DataLife Engine / İlham Əliyev neft qiyməti ilə bağlı xəbərdarlıq etdi

İlham Əliyev neft qiyməti ilə bağlı xəbərdarlıq etdi


İlham Əliyev neft qiyməti ilə bağlı xəbərdarlıq etdi



“Neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik”.


Azerinfo.az Axar.a-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində söyləyib.

Prezident bildirib ki, bu reallığı hamı bilməlidir:

“Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun”.

Buna baxmayaraq, Prezident İlham Əliyev prioritet xarakter daşıyan bütün layihələrin, o cümlədən infrastruktur və sosial layihələrin icra ediləcəyini açıqlayıb:

“Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Yəni, bu məsələlər bir-biri ilə görürsünüz, nə qədər bağlıdır. İqtisadi inkişaf, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması bax, diktə edir ki, bu məsələ də öz həllini tapsın. Eyni zamanda, iqtisadi inkişaf və müsbət demoqrafik vəziyyət diktə edir ki, iş yerlərinin yaradılmasına diqqət daim yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycan üçün bu, daimi prosesdir. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. Ona görə hər il biz on minlərlə yeni iş yerlərini yaratmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun”.
28-01-2015, 11:59
Geri dön