DataLife Engine / Binəqədidə yanan bina ilə bağlı şok gəlişmə - MTN-çilər də məhkəməyə gətirildi

Binəqədidə yanan bina ilə bağlı şok gəlişmə - MTN-çilər də məhkəməyə gətirildi

Binəqədidə yanan bina ilə bağlı şok gəlişmə - MTN-çilər də məhkəməyə gətirildi









Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"Global Construction" və "Global Stone" şirkətlərində həmtəsisçi kimi Miryusif Mahmudovla şərik olmuş, yanğından təxminən ayyarım əvvəl təsisçilikdən çıxmış Hüseyn Əlizadə də şahid qismində dindirilib.

O, bildirib ki, binalara vurulan "poliuretan” üzlüklərin istehsal edildiyi zavodda 2006-cı ildə 1/3 hissəlik pay sahibi olub. 2007-ci ildə isə 50 faiz pay sahibi olub.

Hüseyn Əlizadənin istintaqa ifadəsində belə bir fikir var ki, həmin binada əsas divarla üzlük arasında boşluqdakı hava axını yanğının sürətlə yayılmasına səbəb olub.

Amma H.Əlizadə məhkəmədə deyib ki, o, belə fikir söyləməyib: "Mən mühəndis deyiləm ki..."

Binanın yanmasının səbəbi barədə sualı isə o, belə cavablandırıb: "Deyim ki, "şeytan əməlidi", düz gəlmir. Poliuretan material yanmır, bunu mən gözümlə görmüşəm. Amma kimin elədiyini də bilmirəm. Bilsəydim, deyərdim ki, filankəs eləyib".

H.Əilzadə deyib ki, daha çox qazanc əldə etmək üçün heç vaxt nə məhsulun tərkibinin dəyişdirilməsi, nə də təhlükəsizlik tədbirlərinin azaldılması ilə bağlı fikirləri olmayıb: "1 manat belə olsun, içşçilərin yeməyindən, geyimindən, təhlükəsizliklə bağlı xərclərdən qənaət etməyi düşünməmişik”.

O, şəriki ilə aralarında yaxşı münasibətlərin olduğunu və heç vaxt bir-birlərindən xəbərsiz qərar qəbul etmədiklərini də deyib.

Hazırda həbsdə olan digər təsisçi Miryusif Mahmudov çıxış üçün söz istəyib. O, prokurora sual vermək istəsə də, hakim buna icazə verməyib və təqsirləndirilən şəxsin belə bir ixtiyarının olmadığını xatırladıb.

Bu zaman Miryusif Mahmudov çıxışını arayış şəklində demək istədiyini söyləyib: "Mən istəmərəm ki, Hüseyn Əlizadə məsuliyyətə cəlb olunsun. Ancaq bu çox maraqlıdır ki, niyə mən? Mənim fərqim nədir ki, məni günahkar kimi tutublar? Bunu izah etsələr, yaxşı olar. Əgər nə vaxtsa iş görmək imkanım, həvəsim olsa, bunu nəzərə alıb şərik seçim”.

Hakim Əfqan Hacıyev isə təqsirləndirilən şəxsə belə cavab verib: "Tək elə, şəriksiz iş gör”.

Məhkəmədə həm zərərçəkmiş, həm də hal şahidi kimi ləğv edilmiş MTN işçisi Xəyyam Babayev də ifadə verib. O, 2012-ci ildən yanğın baş verən binada yaşadığını, hadisə zamanı evdə körpə uşağının və baxıcının olduğunu deyib. Həmin vaxt uşağı və baxıcını evdən çıxarıb.

MTN əməkdaşı haqqında mətbuatda yazılanlardan danışıb: "Yazırlar ki, bu yanğında mənim əlim var. MTN əməkdaşı olmuşam. Yanğın zamanı özünü atan adamla əlaqəm olub. Həmin adamı tanımıram. Sonradan xəbər tutdum".

MTN-də əməliyyatçı kimi çalışdığını deyən X.Babayev yanğından bir gün əvvəl işdə olduğunu söyləyib:"Avropa Oyunları ərəfəsində növbədə idim. Təhlükəsizlik tədbirləri ilə əlaqədar... Axşam 12-də evə gəlmişəm. Səhəri gün 5-də işə getməli idim. Amma bu hadisədən sonra növbədən azad edildim".

Vəkillərin suallarını cavablandıran MTN əməkdaşı yanğının necə baş verməsi haqda sualları cavablandırıb. Vəkil İlhamə Həsənova deyib ki, bütün zərərçəkmişlər və şahidlər arasında hadisənin konkret hansı mənbədən çıxması ilə bağlı ifadə verən yeganə şəxs Xəyyam Babayevdir.

X.Babayev isə bu fikrin düzgün səsləndirilmədiyini deyib: "Mən gördüyümü dedim. Necə görmüşəmsə, elə də ifadə vermişəm".

Vəkillər onun anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, Rusiyada anadan olan bu zərərçəkmiş Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, 2007-ci ildən MTN-də işləyir.

İş materialları arasında Xəyyam Babayevin fotoşəkli var, orada əli ilə istintaqçılara göstərir ki, yanğın poliklinika yerləşən qeyri-yaşayış sahəsindən başlayıb.

Amma məhkəmədə deyib ki, bunu dəqiq görməyib: "Mən bunu ümumi istiqamətə görə müəyyən eləmişəm. Dəqiq o vaxt görərdim ki, tikilinin üstünə çıxaydım".

O, sualları cavablandırarkən deyib ki, hər hansı hadisə, o cümlədən yanğın olanda MTN-ə də bu barədə siqnal gəlir. Siqnal daxil olan kimi də MTN əməkdaşları hadisə yerinə gedir.

Yanğına görə təqsirləndirilən şəxslərdən biri - binanı üzləmiş "Global Construction" və üzlükləri istehsal etmiş "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov ondan soruşub ki, "Bəs nə əcəb övladını baxıcısının evinə qoyandan sonra dərhal hadisə yerinə qayıtmayıb və bir zabit kimi orada köməyə ehtiyacı olanlara yardım göstərməyib?”

MTN əməkdaşı cavabında deyib ki, övladını evdən paltarsız, yeməksiz götürüb. Ona qida, geyim almaq bir xeyli vaxt aparıb, ona görə dərhal hadisə yerinə qayıtmayıb.

Hadisə saat 10.30 radələrində baş verib. Həmin vaxt Xəyyam Babayevin işdə yox, evdə olması vəkillərdə sual yaradıb. O, cavabında bildirib ki, daim işdə olsa da, həmin ərəfədə tədbirlərlə əlaqədar növbədə olub. Ona görə yanğın baş verəndə də evdə olub: "Avropa Oyunları ərəfəsində növbədə olurduq. Həmin gün axşam 12-də işdən çıxdım. Bir də səhər 5-də işə gedəcəkdim. Amma bu yanğına görə növbəmi ləğv etdilər”.

Vəkillər bu zərərçəkmişə şəxsiyyəti, iş fəaliyyətilə əlaqəli bir sıra suallar veriblər. Məhkəmə həmin sualların bir qismini işə aidiyyəti olmadığını əsas gətirərək, çıxarıb. Bu da vəkillərin etirazına səbəb olub.

"Biz bilmək istəyirik ki, bu adam MTN-də kimin rəhbərliyi altında işləyib. Bəlkə hadisədən əvvəl Miryusif müəllimdən pul istəyənlər, elə bu adamın rəhbəri olublar?” - deyə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib.

Məhkəmə prosesi noyabrın 8-də davam edəcək. (musavat.com)
3-11-2016, 16:43
Geri dön