DataLife Engine / AMB bankların valyuta satışına nəzarəti gücləndirdi

AMB bankların valyuta satışına nəzarəti gücləndirdi

Banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir.
AMB bankların valyuta satışına nəzarəti gücləndirdi
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini - marjanı 2%-dən 4%-ə qaldırıb.

ANS PRESS-ə AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Mərkəzi Bankdan banklara məktub göndərilib. Məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Bu barədə qərar Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti tərəfindən bu gün verilib. Qərara görə, nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Bununla da, valyuta dəyişmə məntəqələri tərəfindən xarici valyutanın qiymətini əsasız şəkildə artırılmasının qarşısı alınacaq. Bu gün Bakıda dolların manata məzənnəsi 1,85-dək yüksəlib. Halbuki, AMB-ni rəsmi məzənnəsinə görə dollar 1,5642 manat olub.

Həmçinin, AMB manatın yanvarın 11-nə olan məzənnəsini açıqlayıb. Mərkəzi Bank 11.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Ötən gün sabit qalan dollar bu gün 1,5642 manat olub. Ötən gün bu rəqəm 1,5626 manat idi.

Avronun məzənnəsində iki günlük sabitlikdən sonra bahalaşma qeydə alınıb. İndi bir avro 1,7009 manatdır. Ötən gün isə 1,6796 manat idi.

Rusiya rublu da ucuzlaşıb. Rubl 0,0213 manatdan 0,0209-a düşüb.
8-01-2016, 20:08
Geri dön