur.

Agentliyin 20 bənd üzrə təsnifləşdirdiyi iddiaları şərti suallar kimi qəbul edən nazirlik onları tək-tək cavablandırıb:

1) Azərbaycanda büdcə danışıqları aparılmır?
Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar növbəti il və sonrakı üç il üçün büdcə layihələrini tərtib edib (sektor strateji planlar, mövcud və davam etməkdə olan layihələr üzrə cari və əsaslı xərclərə dair sifarişlər, yeni siyasət təşəbbüsləri ilə bağlı sifarişlər də daxil olmaqla) sifarişlərini mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edirlər. Büdcə sistemi haqqında Qanunun 11.12-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə təqdim olunan büdcə layihələri bütün parametrlər üzrə müvafiq büdcə təşkilatlarının iştiraki ilə müzakirə olunur və protokollaşdırılır. Bununla yanaşı büdcə layihəsi hökümətin üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclaslarında müzakirə edilir. İctimai əlçatanlığın təmin edilməsi üçün büdcənin bütün parametrləri üzrə geniş və ətraflı məlumatlar toplusu Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilir. Ona görə də “büdcə danışıqları” dedikdə nə nəzərdə tutulduğu aydın deyil.

2) Parlamentin büdcə prosesində rolu nominal xarakterlidir?
Hər bir ölkənin büdcəsi özünün qanunvericiliyinə uyğun olaraq tərtib, müzakirə və təsdiq olunur.

Azərbaycanda da “Büdcə sistemi haqqında” Qanunun 15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Milli Məclisin daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Yəni, hökumət tərəfindən təqdim olunmuş büdcə zərfi ilə bağlı Milli Məclisin istənilən sorğusu aidiyəti üzrə cavablandırılır və büdcə zərfi ilə bağlı müzakirələrin istənilən vaxtda, formatda və müddətdə müzakirəsinin təşkili ilə bağlı bütün təşəbbüslər parlamentdə olur.

Qanunla da Milli Məclis dekabr ayının 20-nə kimi büdcə layihəsini bütün komitə və plenar iclaslarda 3 oxunuşda müzakirə edir və səsə qoyularaq müvafiq qanun qəbul edilir. Eyni zamanda qeyd olunmalıdır ki, bütün müzakirələrdə, o cümlədən həm parlament komitələrinin, həm də plenar iclaslarda mətbuat nümayəndələrinin geniş iştirakı təmin edilir. Müzakirələr zamanı səsləndirilən şərh və təkliflər təhlil edilir, bir qayda olaraq onların bəziləri müzakirə olunan ilin büdcə layihəsində və ya sonrakı illərin büdcə layihələrində nəzərə alınır. Misal üçün göstərmək olar ki, son illərdə büdcə müzakirələri zamanı Milli Məclisdə səslənən – ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinə əlavə büdcə vəsaitinin cəlb edilməsi, bu sahələr üzrə əmək haqlarının və digər sosial ödənişlərin artırılması, aqrar sektora dövlət dəstəyinin artırılması, sosial, yol, qaz, su, kanalizasiya və kənd təsərrüfatı infrastrukturlarının tikintisi və əsaslı təmiri və bu kimi işlərin yerinə yetirilməsinə dair təklif və tövsiyyələr büdcə layihələrinin hazırlanması zamanı nəzərə alınmışdır.

3) “Nəticə əsaslı büdcə” niyə tərtib olunmur?
Nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili kifayət qədər mürəkkəb bir islahat prosesi olmaqla onun bu sahədə uğur qazanmış digər ölkələrin təcrübəsində də olduğu kimi, mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Bu islahatların tam həyata keçirilməsi bütün büdcə təşkilatlarında strateji planlaşdırma və proqnozlaşdırma sahəsində işçilərin bilik və bacarıqlarının artırılması, müxtəlif sahələr üzrə dövlət inkişaf proqramlarının prioritetləşdirilməsi, əhatəli xərc-fayda təhlillərinin aparılması və bu proqramların icrası məqsədilə dövlət büdcəsinin xərc yükünün müəyyən edilməsi mexanizmləri formalaşdırılmalıdır. Ortamüddətli Xərc Çərçivəsinin tam şəkildə tətbiqinə başlandıqdan sonra nəticə əsaslı büdcə mexanizminin mərhələli təşkili mümkün olacaqdır.

Beynəlxalq təcrübəyə əsasən nəticə əsaslı büdcə sisteminə keçid prosesi təxminən 8-11 il (Xorvatiya – 8 il, Slovakiya – 9 il, Latviya – 11 il və s.) davam edir. Eyni zamanda qeyd edilməlidir ki, bir çox ölkələrdə nəticə əsaslı büdcə mexanizmi hələ də tətbiq edilməyib və ya onun tətbiqi illərdir davam edir.

4) Yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə məhdudiyyət qoymur?
Makroiqtisadi sabitliyin təmin olunması məqsədilə dayanıqlı fiskal çərçivənin formalaşdırılması, büdcə siyasətinin protsiklliyinin məhdudlaşdırılması və təbii aktivin daimi maliyyə aktivinə çevrilməsinin dəstəklənməsi məqsədilə ötən ildən büdcə qaydasının tətbiqinə başlanılmışdır.

Büdcənin sabitliyini və dövlət maliyyə sisteminin uzunmüddətli dayanıqlığını təmin etmək məqsədilə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq müəyyən edilir. Buna uyğun olaraq 2020-ci il dövlət büdcəsinin layihəsi üzrə makro-fiskal çərçivə müəyyən edilməsi prosesində, ilk növbədə ölkənin xalis maliyyə aktivləri, daha sonra proqnozlaşdırılan qeyri-neft gəlirləri də nəzərə alınmaqla icmal büdcə xərclərinin, xərclənə bilən neft gəlirlərinin, o cümlədən Dövlət Neft Fondundan transfertin yuxarı hədləri müəyyən edilmişdir.

Müxtəlif multifaktorlu simulyasiyalar əsasında ortamüddətli dövr üçün neftin bir barrelinin 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması büdcənin ortamüddətli dayanıqlığı və kontrtsiklikliyinin təmin edilməsi baxımından daha məqbul hesab edilmişdir ki, bu da bizim yanaşmamızdır.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, 2020, 2021, və 2022-ci illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisi üzrə hədəf göstəriciləri müvafiq olaraq 30.1, 29.1 və 28.1 faiz olaraq müəyyən edilmişdi. Müəyyən edilmiş fiskal çərçivə və dövlət büdcəsinin 2020-ci ilə olan xərcləri nəzərə alınarsa, 2020-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 29.1 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da hədəf göstərici olan 30.1 faizdən daha aşağıdır. İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə qeyri-neft ÜDM-in artımına dair proqnozları əsas götürülərsə, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti orta müddətli dövrdə də hədəflənən azalma dinamikasından daha sürətlə azala bilər.

Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi mühafizəkar ssenari üzrə pessimist fərziyyələr əsasında hesablanmışdır ki, bu da xalis maliyyə aktivlərinin real gözləntilərdən daha aşağı məbləğdə müəyyən edilməsi ilə səciyyələnir. Müvafiq olaraq, xalis maliyyə aktivləri əsasında hesablanmış xərclənə bilən neft gəlirləri də real gözləntilərdən daha aşağı səviyyədə qərarlaşır ki, bu da neft gəlirlərinin qənaətlə istifadəsinə yönəlmiş məqsədəuyğun tədbirdir. Eyni zamanda, büdcə qaydasına əsasən icmal büdcə xərclərinin yuxarı həddinə təyin olunmuş inflyasiya səviyyəsini nəzərə alan 3 faizlik limit də öz növbəsində büdcə protsiklikliyinin qarşısını alaraq, nəticə etibarilə xərclənə bilən neft gəlirlərinin növbəti dəfə qənaətlə istifadə edilməsi məqsədini daşıyır.

5) Büdcədə neftin hər barrelinin qiyməti optimist ssenariyə əsaslanır, real deyil?
Dövlət büdcəsinin gəlirləri hesablanarkən xam neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları səviyyəsində müəyyən edilmişdir. Qlobal enerji bazarında baş verən tendensiyalar nəzərə alınmaqla beynəlxalq maliyyə qurumları tərəfindən verilmiş proqnozlar isə daha optimistdir. Belə ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2020-ci il üçün Brent markalı neftin bir barrel üzrə orta illik qiymətinin 57,94 ABŞ dolları, Dünya Bankının proqnozlarına əsasən isə 58,0 ABŞ dollarına bərabər olacağı gözlənilir. Bununla yanaşı, Amerika Enerji Məlumat Bürosunun (US Energy İnformation Administration) 2020-ci il üçün Brent markalı neftin bir barrelinin orta qiymətinə verdiyi proqnoz isə müvafiq olaraq 60,0 ABŞ dolları təşkil edir.

Qeyd etdiyimiz kimi, müxtəlif ssenarilər əsasında apardığımız təhlillər nəticəsində ortamüddətli dövr üçün neftin bir barrelinin 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması daha məqbul hesab edilmiş, icmal büdcə xərclərinin yuxarı həddi isə büdcə qaydasına uyğun olaraq mühafizəkar ssenari üzrə pessimist fərziyyələr əsasında hesablanmışdır. Bu yanaşma, proqnozlaşdırılan xalis maliyyə aktivlərinin (başqa sözlə desək, büdcə gəlirlərinin proqnozunun) real gözləntilərdən daha aşağı məbləğdə müəyyən edilməsi ilə səciyyələnir ki, bunu da optimist ssenari kimi qələmə verməklə qeyri-real adlandırmaq qərəzli və qeyri-peşəkar yanaşmanın təzahürüdür.

Eyni zamanda, növbəti ilin dövlət büdcəsi büdcə qaydalarına uyğun tərtib edilmişdir ki, həmin qaydalar mahiyyətcə kontrtsiklik xərclər siyasətinin həyata keçirilməsini dəstəkləyir və xam neftin dünya bazar qiymətinin dəyişməsinin dövlət büdcəsinin illik xərclərinə təsirini əhəmiyyətli dərəcədə neytrallaşdırır. Lakin məlumdur ki, dünya bazarında yarana biləcək əhəmiyyətli şoklardan heç bir dövlətin tam sığortalanması mümkün deyil.

6) Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyil?
Qeyri-neft sektoru üzrə ÜDM-in ümumi ÜDM-də xüsusi çəkisinin yüksək olduğu halda həmin sektor üzrə büdcə gəlirlərinin aşağı olduğu bildirilir. Öz-özlüyündə belə müqayisənin aparılması çox bəsit bir məntiqdir. Belə ki, qeyri-neft sektorunun inkişafı streteji yol xəritələrində müəyyən edilmiş əsas hədəflərdəndir. Bu məqsədlə vergi və gömrük qanunvericiliyi aktlarında kənd təsərrüfatı, maliyyə xidmətləri, sənaye və texnologiya parkları, investisiya təşviqi verilən fəaliyyət sahələri üzrə əsaslı güzəştlər müəyyən edilmişdir. Həmin sahələr ÜDM-in formalaşmasında iştirak etsə də, azadolmanın nəticəsi olaraq büdcə daxilolmalarını artırmır. Qeyd edək ki, adambaşına düşən büdcə gəlirlərinin digər ölkələrlə müqayisəsini göstərilən amilləri nəzərə almaqla aparmaq daha məntiqli olardı.

7) Büdcənin neft gəlirlərindən asılılığı artır?
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dinamikasının təhlili həmin sektordan daxilolmaların ardıcıl şəkildə artdığını göstərir. Belə ki, növbəti il üçün qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,4 faiz nəzərdə tutulur ki, bu da 2019-cu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 0,6 faiz bənd çoxdur. Eyni zamanda həmin sektordan daxilolmalar cari illə müqayisədə 1,1 mlrd. manat və ya 12 faiz çox, 2018-ci ilin faktı ilə müqayisədə isə 1,5 mlrd. manat və ya 16,4 faiz çox artımla proqnozlaşdırılmışdır. Göründüyü kimi qeyri-neft sektorunun inkişafı məqsədilə qeyri neft sektoru üzrə ÜDM-nin 10-dən çox məbləğində vergi və gömrük güzəştlərinin olmasına baxmayaraq həmin sektordan daxilolmalar artımla nəzərdə tutulur.

8) Büdcədən neft qoxusu gəlir…
2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq. Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

“Qoxu” məsələsi üzrə Maliyyə Nazirliyinin ekspertizası tənqid edənlərin iyibilmə (organoleptik xüsusiyyətləri aşkarlamaq) qabiliyyətindən xeyli aşağıdır.

Qaldı ki, büdcə gəlirlərində neftin payının yüksək olmasına, məlum olduğu kimi, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas ənənəvi sahələrindən biridir. Eyni zamanda qeyd edilməlidir ki, Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə saziş yenidən işlənilmiş və 2050-ci ilə qədər uzadılmış, Şahdəniz layihəsi isə tam gücü ilə işə başlamış, digər yataqlar üzrə də işlər davam etməkdədir. Şübhəsiz ki, bu layihələrin həyata keçirilməsindən əldə ediləcək gəlirlərin bir hissəsi növbəti illərdə də icmal büdcəyə daxil ediləcək və dövlət büdcəsinin vacib bir hissəsini təşkil edəcəkdir.

Büdcənin strukturunda cərimələrin payına gəlincə, hər büdcə gəlirinin 100 manatının 3 manat 50 qəpiyinin cərimə və sanksiyalar hesabına formalaşması tam cəfəngiyyatdır. Belə ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununun 2-ci maddəsində əks olunan mədaxil mənbələrində cərimə və sanksiyalardan daxilolmalar yoxdur. Bir sıra təşkilatlar üzrə cərimə və sanksiyalar büdcədənkənar gəlirlərə aid edilir ki, bu da ümumi daxilolmanın 1,1 faizini ( 270,0 mln. manat ) təşkil edir. Bu isə o deməkdir ki, cərimə və sanksiyalardan daxilolmalar ümumi büdcənin daxilolmalarında cəmi 1,1 faiz, yəni cəmi 1,1 manat təşkil edir.

9) Büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə çoxalır?
Hazırda vergidən yayınma hallarının aradan qaldırılması üçün texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi yolu ilə yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarmaq istiqamətində təsirli tədbirlər görülməkdədir. Vergilərin toplanması sahəsində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi prioritet istiqamət olaraq qalır. Növbəti ildə də elektron xidmətlərin sayının genişləndirilməsi, vergi və gömrük orqanları tərəfindən birlikdə idxal-ixrac əməliyyatlarına nəzarət işinin təşkili, yeni nəsil kassa aparatlarının quraşdırılması və vergi orqanlarının mərkəzləşdirilmiş sisteminə inteqrasiyası, fiskal xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin müəyyən hisssənin qaytarılması ilə bağlı proqram təminatının hazırlanması əlavə xərc tələb edir.

Bununla yanaşı, 2019-cu ildən vergi orqanlarına sosial sığorta və işsizlikdən sığorta haqqlarının yığılması sahəsində səlahiyyətin həvalə edilməsi ilə bağlı əlavə 650 ştat vahidinin ayrılması, gömrük sərhəd-keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi məqsədilə nəzarət avadanlığının tətbiqi, gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial sahədə aparılmış islahatlara uyğun olaraq əmək haqqlarının artımı şübhəsiz həmin orqanların xərclərinin artmasına səbəb olmuşdur.

Qeyd olunan amillər nəzərə alınmaqla 2020-ci ildə vergi orqanlarının xərcləri cari illə müqayisədə 83,7 mln. manat artmışdır. Bunun da 21,6 mln. manatı və ya 25,8 faizi əmək haqqı üzrə ödənişlərə, 60,0 mln. manatı və ya 71,7 faizini işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün inzibati binanın tikintisi üzrə xərclər təşkil edir.

Gömrük orqanlarına gəlincə isə, 22 mln. manat artımın 60,4 faizinin və ya 13,3 mln. manatının əmək haqqı xərclərinə, 8,7 mln. manatı isə yuxarıda qeyd olunan məqsədlərə sərf ediləcəyi proqnozlaşdırılır.

10) ARDNF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasət yoxdur?
Neft gəlirlərindən asılılığın azaldılması fonunda görülmüş işlərin məntiqi davamı olaraq 2020-ci ilə dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 56,1 faiz olmaqla 2019-cu ilin müvafiq proqnoz göstəricisinə nisbətən 3,7 faiz daha az proqnozlaşdırılmışdır. Neft gəlirlərindən asılılığın azaldılması qeyri-neft gəlirlərinin büdcə gəlirlərindəki payının artımını özündə ehtiva edir.

Bundan əlavə, hazırda büdcə tərtibində büdcə qaydasının tətbiqi təbii sərvət gəlirlərinin istehlakı və yığımının kombinasiyası arasında optimal seçimin edilməsinə, habelə neft – qaz resurslarının tükənən və bərpa olunmayan sərvətlərə aid olmasını nəzərə alaraq, həmin gəlirlərin gələcəkdə ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevriləcək qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır ki, bu da iqtisadi strategiyamıza tam olaraq uyğundur.

Bu qaydanın tətbiqi, həmçinin xərclərin konyukturdan asılılığının aradan qaldırılmasına və fiskal dayanıqlığın təmin edilməsinə şərait yaradır.

11) Növbəti ildə cərimə və sanksiyalardan daxilolmalar artacaq?
Qeyd edək ki, cərimə və sanksiyalardan büdcəyə daxilolmaların növbəti ildə cari illə müqayisədə 2 dəfə azalması nəzərdə tutulur. Artıq cari ilin 9 ayının nəticələrinə əsasən, maliyyə sanksiyalarının hesablanmış məbləği 42,6 mln. manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 154,6 mln. manat az və ya 3 dəfə az deməkdir. Belə ki, vergi və gömrük sahəsində aparılan islahatlara uyğun olaraq vergi yoxlamalarının sayının azalması, uçotun şəffaflaşdırılması məqsədilə elektron xidmətlərin təkmilləşdirilməsi, vergi öhdəlikləri ilə əvəz edilməklə yeni nəsil kassa aparatlarının tətbiqinə başlanılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, üçüncü şəxslər tərəfindən idxal-ixrac əməliyyatları sahəsində nəzarətin gücləndirilməsi cərimə və sanksiyalar üzrə daxilomaların azalmasına müsbət təsirini göstərmişdir.

12) Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsi yenə də aşağıdır?
2020-ci ildə Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlar üzrə gəlirləri 840,6 mln. manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin təsdiq olunmuş dövlət büdcəsi ilə müqayisədə 187,0 mln. manat 28,6 faiz çoxdur. Qeyd olunmalıdır ki, yerli gəlirlərin artımı ölkə üzrə ümumi artım faizini 3 dəfədən çox üstələyir.

13) Büdcədən rayonlara dotasiyalar artır?
Qeyd olunanlar tamamilə yalan və cəfəngiyyatdır. Belə ki, 2016-cı ildə 6 rayon və şəhər cari xərclərini öz gəlirləri hesabına təmin edirdisə növbəti ildə 39 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcəkdir. Bununla yanaşı, regionların inkişafı üçün dövlət büdcəsinin əsaslı qoyuluşu fondlarından vəsaitin rayon və şəhərlərdə sosial və fiziki infrastrukturun yaradılması və yenidənqurulması məqsədləri üçün ayrılması davam edəcəkdir.

14) Büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir?
2020-ci il dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisinin artması bir sıra obyektiv səbəblərlə bağlıdır.

İlk növbədə qeyd olunmalıdır ki, 2020-ci ildən dövlət büdcəsi yeni beynəlxalq standartlara cavab verən vahid büdcə təsnifatına uyğun hazırlanmışdır. Həmin təsnifata uyğun olaraq funksional və iqtisadi təsnifat səviyyəsində büdcə xərclərinin strukturunda ciddi dəyişiklik edilmiş, əvvəllər əsaslı xərclərə aid olan bir sıra xərclər beynəlxalq standartlara müvafiq olaraq cari xərclər statusunu almışdır.

Belə ki, ölkədə investisiya qoyuluşu hesabına həyata keçirilən sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların tikintisi, yenidən qurulması və əsaslı təmiri, o cümlədən işıq, qaz, su və digər kommunal kommunikasiya, abadlıq, rabitə, internet və s. xərclər bilavasitə cari xərclərə aid edilmişdir ki, bu da, təbii olaraq, cari büdcə xərclərinin artmasına səbəb olmuşdur.

İkinci, hamıya məlum olduğu kimi 2019-cu ildə sosialyönlü xərclərdə əhəmiyyətli artımlar mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artımı ilə bağlı təsdiq etdiyi 2 mərhələli sosial paketin normal icrasına başlanılmışdır. Bu zəmində minimum əməkhaqqının təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72,0 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması bu sahədə atılmış mühüm addımlardandır.

Artımlar eyni zamanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını da (sahələr üzrə müxtəlif artım faizləri tətbiq olunmaqla 2019-cu ildə orta hesabla 50 faizədək) əhatə etmişdir.

Eyni zamanda, gələn ildən ölkədə ehtiyac meyarının həddinin və yaşayış minimumunun məbləğinin artırılması nəzərdə tutulur.

Nəticə etibarı ilə 2019-cu ildə tətbiq olunmuş artımların əhəmiyyətli maliyyə tutumu və onların 2020-ci ilə təsiri dövlət büdcəsinin cari xərclərində nəzərə alınmışdır.

Bütün bunlar birmənalı olaraq cari xərclərin artımına ciddi zəmin yaratmışdır.

15) Büdcə xərclərinin bölgüsü ədalətsizdir?
Bu da növbəti cəfəngiyyat və böhtandır. 2020-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərdən biri sosialyönlü xərclərinin ümumi büdcə xərclərində xüsusi çəkisinin əhəmiyyətli artırılmasıdır. Məlum olduğu kimi, ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində 2019-cu ildə bir sıra mühüm qərarlar qəbul edərək aztəminatlı əhali təbəqəsinin sosial müavinət və təqaüdləri, minimum pensiya məbləği, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarında çalışanların əmək haqları əhəmiyyətli artırılmışdır. Həmin sosialyönlü qərarların icrası olaraq 2020-ci ilin dövlət büdcəsində müvafiq maliyyə təminatı yaradılmış və büdcənin strukturunda dəyişiklik baş vermişdir.

Bundan əlavə, icbari tibbi sığortanın tətbiqinin yeni mərhələsi, ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulu sayının genişləndirilməsi ilə bağlı tədbirlərin maliyyə təminatı xərcləri də sosialyönlü xərclərdə əksini tapmışdır.

Büdcə xərclərinin (icmal büdcə) tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 % və ya 2 milyard 664,2 mln. manat çoxdur. Büdcədə digər sahələrin hər biri üzrə (əsaslı xərclər istisna olmaqala) əhəmiyyətli artımlar nəzərdə tutulub.

İndi sual olunur, büdcə xərclərinin 40,7 faizinin sosialyönlü xərclər təşkil etməsi ədalətsizlikdirmi?! Və ya bizi tənqid edənlərin “ədalət meyarı” nədir?!

16) Büdcə xərclərinin yarıya qədərinin açılışı yoxdur?
“Büdcə xərclərinin yarıya qədərinin açıqlığı yoxdur”, “Büdcə xərclərinin 46,5 faizi qapalıdır” ifadələri tamamilə həqiqəti əks etdirmir.

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən büdcə zərfində hər bir xərc istiqamətinə aid vahid büdcə təsnifatının bütün parametrləri (gəlirlərin təsnifatı, xərclərin funksional, iqtisadi və inzibati təsnifatları səviyyəsində) üzrə 2018-2020-ci illəri əhatə edən müqayisəli məlumat vardır.

Eyni zamanda qeyd olunmalıdır ki, büdcə zərfinə 2020-2023-cü illəri əhatə edən dövlət investisiya proqramının əsas istiqamətləri üzrə bölgüsü də daxil edilmişdir.

Bir qayda olaraq investisiya xərcləri cari büdcə ili başa çatdığı ərəfədə (əsasən dekabr ayında) təhlil olunur, başa çatmış layihələr, keçid layihələri və növbəti ildə başlanılması zəruri hesab edilən layihələr dəqiqləşdirildikdən sonra növbəti ilin investisiya xərclərinin konkret layihələr üzrə bölgüsü aparılmaqla müvafiq normativ-hüquqi aktla təsdiqlənir.

Həmçinin, gəlirlərin və xərclərin strukturu və əsas istiqamətləri barədə ətraflı məlumatlar Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmiş “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində və “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı” sənədlərində və digər sənədlərdə öz əksini tapmışdır.

Bununla yanaşı qeyd olunmalıdır ki, hər ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair müvafiq fərmanla dövlət büdcəsinin xərclərinin funksional və inzibati təsnifat üzrə (hər bir təşkilat üzrə) təsdiq olunur və ictimaiyyətə açıqlanır.

Ölkədə mətbuat azadlığı bərqərardır. İstənilən hüquqi və fiziki şəxslər büdcə ilə bağlı dövlət sirrinə aid olan məlumatlar istisna olmaqla digər məlumatları Azərbaycan Respublikası Maliyyə Nazirliyindən, İqtisadiyyat Nazirliyindən və Milli Məclisdən almaq imkanına və hüququna malikdirlər.

Sonda yuxarıda da verdiyimiz sualı təkrarlamaq yerinə düşər: Əgər ictimaiyyət büdcə xərcləri barədə məlumatlı deyilsə, göstərdiyiniz bu məlumatlar haradan və necə əldə olunmuşdur?

17) Gələn ilin büdcəsi inflyasiya yaradacaq?
Əvvala, inflyasiyada əsas amil pul kütləsinin artmasıdır, ona mütənasib şəkildə mal təklifidir.

Növbəti ildə sosialyönümlü xərclərin artması nəzəri cəhətdən inflyasiyanın artması riskini yüksəldir. Həmin yanaşma növbəti il üçün hökumətin makroiqtisadi proqnozunda öz əksini tapıb. Cari ilin 2,4 faiz inflyasiyasına rəğmən gələn il 4,6 faiz səviyyəsində inflyasiya proqnozlaşdırılır.

Lakin ölkədə həyata keçirilən tarazlaşdırılmış fiskal və pul siyasəti, o cümlədən büdcə qaydalarının tətbiqi, pul kütləsinin effektiv idarəolunması və milli valyutanın alıcılıq qabiliyyətinin sabit saxlanılması antiinflyasiya siyasətinin formalaşmasına və bununla da inflyasiyanın idarəolunan səviyyədə saxlanılmasına yönəldilib. Cari ilin təcrübəsi, xüsusilə də əmək haqlarının, pensiya və müavinətlərin artımı fonunda inflyasiyanın nəzərəçarpacaq artımı ilə müşahidə edilməməsi bizdə bu sahədə görülən əks tədbirlərin səmərəli olmasına əminlik yaradır.

18) Qapalı büdcə korrupsiyanın həcmini yüksəldəcək?
Büdcəyə “qapalı” damğasının vurulması növbəti cəfəngiyyat cəhdidir. Belə ki, 1880 səhifə dolğun və ətraflı məlumat toplusundan ibarət olan büdcə zərfi hökumət tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub. Bundan əvvəl isə sentyabrın 13-də Maliyyə Nazirliyi “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) ilə çıxış edib.

Ardınca “2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı” və parametrləri, o cümlədən “2020-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz”, “2020-ci il üzrə icmal büdcənin göstəriciləri”, “2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi”, “2018-2020-ci illər üzrə dövlət büdcəsi xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində göstəriciləri”, “Növbəti büdcə ilinə ortamüddətli dövr və ötən 2 il üzrə büdcənin vergi və qeyri vergi gəlirlərinin ümumi məbləği, habelə hər iki kateqoriyanın daxilolma mənbələri üzrə göstəriciləri”, “2020-ci il üzrə büdcələrarası transfertlər haqqında”, “2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar”, “Növbəti büdcə ili üzrə yeni siyasət təşəbbüslərinin büdcə xərclərinə və gəlirlərinə təsirləri və buna dair izahat”, “Əhalinin yoxsul təbəqələrinin dəstəklənməsinə yönəlik siyasətlər barədə yazılı izahat”, “Vergi güzəştlərinin məqsədi, benefisiarları və onların sektorlar üzrə bölgüsü, bu güzəştlərin yaratdığı gəlir itkisi və onun hesablanması zamanı nəzərdə tutulan fərziyyələr barədə”,

“2018-2020-ci illəri və növbəti üç il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş proqramlar və bu qəbildən olan tədbirlər barədə məlumat”, “Ötən 2 il üçün faktiki, 2020-ci il və sonrakı üç il üçün dövlət borcları üzrə proqnoz göstəriciləri”, “Növbəti ilin sonuna (gözlənilən) və ötən 2 il üzrə cəmi borc göstəricisinin tərkibi”, “Növbəti büdcə ili üzrə keçən ildən yaranan öhdəliklər”, “Maliyyə və qeyri-maliyyə donorlarından alınan qrantlar”, “2020-ci ilin dövlət büdcəsi zərfində Azərbaycan Respublikasının vergi qanunvericiliyinə təklif olunan dəyişikliklər və ona dair izahat”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Dövlət Neft Fondunun 2020-ci il üzrə büdcəsinin göstəriciləri” və digər sənədlər Maliyyə Nazirliyinin saytında yerləşdirilərək ictimaiyyətə açıqlanıb. Beləliklə, yuxarıda qeyd olunan kifayət qədər təfərrüatlı və təfsilatlı məlumatların ictimaiyyət üçün əlçatan olmasına baxmayaraq, büdcəni qapalı adlandırmaq, büdcə xərclərinin açılışının olmamasını söyləmək açıq-aşkar qərəzdir. Büdcənin parametrləri açıqdır, şəffafdır, bəllidir!

19) Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb?
İfrat xarici şoklardan heç bir ölkənin iqtisadiyyatı tam sığortalanmayıb. Azərbaycan hökuməti büdcənin gəlirləri və xərcləri üzrə riskləri, o cümlədən xarici mənşəli riskləri tanıyır və bu barədə “2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda da açıq şəkildə fikirlər qeyd olunub. Ən əsası isə ondan ibarətdir ki, hökumətin həmin risklərə qarşı tədbirlərinin olması və effektiv həyata keçirilməsidir.

20) Gələn il büdcənin kəsiri böhran həddini keçəcək?
“Büdcə kəsirinin böhran həddi” kimi anlayış çox güman ki, “Turan” agentliyinin ixtirasıdır. Kəsirin universal, yəni dünyanın bütün dövlətləri üçün tövsiyə olunan səviyyəsi mövcud deyil. Kəsir nə qədər böyük olarsa bir o qədər də onun örtülməsi üçün mənbələrin təmin edilməsi ağır olur. 2020-ci ildə dövlət büdcəsinin kəsiri 2779,2 mln. manat müəyyən edilməklə ÜDM-ə nisbəti 3,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır. 3 faizlik hədd avrozona yaradılan zaman Avropanın inkişaf etmiş ölkələri üçün nəzərdə tutulmuş Maastrixt sazişində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, bu cür məhdudiyyətin qəbul edilməsi vahid gömrük və monetar məkana daxil olan ölkələr üçün olduqca vacib hesab olunur. Bu sahədə aparıcı ekspertlərin, o cümlədən Beynəlxalq Valyuta Fondunun mütəxəssislərinin qənaətinə görə, inkişaf etməkdə olan ölkələr (Azərbaycan daxil olmaqla) üçün bu kriteriya olduqca sərtdir.

Qeyd olunmalıdır ki, büdcə kəsirinin artması və onun maliyyələşdirilməsi üçün daha çox borc alətlərindən istifadə olunması orta və uzun müddətdə büdcə dayanıqlığı, habelə makroiqtisadi sabitlik üçün təhdidlər yarada bilər. O ki qaldı Azərbaycana, növbəti ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün vahid xəzinə hesabında toplanmış, əsasən dövlət büdcəsinin əvvəlki illərdən toplanan ehtiyyatlarından, o cümlədən cari ildə vergi və gömrük daxilolmaları üzrə proqnozla nəzərdə tutulmuş məbləğdən əlavə yığılan vəsaitdən istifadə olunacaqdır. Qeyd olunan mənbə hesabına büdcə kəsirinin 60 faizi örtüləcəkdir. Digər tərəfdən, Azərbaycan üçün zənnimizcə icmal büdcənin kəsirinin səviyyəsi daha önəmli göstəricidir.
Büdcə müzakirələri başladı Büdcə müzakirələri başladı Siyaset Milli Məclisdə büdcə müzakirələri başladı Milli Məclisdə büdcə müzakirələri başladı Siyaset Sabahdan büdcə müzakirələri başlayır Sabahdan büdcə müzakirələri başlayır Sosial 2019-cu ilin büdcə layihəsi Prezidentə təqdim olundu 2019-cu ilin büdcə layihəsi Prezidentə təqdim olundu Siyaset Dövlət büdcəsində neftin qiyməti artırıldı — Samir Şərifov Dövlət büdcəsində neftin qiyməti artırıldı — Samir Şərifov Iqtisadiyyat