DataLife Engine / Dollar yığanlar oxusun: İlin sonuna bu qiymətə olacaq

Dollar yığanlar oxusun: İlin sonuna bu qiymətə olacaq

 Dollar yığanlar oxusun: İlin sonuna bu qiymətə olacaq










Neftin qiymətləri artarsa, dolların ucuzlaşması mümkün görünmür.

Azərbaycanda dolların məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək.

Savash.org xəbər verir ki, “Report”un analitik qrupu hesab edir ki, dolların bahalaşmasının bir neçə səbəbi var.

Bunlardan birincisi, Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır.

Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 milyard dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 milyard dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 milyon dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5,2 milyard dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.

Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6,7 milyard manat və ya 4,2 milyard dollar təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.

Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə, əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən, əsasən, yerli valyutada geri ödənilir və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi valyutaya tələbatı artıracaq.

Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq.

“Report”un analitik qrupu hesab edir ki, dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1,80 AZN/USD-yə qədər artması ehtimal edilir.

Dolların məzənnəsinin sabitləşməsi ancaq SOFAZ-ın valyuta hərracına 300-500 milyon dollar vəsait çıxarması ilə mümkün ola bilər. Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür.
4-08-2016, 04:53
Geri dön