Qardaşlarını yox edən, rəqiblərini öldürdən prezident qızı... - Bənazir Bhutto
Maraqli
Oxunub: 1 386
9 mar 2015 | 19:21
Həbsxanada dərisi soyulan Pakistanın "qara qızılgülü"

Bhuttonun həyatına iki dəfə qəsd edilib. İlk sui-qəsd uğursuz olsa da, nəticələri dəhşətli olub - 130 nəfər ölü, 500 nəfər yaralı. Bu, 2007-ci il oktyabrın 18-də baş verib. Pakistanın sabiq baş naziri 8 illik məcburi mühacirətdən sonra vətənə qayıdır və həmin gün, onun kortejini partlatmağa cəhd göstərirlər. Lakin xalq arasında "Pakistanın qara qızılgülü" adlandırılan lider, möcüzə nəticəsində sağ qalır. Və bəyan edir ki, qarşıdan gələn parlament seçkilərində hakimiyyət uğrunda mübarizəsini davam etdirəcək. Lakin Bənazir Bhutto ikinci sui-qəsddən sağ çıxmadı: 2007-ci il dekabrın 27-də mitinqdə qətlə yetirildi. Bu qətlin sifarişçisi indiyə qədər müəyyən edilməyib. Rəsmi xəbərlərə görə, sui-qəsdi nə vaxtsa Bhuttonun danışıqlar apardığı radikal islamçılar, Taliban hərəkatı təşkil edib. Onun ölümündə prezident Pərviz Müşərrəfi də ittiham edirdilər, çoxları isə bu qətldə Bhuttonun ən yaxın ətrafının da əli olduğuna işarə vururlar. Nüfuzlu ailənin varisi olan Bənazir Bhutto sakit həyat sürə bilərdi, lakin siyasət dünyasının qanlı - keşməkeşlı aləmini nədən seçdiyini tərcümeyi-halında belə açıqlayıb: "Mən bu həyatı deyil, bu həyat məni seçdi." Ola bilsin ki, tərcümədə - "bənzərsiz" mənasını verən Bənazir adı onun xarakter və taleyini müəyyənləşdirib. Analitik.az amansız siyasətçi, eyni zamanda əsl şərq qadını, "Pakistanın qara qızılgülü" Bənazir Bhuttonun bənzərsiz qısa həyat tarixçəsini təqdim edir.

İndira Qandi ilə apardığı danışıqlar...

Bənazir Bhutto çox nüfuzlu ailədə - Pakistan Xalq partiyasının banisi, sonra prezident və baş nazir olan tanınmış siyasətçi Zülfiqar Əli-xanın ailəsində 1953-ci il iyunun 21-də Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində anadan olub. Ata xətti ilə ulu babaları Sind vilayətinin knyazları olub, onun babası Şah Nəvaz vaxtilə Pakistan hökumətinə rəhbərlik edib. O, ailədə böyük uşaq idi. Mütərəqqi fikirli Zülfiqar, qızını Avropa üslubunda tərbiyə edirdi: Bənazir 12 yaşına qədəm qoyanda, müsəlman aləmində qəbul olunan qaydalardan fərqli olaraq çadra geyinmədi. Bhutto öz xatirələrində belə yazır: "Atam dindar idi. 12 yaşımda anam başıma çadra örtdürəndə atam etiraz etdi ki, qoy qız böyüsün, üzü açıq və ya bağlı gəzmək qərarını özü versin. İslam qadınlara həyatlarını fikirləşdikləri kimi qurmağa icazə verir. Ondan sonra mən çadra örtmədim". Atası Bənaziri əvvəl Pakistanda yerləşən nüfuzlu katolik məktəbində oxudur, sonra isə ali təhsil almaq üçün xaricə göndərir. Bənazir Harvard və Oksfordda ali təhsil alıb.

1971-ci ildə Zülfiqar Əli Bhutto Pakistan prezidenti oldu və qızını siyasi həyata cəlb etməyə başladı. O dövrdə ölkənin xarici siyasətinin ən kəskin həll olunmamış problemi Hindistan və Pakistan arasında sərhəd haqqında məsələ idi. İki xalq daim münaqişədə idi. Ata və qızı 1972-ci ildə Hindistana danışıqlara birlikdə uçur. Bənazir orada İndira Qandi ilə tanış olur, onunla qeyri-rəsmi şəraitdə uzun müddət söhbət edir. Danışıqların nəticəsi olaraq, bəzi müsbət irəliləyişlər olur. Bənazir hakimiyyəti dövründə qəti olaraq bu əlaqələr möhlkəmlənir.

Atası edam edilir

Pakistanda 1977-ci ildə dövlət çevrilişi olur: Pakistanın hərbi qərargah rəhbəri general Məhəmməd Ziya-ül-Həqq çevriliş edərək hakimiyyəti ələ alır və ölkədə hərbi üsuli-idarə yaradır. Zülfiqar iki il çəkən məhkəmə prosesindən sonra edam olunur. Ölkənin keçmiş liderinin qızı və həyat yoldaşı Ziya Ül Həqqə qarşı mübarizəyə çağıran Xalq hərəkatının başına keçirlər. Bu səbəbdən Bənazir anası ilə həbs edilir. Yaşlı qadına rəhm edirlər və o, cəzasını ev dustağı olaraq çəkir. Bənazir isə dustaq həyatının bütün ağırlığını hiss etdi. Qızmar yay mövsümündə onun kamerası əsl cəhənnəmə çevrilirdi. "Günəş kameramı elə bərk qızdırırdı ki, dərim yanıqlarla örtülmüşdü", deyə o, sonralar tərcümeyi-hal yazacaq. "Mən nəfəs ala bilmirdim, orada hava çox isti idi, bir tərəfdən də gecələr öz sığınacaqlarından çıxan torpaq qurdları, həşəratlar... Onlardan qorunmaq üçün istiyə və havasızlığa baxmayaraq, yorğana bürünmək məcburiyyətində qalırdım".
1984-ci ildə Benazir qərb sülhməramlılarının müdaxiləsi nəticəsində həbsdən çıxmağa müvəffəq olur. Bundan sonra Avropa ölkələrinə Bhuttonun zəfər yürüşü başlandı. O, həbsxana həyatından sonra yorğun, üzgün olmasına baxmayaraq, digər dövlətlərin liderləri ilə görüşüb, çoxsaylı müsahibələr və mətbuat konfranlarında Pakistandakı mövcud rejimə açıq şəkildə meydan oxuyurdu. Onun cəsarət və qətiyyəti bir çoxlarında heyrət doğururdu, hətta pakistanlı diktatorun özü də, düşmənin nə qədər güclü və prinsipial olduğunu onda anlayır. 1986-cı ildə Pakistanda hərbi vəziyyət ləğv edildi, Bənazir qalib şəkildə doğma ölkəyə qayıtdı. O, 1987-ci ildə Sind əyalətinin ən nüfuzlu ailəsindən olan iş adamı Asif Əli Zərdari ilə nikaha girir. Bədxahlar iddia edirdilər ki, bu, "hesablanmış nikah"dır. Çünki Pakistanın ən nüfuzlu siyasi sülaləsi, islam aləmində ən varlı klanlardan biri ilə birləşdi. Bənazir kimi Zərdari də varlı ailədən olan müsəlman şiəsi idi. Lakin Bənazir həyat yoldaşının simasında öz silahdaşı və dayağını görürdü. Evlilikdən sonra da Bənazir atasının soyadını saxladı - baxmayaraq ki, bu, islam dünyasında demək olar ki qəbuledilməz bir hadisə idi. Bu nikahdan onların üç övladı dünyaya gəlir: Bilaval, Baxtvar və Aseefa. Bu zaman Ziya ül Həqq yenidən ölkədə hərbi vəziyyət tətbiq edir və nazirlər kabinetini buraxır. Bənazir də bu hadisələrdən kənarda qala bilməzdi - hərçənd bu zamanlar onun ilk övladı dünyaya gəlmişdi, qadın olaraq, başı ailə qayğısına qarışsa da, yenə də siyasi mübarizəyə başlayır.
Bu arada diktator Ziya ül - Həqq təyyarə qəzasında həlak olur: Onun təyyarəsində bomba partladılır. Diktatorun ölümünü çoxları sifarişli qətl hesab edirdilər - Benazirin özünü, qardaşı Murtuzu, hətta Bhuttonun anasını ittiham edirdilər.

Hakimiyyət təntənəsi, islahatlar, geniş miqyaslı rüşvətxorluq...

1989-ci ildə partiyası parlament seçkilərində qalib gələn Bhutto Pakistanın baş naziri oldu və bu, nəhəng miqyaslı, tarixi bir hadisə idi: İlk dəfə idi ki, müsəlman ölkədə qadın hökumətə başçılıq edir. O, dünya tarixinə ən gənc siyasi lider kimi də düşdü: Bu vaxt onun cəmi 35 yaşı vardı. Bənazir öz baş nazir müddətini tam liberallaşma ilə başladı: Universitetlərə və tələbə təşkilatlarına özünüidarə hüququ verdi, mətbuat üzərində nəzarəti ləğv etdi, siyasi məhbusları azad etdi. Qərb həyat tərzinindən imtina etməli olan Bhutto, geyimlərində də dəyişiklik etdi: mini yubka və dekolte patarlarını zərif geniş libaslara, ciddi işgüzar kostyuma və hicabı əvəz edən yaylığa dəyişdi. Bənazir kişi siyasətçilər ilə danışıqlara özü ilə həmişə ərini də aparırdı - müsəlman qanunları bu ölkədə artıq pozulması mümkün olmayan adətə çoxdan çevrilmişdi. Bhuttonun xarici görünüşündə yeganə dəyişməyən isə qeyri-məhdud sayda parlaq makiyaj və zinət əşyaları oldu. Dünya Bhuttoya vurulmuşdu: Onu 20-ci əsrin ən gözəl siyasi xadimi adlandırır, Kleopatra və Semiramida ilə müqayisə edirdilər. Onun Pakistanın demokratikləşməsi üçün çox işlər görəcəyinə inanırdılar. Vətənində isə jurnalistlər Bhuttoya qara qızılgül ləqəbini vermişdilər. Gözəl avropa təhsili alan və liberal ənənələrlə böyüyən Bhutto, qadın hüquqlarının müdafiəsinə qalxır. Bu, Pakistanın ənənəvi mədəniyyətinə zidd idi. İlk növbədə o, seçim azadlığı elan etdi: qadının çadraya bürünməsini öz seçiminə buraxdı. Bənazir ölkəsinin, eyni zamanda islam ənənələrinə hörmət edirdi, lakin eyni zamanda ölkənin gələcək inkişafına mane olan adətlərdən xilas olmağın tərəfdarı idi. Tez-tez və açıq şəkildə vurğulayırdı ki, o, vegetariandır: "Vegetarian pəhrizi siyasi nailiyyətlərim üçün mənə güc verir." Heyvanları hədsiz dərəcədə sevən Benazir, hətta bütün müsəlmanları heyvan ətindən imtina etməyə çağırırdı. Təbii ki, belə bəyanatlar və demokratik addımlar islamçılarda narazılıq doğururdu. Lakin Bənazir də cəsarətli idi. O, narkotrafiklə mübarizə sahəsində Rusiya ilə əməkdaşlıq və yaxınlaşmaya qətiyyətlə getdi, Əfqanistanda əsirlikdə olan Rusiya hərbçilərinin azad edilməsinə nail oldu.
Xarici və daxili siyasətdə müsbət dəyişikliklərə baxmayaraq, baş nazirin kabinetini korrupsiyada tez-tez ittiham edirdilər, Bənazir özü də düşünülməmiş hərəkətləri ilə səhv etməyə başlayır...

Əri "cənab 10 faiz" adını alır

Pakistan iki barışmaz düşərgəyə: ölən diktator Ziya ül Həqqin davamçıları və Bhuttonun tərəfdarları düşərgəsinə ayrılmışdı. Ölkənin üzərini hər an başlaya biləcək vətəndaş müharibəsi təhlükəsi almışdı. Bənazirin öz ailəsi də parçalandı - onun qardaşından ikisi müxalifətə keçdi və bundan sonra naməlum şəraitdə həlak oldular. Hakim rejimin xoşuna gəlməyən digər görkəmli siyasətçilər də müntəzəm olaraq itir və öldürülürdü. Bənazir tez-tez demək olar ki, yersiz səbəblərdən xarici ezamiyyətlərdə olurdu. Nəhayət, Bhutto Pakistanda dəhşətli korrupsiyanın başlanğısını qoydu, başlıca oğru və rüşvətxor isə Bhuttonun maliyyə naziri təyin etdiyi əri Zərdari hesab edilirdi. Rüşvətlə bağlı qalmaqallarda Bənazirin əri, Pakistanın maliyyə naziri Asif Zərdarinin adı tez-tez hallanırdı, Pakistan elitasında Zərdariyə "cənab on faiz" ləqəbini vermişdilər. Deyilənə görə o, investorlardan Pakistana qoyduqları sərmayənin on faizini tələb edirdi. Onların "ailə kommersiya müəssisəsi" adlandırılan bu nazirliyin fəaliyyətinə 1990-ci ildə Nazirlər Kabinetinin tam istefası ilə son qoyulur. Zərdari isə 2 il həbs cəzasına məhkum edilir. Yeri gəlmişkən, sonralar Zərdari 2008-2013-cü illərdə Pakistan prezidenti postunu tutub.
Bütün bunlar onunla nəticələndi ki, 1990-ci ildə Pakistan prezidenti Qulam Xan, Bhutto kabinetini bütünlükdə istefaya göndərdi. Amma bu da Bhuttonun iradəsini sındırmadı: 1993-ci ildə o, siyasi arenada yenidən peyda oldu və öz partiyasını hökumətin mühafizəkar qanadı ilə birləşdirəndən sonra baş nazir kürsüsünü əldə etdi. 1996-ci ildə o, ilin ən populyar siyasətçisi olur və deyəsən əldə etdikləri ilə kifayətlənmək fikrində deyil: yenə də demokratik azadlıqlar sahəsində islahatlar, qəti addımlar. Onun ikinci baş nazirlik müddəti dövründə əhali arasında savadsızlıq təxminən üçdə bir dəfə azalıb, bir çox dağ rayonlarına içməli su və elektrik xətləri çəkilib, uşaqlar pulsuz tibbi yardım alıb, uşaq xəstəlikləri ilə mübarizə başlayıb. Onun hakimiyyəti dövründə ölkəyə qoyulan xarici sərmayənin həcmi də dəfələrlə artır, iqtisadi inkişafın artım templərinə görə Pakistan Hindistanı ötüb keçir. 1996-cı ildə Bhuttonun adı ilin ən populyar siyasətçisi kimi Ginnesin rekordlar kitabına düşür. O, Oksfordun fəxri doktoru adına, Fransanın "Fəxri Legion" ordeninə və bir sıra digər təltiflərə layiq görülür.
Amma yenə də onun ətrafındakıların korrupsiyası qadının şöhrətpərəst planlarına mane olub: ərinin adı rüşvət almaqda hallanır. Onun ünvanına yazılan günahlardan ən dəhşətlisi isə qardaş ölümündə əli olmasıdır. Ölkədəki qalmaqalın ciddi araşdırılmasını tələb edən Bənazirin qardaşı Murtuza, Kəraçidə polislə müəmmalı atışmada öldürülür. Onun ölümündə Bənaziri və ərini ittiham edirlər. Ölkədə islam xürafatçılarının nüfuzu artmağa başlayır. Ona görə də Bənazirin hökuməti 1996-cı ildə Əfqanıstandakı Taliban rejimini tanımağa məcbur olur. Bhutto terroru pisləyirdi, Üsamə Bin Ladeni özünün əsas düşməni hesab edirdi. Həmçinin Bin Laden də ona amansızcasına nifrət edirdi və hətta Qara Qızılgülün başını gətirəcək adama 10 milyon dollar mükafat vəd etmişdi. Buna baxmayaraq, digər radikal islam təşkilatları ilə, o cümlədən əfqan talibləri ilə siyasi danışıqlar aparırdı. Bununla belə həmin ilin sonunda Bənazirin kabineti istefaya göndərilir. 1999-cu ildə general Pərviz Müşərrəfin başçılığı ilə hərbçilərin hakimiyyətə gəlməsi isə onların vəziyyətini daha da ağırlaşdırır. Bhuttonun özü ölkəni tərk etməyə və Dubaya mühacirət etməyə məcbur olur. Əri Asif Zərdari isə rüşvətxorluğa görə 5 il həbsxanada yatır. Beynəlxalq məhkəmə 2003-ci ildə rüşvətxorluq və şantaj etməkdə ittiham edərək, Bhuttonun bütün hesablarını dondurur. Amma buna baxmayaraq, o, Pakistanın hüdudlarından kənarda fəal siyasi həyat sürürdü: mühazirələrlə çıxış edir, müsahibə verir və öz partiyasının dəstəklənməsi üçün press-turlar təşkil edir. Üç uşağı ilə London və Dubayda yenidən mühacir həyatı keçirən Bənazir Bhuttonun əri Asif Zərdari isə yalnız 2004-cü ildə azadlığa çıxandan sonra ailəsinin yanına qayıdır.

Möhtəşəm qayıdış və sui-qəsd

2007-ci ildə Pakistan prezidenti Pərviz Müşərrəf gözdən düşmüş siyasətçi ilə münasibətlərin düzəlməsi yolunda özü ilk addım atır. O, Bhuttonun korrupsiya və rüşvətxorluq haqda bütün ittihamlarını geri götürür və ölkəyə qayıtmasına icazə verir. Pakistandakı ekstremizmin artmasının
öhdəsindən gəlmək üçün ona güclü müttəfiq lazım idi. Bənazirin ölkəsində populyarlığını nəzərə alaraq, onun namizədliyi müttəfiqlik üçün ən yaxşı yol idi. Xüsusilə də Bhuttonun siyasətini Vaşinqton da dəstəkləyirdi və o, xarici siyasət dialoqunda əvəzedilməz vasitəçi ola bilərdi. Pakistana qayıdıb, Bhutto çox aqressiv siyasi mübarizəyə başlayır. 2007-ci ilin noyabr ayında Pərviz Müşərrəf ölkədə hərbi vəziyyət elan edir. Onun fikrinə görə ölkəni uçuruma aparan ekstremizmi yalnız radikal metodlarla dayandırmaq olardı. Bənazir də qətiyyən bununla razı deyildi və mitinqlərin birində prezidentin istefasının zəruriliyi barədə bəyanatla çıxış edir. Tezliklə o, ev dustağına götürülür, lakin yenə də mövcud rejimə qarşı fəal çıxış etməyə davam edir. "Pərviz Müşərrəf ölkəmizdə demokratiyanın inkişafı üçün maneədir. Mən onunla əməkdaşlığı davam etdirməyə ehtiyac görmürəm", o, ucadan belə bir bəyanatla dekabrın 27-də Ravalpindi şəhərində mitinqdə çıxış edir. Mitinq 2008-ci ilin yanvarda keçiriləcək parlament seçkilərinə həsr olunmuşdu. Mitinq başa çatır və Bənazir zirehli avtomobilə əyləşir. Son anda bir anlıq avtomobilin lükundən çıxaraq öz tərəfdaşlarına əl edir. Elə bu məqamda kütlə arasında olan təxminən 15 yaşlı terrorçu avtomobilə atəş açır. O , boğazından və sinəsindən iki güllə yarası alır. Bhutto heç vaxt zirehli gödəkçə geyinməzmiş... Bundan sonra isə ikinci kamikadze özünü partladaraq öldürür. Bhutto güclü kontuziyadan ayılmayaraq, xəstəxada keçinir. Kamikadzenin partlayışı isə 20-dən çox adamın həyatına son qoyur.

Bu qətl ictimaiyyəti hərəkətə gətirdi. Bənazirin ölüm xəbəri yayılan kimi Pakistanı iğtişaşlar və qarışıqlıqlar bürüyür. Bir çox ölkələrin liderləri Müşərrəfin rejimini pisləyən bəyanatla çıxış edərək, bütün Pakistan xalqına başsağlığı verir. İsrailin baş naziri Ehud Olmert Bhuttonun ölümünü şəxsi faciəsi kimi qəbul edərək, İsrail televiziyasında çıxışı zamanı cəsarətli və qətiyyətli "Şərqin dəmir ledi"sinə heyran olduğunu, məhz onun müsəlman və İsrail arasında bağlayıcı həlqə olduğunu deyir.
ABŞ prezidenti Corc Buş rəsmi bəyanatla çıxış edərək, bu terror aktını "alçaq" hərəkət adlandırır. Pakistan prezidenti Müşərrəf özü isə çox çətin vəziyyətə düşmüşdü: Bənazir tərəfdarlarının etirazları kütləvi iğtişaşlarlara səbəb oldu, izdiham "Rədd olsun qatil Müşərrəf!" şüarları səsləndirirdi.
Dekabrın 28-də Bənazir Bhutto vətəni Sind əyalətində ailə movzaleyində atasının qəbri ilə yanaşı dəfn olunub.

Sirli gözəl, kişilərin qibtə edə biləcəyi sərt siyasətçi

Bənazir Bhutto xarizmatik və ziddiyyətli şəxsiyyət idi. O, qəddar qonşusu Hindistanla münaqişəni dondurmağa nail oldu. Nəzərə alsaq ki, hər iki dövlət nüvə silahına malikdir və onilliklərlə ərazilərinə görə mübahisə edirlər, bu, onun Pakistana verdiyi ən böyük töhfə sayılar. Eyni zamanda bütün bu uğurlara baxmayaraq, şantaj, rüşvətxorluq və korrupsiya ölkə tarixində özünün qeyri-adi miqyasına çatmışdı. Onu sevirdilər, lakin siyasi və şəxsi səhvləri Pakistanda baş verən keyfiyyət dəyişikliklərinin üstündən xətt çəkirdi. O, pakistanlı və inanclı müsəlman idi, lakin ənənəvi mədəniyyətin əksinə çox qərarlar verirdi. O, böyük bir ailənin qayğıkeş anası, eyni zamanda zərrə qədər mərhəməti olmayan, opponentlərinə qarşı sərt siyasətçi idi. O, şərqin qızı idi: sirli gözəl, lakin eyni zamanda kişilərin belə qibtə edə biləcəyi sərt siyasətçi...
Bhuttonun əsas silahı sözləri, döyüş meydanı isə mitinqlər, siyasi debatlar və mətbuat konfransı idi. Pakistanın qara qızılgülü, xarizmatik siyasətçi xanım elə özünün döyüş meydanında da ömrünü başa vurdu.

Qardaşlarını yox edən, rəqiblərini öldürdən prezident qızı... - Bənazir Bhutto
Qardaşlarını yox edən, rəqiblərini öldürdən prezident qızı... - Bənazir Bhutto
Analitik.az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"