DataLife Engine / Manatla bağlı mühüm açıqlama

Manatla bağlı mühüm açıqlama

Manatla bağlı mühüm açıqlama









İqtisadçı ekspert Vüqar Bayramov dolların hər keçən gün yüksələn məzənnəsi ilə bağlı öz fikirini açıqlayıb. Strateq.az xəbər verir ki, o, may ayından sonra dolların manata nisbətən 14 faiz dəyər qazandığını deyib: "Dollara tələb yüksəkdir, bu isə nəticədə onun valyuta bazarımızda bahalaşmasına səbəb olur. Əgər banklar hərraca 700 milyon dollara təklif ilə gedirlərsə və həmin aksiondan sadəcə 50 milyon dollar aparırlarsa deməli, ABŞ pulu bahalaşmalıdır və nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var dollar möhkəmlənməkdə davam edəcək". İqtisadçının sözlərinə görə, hərraca son zamanlara yalnız Dövlət Neft Fondunun çıxması, Mərkəzi Bankın son aylar pul xərcləməməsi ondan xəbər verir ki, baş bank prosesə müdaxilə etməkdə maraqlı görsənmir: "Təbii ki, 15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyardan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. 11 milyard dollar pul xərcləyən amma hələ də manatın kursunu stabilləşdirə bilməyən Mərkəzi Bank üçün, güman ki, indi daha prioritet məzənnə siyasətini dəyişmək olacaq. Aydındır ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçid də riskli görsənir. 2016-cı ilin ötən aylarında hərraclara 3.03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq". Vüqar Bayramov bildirib ki, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var: "Birincisi, MB mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, Mərkəzi Bank məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir". Ekspert manatın yenidən kəskin dəyər itirməsinin qarşısını almağın yollarından da danışıb. O bildirib ki, 2015-ci ildə təklif etdiyi kimi valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var: "Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora "isti pullar” daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə, bu zaman MB artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar".
7-09-2016, 20:53
Geri dön