DataLife Engine / Hökumət manat üçün 1 il vaxt qazandı - 4,2 milyardlıq transfert

Hökumət manat üçün 1 il vaxt qazandı - 4,2 milyardlıq transfert

Hökumət manat üçün 1 il vaxt qazandı - 4,2 milyardlıq transfert













Neft Fondu Mərkəzi Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək

Bu barədə bakipost.az-a iqtisadçı ekspert Samir Əliyev məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bank 4,2 milyard dollar hesabına bazarı 2017-ci ildə sakitləşdirə biləcək: "Bu təxminən ayda 352 milyon dollar edir. Hesablamalarımıza görə valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollar olduğunu qeyd etmişdik. Deməli, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Həmçinin bankların dollar satışı bərpa ediləcək, qara bazarın əhəmiyyəti azalacaq.

Mərkəzi Bank vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək:

- ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxarmaq
- dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq
- banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək.

Valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür”.

Samir Əliyev bildirib ki, manatın ucuzlaşma probleminin həlli əksdollarlaşma siyasətindədir: "Hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahaşması real deyil. Ola bilər ki, epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşmaq istiqamətində olacaq. Sadəcə Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın.

Problemin həlli əksdollarlaşma siyasətindədir. Deşikli qaba nə qədər su töksək bir müddətdən sonra qabda yenə də su azalacaq. Ona görə də o deşikləri tutmaq lazımdır. Həmin deşiklər isə bizim nümunədə kapital axını və dollarlaşmadır. Hökumət əsas diqqəti əksdollarlaşma tədbirlərinin gücləndirilməsinə yönəltməlidir”.

İqtisadçı qeyd edib ki, Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin siyasəti isə sonda uğursuzluğa düçar ola bilər və təhlükəsizlik yastığının "əriməsinə" gətirib çıxara bilər.
11-01-2017, 07:02
Geri dön