DataLife Engine / Kafe sahibini şantaj edən 2 “reket” jurnalistə hökm oxundu

Kafe sahibini şantaj edən 2 “reket” jurnalistə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkardan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Şahin Orucov və Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmədən Trend-ə verilən məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Ş.Orucov və C.Məmmədovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalında həbs ediliblər.

İttihama görə, Təbriz Dəmirov, Ş.Orucov və C.Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video-görüntülər çəkiblər. Bundan sonra onlar bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Ş.Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, C.Məmmədov “Korrupsiya və Qanun” qəzetinin baş redaktorun birinci müavini, T.Dəmirov isə müstəqil jurnalist olub. T.Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Hazırda onun barəsində axtarış elan edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunublar.
25-11-2015, 14:28
Geri dön