Mürdəşir: Elə olub, gün ərzində 10 cənazə yumuşam – MÜSAHİBƏ
Medeniyyet
Oxunub: 476
7 dek 2018 | 13:44
Mürdəşir: Elə olub, gün ərzində 10 cənazə yumuşam – MÜSAHİBƏ















Yer üzündə saymaqla bitməyəcək qədər peşələr var. Hər peşənin isə bir tarixi, formalaşma prosesi, xidmət etdiyi sahə və kütləsi var. Bu gün sizə danışacağımız peşə isə zaman-zaman bəlkə də hər birinizi düşündürür. Onlar bəlkə də dünyanın ən tanınmış həkimi, müəllimi ola bilməyiblər. Amma bütün insanların yolu bir gün onlardan keçir. Onlar el arasında mürdəşir(ölü yuyan) dediyimiz şəxslərdir. Müsahibim V.H (ad şərtidir) atasının 30 il, özünün isə 8 ildir davam etdirdiyi peşə haqqında maraqlı məqamlara aydınlıq gətirib.

Oxu.Az- mürdəşirlə müsahibəni təqdim edir:

– Yer üzündə çoxsaylı peşələr var. Niyə məhz ölü yumaq?

– Əslində mən bu peşəyə təsadüfən gəlmişəm. Maraqlı gəldiyi üçün incəliklərini öyrənməyə başlamışam…

– Ölü yumaq maraqlı gəlib? Bir balaca ətraflı danışardınız.

– Mənim atam uzun illərdir bu peşə ilə məşğul olub. Elə o vaxt rayon yerlərindən başlayıb, sonra 70 yaşına qədər davam edib. Səhhətində yaranan problemlərdən dolayı artıq çalışa bilmir. Mənim uşaqlığım da atamın ətrafında, məsciddə keçib. Bütün şəriət qaydalarına bələdəm. Səkkiz il bundan əvvəl bizim məscidə bir cəsəd yuyulmalı idi. Amma həmin an cəsədə su tökən şəxs işdə olmadığı üçün məndən xahiş etdilər. Mən də kömək üçün içəri girdim. Sonra ardıcıl olaraq bir müddət onu əvəz etdim. Elə oldu ki, həmin adam işdən ayrıldı və mən onun yerinə bu işi davam etdirdim. Bu işin incəliklərini öyrənə qədər illərdir bu işləri görən insanlardan yardım almışam.

– Hazırda neçə yaşınız var?

– 32 yaşım var, səkkiz ildir bu işlə məşğulam.

– İlk dəfə cəsəd görməsəniz də, birinci dəfə cəsəd yuyanda hansı hislər keçirdiniz?

– Təbii ki, bu elə bir şeydir ki, heç bir şəkildə ifadə etmək olmur. Əsas odur ki, mən ölüdən qorxmuram. Bir işi ilk dəfə görəndə hər kəsdə maraq olur. Mənə də maraqlı gəlirdi. Sadəcə olaraq birinci toxuna bilmədim. Çəkindim. Bir neçə dəfə bu işi gördükdən sonra adiləşdi. İlk dəfə yuduğum cəsəd çox ağır idi. Ümumiyyətlə cəsədlərin hər biri eyni çətinlikdə olmur.

– Çətin deyərkən nəyi nəzərdə tutursuz?

– Həmin cəsəd uzun müddət əvvəl öldürülüb bir kənara atılmışdı. Sonradan tapılmışdı. Çox çətin vəziyyətdə gətirmişdilər o cəsədi. Hər kəs bilir ki, cəsəd qaldıqca şişir və çox kəskin qoxusu olur. Birinci dəfə içəri girəndə dayana bilməmişdim. Otaqda çox kəskin qoxu olduğundan iki dəqiqədən sonra otaqdan çıxmışdım.

– Ümumiyyətlə sizin peşənizdə cəsədlər neçə qrupa bölünür və hansı səbəblərdən?

– Allah bütün ölənlərə rəhmət eləsin. Amma ölüm müxtəlif olduğu kimi cəsədlərin yuyulma prosesi də fərqli olur. İnsan var öz əcəli ilə evində dünyasını dəyişir, insan var maşın vurur cəsəd çox ağır halda gətirilir, insan var cinayətə qurban gedir bir müddət sonra tapılır. Suda boğulan, yanan insanların cəsədlərini yumaq çox ağırdır. Məsələn, tək yaşayan bir insan ola bilər evində öz əcəli ilə ölüb. Bir neçə gün sonra tapıblar. O cəsəd şişir, bədəndə orqanlar öz prosesini dayandırır, müxtəlif yataq yaraları yaranır. Bu isə kəskin qoxulara səbəb olur. Biz onları təmizləməliyik.

Bəzən düşünürlər ki, suda boğulan insanların cəsədlərinin yuyulmağa ehtiyacı yoxdur. Amma bu belə deyil. Bütün cəsədlər yuyulmalı, qüsl edilməlidir. Avtomobil qəzasında ölən insanlar var ki, cəsədləri parça-parça gəlir. Şəriət qanunlarına görə bu cür cəsədlərin yuyulması fərqlidir. Seçilən əzalar bir yerə yığılıb insan bədəninə bənzədilib elə yuyulmalıdır. O insandan geriyə bir barmaq belə qalsa, yuyulub dəfn edilməlidir.

İnsanlar var ki, şəkər xəstəliyindən barmaqları, əlləri amputasiya edilib. Həmin yerdə sümük varsa, o mütləq şəkildə yuyulmalıdır. Daha sonra qəbiristanlığın kiçik bir hissəsində murdar heyvanların gəzmədiyi bir yerdə basdırmaq kifayətdir. Yanmış insanlarda isə daha ağırdır. Bıçağın ucu ilə dərinin üstü ehtiyatla qaşınır. Əgər yanığın altında bir az da olsun salamat dəri qalıbsa, o cəsəd şəriət qaydalarına uyğun şəkildə yuyulmalıdır. Yox əgər belə deyək kömürdən başqa bir şey qalmayıbsa o cəsəd təyəmmüm edilir.

Yəni, artıq onu su ilə paklamaq olmaz deyə, şəriətin yüngülləşdirici hökmündən – yəni təyəmmümdən istifadə edərək pak torpaqla yuyulur. Bu torpaq təmiz olmalıdır. Yeri qazıb dərinliyindən təmiz torpaq çıxardıb istifadə etmək olar. Şkafın üstündə əl dəyməyən yerdə olan toz belə istifadə edilə bilər.

Donaraq ölən cəsədlər olur, insult keçirən, fiziki qüsurlu, əlil insanlar olur ki, onların bədənində müəyyən qüsurlar olur. Əli və ya ayağı tam açılmır. Bəzən onlara isti su vuranda damarlar yumşalır nisbətən düzləşdirmək olur. Bəzən isə mümkün olmur. Qəti şəkildə meyitə təzyiq etmək olmaz. Onu olduğu kimi və mümkün qədər səliqəli kəfənləmək lazımdır.

– Siz bu prosesə girəndə hansı dini rituallara əməl edirsiniz?

– Dəstəmaz alıb, qüsl edildikdən sonra əlcəklər, maska və xüsusi geyimlər var ki, onlardan istifadə edirik. Ümumiyyətlə bizim əlimiz cəsədə dəyməməlidir. Şəriət qanunlarına görə, əgər əlimiz cəsədə dəydisə onun yuyulması artıq bizim boynumuza yüklənir. Kəskin qoxulu cəsədlər olanda əleyhqaz geyinirik ki, heç bir qoxu hiss etməyək. Biz proses müddətində yalnız cəsədi görürük, heç bir qoxu duymuruq.

-Ekspertizadan gələn cəsədlərin yuyulması necə ? Fərqlilik olurmu?

-Fərqlilik yoxdur. Sadəcə ekspertizadan gələn cəsədlər müəyyən səbəblərdən yarılır. Bədənə müxtəlif maddələr vurulur. Ona görə mütləq cənazə yuyulmalı və qüsl verilməlidir. Amma bir məqam var ki, bəzən cəsədləri tikəndə səliqəsiz tikirlər. Ət ətin üzərinə düşür. Bu zaman bədənin bütün nahiyyələrinə su dəymədiyi üçün qüsl vermək olmur. Çətinlik deyəndə bunu nəzərdə tuturam.

– Bir ölünün şəriət qanunlarına uyğun şəkildə yuyulması və kəfənlənməsi nə qədər müddət aparır?

– Təxminən bir saat, bəzən iki saata qədər çəkə bilir. Bu cəsədin hansı vəziyyətdə olmasından asılıdır. Bədənində yaralar varsa, biz onları təmizləyirik. Bədəndə qanaxmalar varsa, qan dayanana qədər gözləyirik. Bəzən elə cəsədlər gəlir ki, ona su vuranda damarlar partlayır. Qanaxma isə dayanmaq bilmir. Bu məqamlardan asılı olaraq dəqiq vaxt demək çətindir.

– Ölü yuyulan zaman kişilərdə və ya qadınlarda saçlar, dırnaqlar təmizlənir?

– Bilirsiniz, əgər meyiti yuyan zaman ikrah hissi oyadacaq dərəcədə səliqəsizlik varsa, bəli, o məqamlar aradan qaldırılır. Təmizlənir. Kişilərdə saç, saqqal bədənin müəyyən nahiyələrində natəmizlik varsa təmizlənir, paklanır. Diqqətli olmaq lazımdır ki, kəsilməsin. Meyittə kəsilən yarada qan dayanmır. Qadınların dırnaqlarında lak varsa, mütləq şəkildə təmizlənir. Bədəndə tatu varsa, günah sayılır, amma onunla qüsl məqbul hesab edilə bilir. Əsas odur ki, su dəriyə toxunur. Bundan başqa üzərində zinət əşyaları varsa çıxarılır. Dişində qızıl varsa ailəsindən soruşulur. İstəsələr çıxarıb satanlar da olur, istəməsələr onunla dəfn oluna bilir.

– Ümumiyyətlə cəsədlər soyuq yoxsa isti su ilə yuyulmalıdır?

– Əslində məqbuldur ki, isti su ilə yuyulsun. Amma isti su qanaxmanı artırır. Bəzən elə cəsədlər olub ki, biz ona isti su vura bilməmişik, məcbur nisbətən ilıq su ilə yumuşuq. Bu səbəbdən elə olur ki yuaqda (ölü yuyulan otaq) 3 saata qədər də qalmışam.

– Yuyulma prosesində nələrdən istifadə edilir?

Mürdəşir: Elə olub, gün ərzində 10 cənazə yumuşam – MÜSAHİBƏ













Şəriət qanunlarına görə, yuyulma hökmündə meyitin paklanması üçün əsas üç qüsl var. Meyiti 10 gün suda da saxlasalar onu paklamaq üçün bu kifayət etmir. Vacibat olaraq- sidir, kafur, abuxalis qüslu verilməlidir. Yalnız bundan sonra insan meyitə toxunsa da onun boynuna qüsl gəlmir.

Cəsədin qüsl verilənə qədər yuyulmasında isə sabun və sudan istifadə edilir. Meyiti qəti şəkildə sürtmək olmaz. Cəsədləri də qadınları qadın, kişiləri isə kişi yuyur. İstifadə edilən əşyalar ölən şəxsin yaxınları tərəfindən də alına bilir. Yəni eyni əşyalarla bir neçə meyit yuyula bilməz. Meyit yuyulduqdan sonra birinci sidir, daha sonra kafur, sonda isə adi su ilə qüsl verirsən. Cənazəyə uzadılmış yerdə qüsl vermək olmaz, mütləq şəkildə sağ-sol çiyin üstünə qaldırılmalıdır. Cənazə paklanır, qurulanıb kəfənlənib ailəsinə təhvil verilir.

– “Şəhidlər qanı üzərində dəfn edilməlidir” deyə ifadə var. Bu şəriət qanunlarına görə məqbul hesab edilə bilərmi?

– Bütün şəhidlərin ruhu şad olsun. Belə bir fikrin mövcudluğu doğrudur, amma bu məsələ ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Şəriət qanunları buyurur ki, dünyadan köçən şəxsin yuyulmağa cəsədi varsa, o yuyulmalıdır. Dəfələrlə şəhid cənazəsi gəlib ki, biz ürək ağrısı ilə onların cəsədlərini yumuşuq.

– Vətən xainləri, intihar edən şəxslər, içki içib, narkotik maddə qəbul edib ölənlər necə, müsəlman qaydalarına uyğun basdırılırmı?

– Əslində vətən xainləri və Allahın verdiyi cana qıyan şəxslər və digərlərinə şəriət qanunlarına görə yuyulmaq, namaz düşmür. Onlar günahkar hesab olunurlar. Amma buna baxmayaraq yenə də biz öz üzərimizə düşəni edirik. Gerisi qalır Allahla onların öz arasında. Sorğu-sual zamanı Allah dərgahında törədilən əməllərə görə hər kəs özü cavab verəcək.

– Bilirsiniz ki, cəmiyyətdə həyatının bir hissəsini qadın, digər hissəsini isə kişi kimi və ya əksinə yaşayan insanlar (transseksual) var. Onların yuyulması necə olur?

– Bu sual çox insanı maraqlandırır. Hərdən şəriət qaydalarını bildiyim üçün məndən bu barədə soruşanlar olur. Bu məsələdə müxtəlif məqamlar var. Belə ki, tibdə də sübut olunub ki, iki cinsiyyət orqanı ilə dünyaya gələn insanlar var. Bu məqamda anadangəlmə problem olduğu üçün şəriət qaydalarına görə, cəsəd yuyulmazdan əvvəl onun yaxınlarına sual olunmalıdır. Bu insan ölməzdən öncə yaxın yoxsa uzaq məsafədən sidiyə gedib? Cavabdan asılı olaraq əgər yaxın məsafədən sidiyə gedibsə qadın kimi yuyulur, əksi təqdirdə isə kişi kimi. Mən səkkiz ildir bu peşədəyəm amma belə meyitlə rastlaşmamışam.

Amma meyit olub ki, gətiriblər, ilk olaraq deyiblər kişidir. Cəsədə baxmışıq ki, qurşaqdan aşağı qadın orqanlarıdır, yuxarı hissəsi isə kişi. Biz onlara “xonça” deyirik. Bu zaman həmin ölünün yaxınlarından onun həyat tərzi soruşulmalıdır. Ailə yaxınları desə ki, qadın kimi yaşayıb onda qurşaqdan aşağını qadınlar yuyacaq, yuxarını isə kişilər. Daha sonra da eyni qayda ilə kəfənlənəcək.

– Bəs bu insanlar cinsiyyətini dəyişdiyi üçün dində də onlar belə qəbul edilir yoxsa necə?

– Xeyr. Dinimiz bunu böyük günah kimi qəbul edir. Onlar İslam dininə gör böyük günah işlədiblər. Amma cism olaraq, bədən olaraq, yaşayış tərzinə uyğun olaraq biz onları şəriət qanunlarına uyğun yuyub, kəfənləyib, ailəsinə təhvil veririk. Əslində o cür insanlar dinə görə, qəbiristanlığın ayaq dəyməyən bir küncündə dəfn edilə. Amma hər kəsin əzizi özünə günahsızdır. Bu səbəbdən normal insanlara qılınan namaz onlara da qılınır.

– Qadın bətnində körpəsi ilə dünyasını dəyişərsə, ana bətnindən körpə çıxarılır yoxsa necə ?

– Bəli, şəriət qaydalarına görə, uşaq ana bətnindədirsə sadəcə ana yuyulur, qüsl verilir. Körpə ana bətnindən çıxarılmır. Amma əgər uşaq əməliyyatla ana bətnindən çıxarılıbsa, ana da uşaqda yuyulub qaydalara uyğun kəfənlənməlidir. Hətta üç aylıq düşük yaşansa belə, o da yuyulmalıdır. Azyaşlılar isə üç yaşına qədər cinsiyyət fərqi qoyulmadan yuyula bilər.

– Meyitlər yuyulduqdan sonra nə üçün pambıqdan istifadə edilir. Bunun anlamı nədir?

– Pambıqdan istifadənin əsas səbəbi meyit yuyulduqdan sonra bədəndə bütün hüceyrələr aktivləşir. Bütün orqanlar qanı bədəndən geri ifraz etməyə başlayır. Biz o qanı mümkün qədər yuyuruq ki, meyitə qüsl verəndən sonra qan meyitin üzərinə axıb onun qüslunu pozmasın.

Pambığı xüsusilə burun, ağız və arxa nahiyəsinə qoyuruq. Çünki, bədənin məhz bu hissələrindən axıntı ola bilər. Şəriət qanunlarında buyurulub ki, meyit kəfənləndikdən sonra əgər kəfənin üzərinə noxud boyda qan ləkəsi düşərsə, o kəfən yenidən açılıb dəyişdirilməlidir.

Əgər nisbətən kiçik qan ləkələri görülsə, o zaman sadəcə həmin hissə kəsilib yerinə təmiz parça tikilməlidir. Bundan başqa biz cəsədlərə sidr kafu vururuq ki, 40 gün ərzində torpağın altında meyitə heç bir həşərat yaxın gəlməsin. 40 gündən sonra şəriət qanunlarına görə ət sümükdən ayrılır.

– Dediyiniz sidr kafu haradan əldə olunur?

– Əksər hallarda biz onu İrandan alırıq.

– Əcnəbi vətəndaşı İslam şəriətinə uyğun yumaq olurmu? Vəsiyyət məsələsi necədir?

-Əgər sağlığında İslam dinini qəbul edibsə, bəli. Yox əgər İslam dinini qəbul etmədən dünyasını dəyişibsə, o zaman xeyr. Vəsiyyət məsələsini nəzərə alırıq. Əgər ölən insan onu yumağı ailə üzvlərindən kiməsə tapşırıbsa, onlar bizimlə birlikdə həmin prosesdə iştirak edə bilirlər. Biz onlara kömək edirik cəsəd yuyulur. Daha sonra qüsl verib kəfənləyirik.

– Bilmək istərdim İslam dinində peşə olaraq “ölü yumaq” buyrulubmu?

– Bu məsələ İslam dinində buyurulmayıb. Əslində bir mürdəşir bir də qəssablıq İslam dininə görə insan qəlbini daşlaşdırır. İnsanda mərhəmət hissini öldürür. Ölüm o qədər adiləşir ki, bu insanları zalımlaşdırır. Sırf bu səbəbdən dində bu iki iş peşə kimi buyurulmayıb və qəbul edilmir. Amma əvvəllər atalar-babalar-nənələr öz ölüsünü özləri yuyurdu.

İslamda da buyurulub ki, hər bir insan yeddi ölü yumalıdır. Amma bunu peşə halına salmaq düzgün qəbul edilmir. Belə məqamda var ki, ailəsi ölən adamı gətirir və heç yaxın durmur. Belə olanda bizim o meyiti yumaq kimi borcumuz yoxdur. Ölü yiyəsi mən yumuram, siz yuyun deyirsə, artıq o bizim haqqımızı verməlidir. Bir insanın haqqı bir başqasının üstündə qala bilməz.

Amma elə də olub ki, kimsəsiz, kasıb ailə gəlib. Həqiqətən də onun imkanı olmayıb ölüsünü yudurtmağa, şəriət qaydalarından da xəbərsizdir. Biz onlara haqqımız halal edərək, meyitlərini yumuşuq. Heç bir təmənnasız yuyub, kəfənləyib təhvil veririk.

– Deyirsiniz, bu peşə dində məqbul hesab edilmir, ona görə ki, insanı qəddarlaşdırır. Bəs siz necə, 8 ildə zalım, qəddar insana çevrilmisizmi?

– Bilirsiniz, mən bunu dedim. Amma bunu hər adama şamil etmək olmaz. Mən bu gün heç tanımadığım bir insanın ölüsünü yuyanda kövrəlirəm. Narahat oluram. Bu işdə də, qeyri işdə də insan sırf pul üçün çalışmamalıdır. Bir qədər vicdanlı olmaq lazımdır. Mən də insanam. Mən sırf pul xətrinə gəlib heç bir qayda-qanun bilmədən meyitlərə yaxınlaşa bilmərəm. Kimliyindən asılı olmayaraq hər kəs vicdanlı olmalıdır.

– Yaxşı məqama toxundunuz, demişdiniz təsadüfən gəlmisiniz bu peşəyə. Hər hansı bir adam mən sabahdan meyit yuyan olacam deyib, bu peşəyə gələ bilər? Cəmiyyətdə şəriət qaydalarını əzbər bilən nə qədər adam varki? Kim biləcək içəridə nə baş verir. Ümumiyyətlə bir insanı bu peşəyə gəlməyə nə vadar edə bilər ki?

– Çox maraqlı bir məqama toxunursunuz. Mən şahidi olmuşam ki, heç bir şəriət qanunu bilməyən insan meyit yumağa cəhd edib. Mənim yaşım az olsa da, mən Allah yanında günah qazana bilmərəm. Mənim ürəyimdə Allah qorxusu var. Olub ki, şahidi olmuşam ki, prosesi düzgün ardıcıllıqla aparmayıblar, yaxınlaşıb demişəm ki, siz kənara durun mən yuyum. Eybi yox zəhmət haqqını siz alın. Amma mən göz görə-görə sizin meyiti qaydalara uyğun olmayan şəkildə yumanıza baxa bilmərəm.

– Ailəlisiniz? Peşəniz sizə problem yaşatmır ki?

– Ailəliyəm, övladım da var. Amma bununla bağlı heç bir problem yaşamıram. Mən heç kimdən haqqım olmayan heç nəyi tələb etmirəm. Vicdanımla işimi görürəm və haqqımı alıram. Hər kəs kimi normal həyatım var.

– Gün ərzində ən çox neçə cənazə yumusunuz?

Elə olub gün ərzində 10 cənazə yumuşam. Bəzən də olub bir, beş meyit.

– Bu sizin psixologiyanıza necə təsir edir? Həyat tərzinizə, yuxularınıza mənfi təsir etmir ki?

– Xeyr. Artıq adiləşib. Təzə-təzə bu işi görəndə artıq cəsəd görmək istəmirdim. Cənazə deyəndə narahat olurdum. Mən ümumiyyətlə həyatım boyu yuxu görməmişəm. Heç bir problemim də olmayıb. Həmişə fikrimdə o olub ki, cənazəni yuyarkən səhvə yol verməyim.

– O səhv nə deməkdir?

– Ölünün yuyulması zamanı vacibatlar var. Meyit yuyularkən yeddi əzaya hənud vurulmalıdır. Bunu unutmaq olmaz. Namaz qılarkən yerə dəyən yeddi əza- ayaq barmaqların ucu, dizlər, əllərin içərisi və alına hənud vurulmalıdır. Əgər bunu unutmusansa və ya qəsdən vurmamısansa, kəfənləyib meyiti ailəsinə təhvil vermisənsə, bunun fərqinə varan kimi o cəsəd qəbirdən çıxarılıb hənud vurulub, yenidən dəfn olunmalıdır.

Ən mümkünsüz ehtimalda ölü yaxınları bunu pis qarşılasa, ən azında o hənud (sidir kafu) qəbirsitanlıqda onun torpağının üstünə səpilməlidir. Ailə yaxınlarından da üzr istənilib halallıq alınmalıdır. Bunu etmədikdə Allah qarşısında cavab verə bilməzsən. Bu meyitə hörmətsizlikdir.

– Dediyiniz məqam heç öz başınıza gəlib?

– Bəli bir dəfə başıma gəlib, amma yadımdan çıxıb. Qəsdən etməmişəm. Amma tez xatırlamışam və maşından geri qaytarıb səhvimi düzlətmişəm.

– Bu dediyiniz məqam çoxlarının ürəyində sual yaradacaq. İnsanlar ölən adamlarının şəriət qanunlarına uyğun yuyulub kəfənləndiyini hər hansı bir şəkildə müəyyən edə bilirmi? Yoxsa bu vicdan məsələsinə güvənmək məcburiyyətindədirlər?

– Bunu heç cür bilmək olmaz. Dediyim kimi bilinən tərəfləri kəfənə qan ləkəsinin düşməsidir. Ondan başqa heç bir prosesin hansı tərzdə aparıldığını müəyyən etmək mümkün deyil. Yalnız gərək ailə yaxınlarından şəriət qanunlarını bilən bir kəs içəridə ola və prosesə nəzarət edə. Qalan bütün hallarda bu vicdan məsələsidir. Bu elə bir şeydir ki, sən səhv edə bilməzsən. Sağ insana qarşı səhv edərsən, bunu nə vaxtsa izah edib halallıq alarsan.

Amma ölən insana qarşı hörmətsizlik etmək olmaz. Sən onun halallığın ala bilməzsən. Meyitlə əşya kimi davranmaq olmaz. İncitmədən, asta-asta davranmaq lazımdır. O son olaraq sənin əlindən çıxır və Allah dərgahına qədər ona bir də heç kim toxunmur. Bunun məsuliyyəti ağırdır. Sadəcə dərk etmək lazımdır. Cənazə yuyulan zaman ruhu onun yanında olur.

– Bir ölünün yuyulma haqqı nə qədərdir? Dində bu barədə qeyd varmı yoxsa fərqli qiymətlərdir?

– Dediyim kimi, insanlar olub ki, mən onları təmənnasız xidmət göstərmişəm. Amma bu barədə danışmaq istəmirəm.

– Olubmu ki, meyit yuduğunuz zaman həyat bəlirtiləri göstərsin? Kliniki ölüm deyilən an olur.

-Belə bir şey ola bilməz. Çünki, insan öləndə ilk olaraq ona həkim tərəfindən ölüm kağızı verilir. Ölü yiyəsi onu məscidə gətirən zaman biz mütləq ölüm kağızına baxırıq. Daha sonra yuyulma prosesinə başlayırıq. Ümumiyyətlə meyit xırıldaya bilər. Bu o demək deyil ki, insan sağdır. Sadəcə olaraq ciyərlərində qalan hava deyərək izah edim ki, belə bir bəlirtilər ola bilər. Hərdən bundan qorxub cəsədə yaxın getmirlər. Amma bu insanın dirilməsi demək deyil.

-Bu peşəni bütün çətinliklərinə rəğmən davam etdirirsiz. Başqa şansınız olsa yenə davam etdirərsiz?

– Düşünürəm ki, xeyr. Təsadüfən gəlmişəm və davam etdirmişəm. Amma şəxsən mən öz ailəmdən kiminsə bu işi davam etdirməsini istəmərəm. Düzdü mən maraq xatirinə gəlmişəm. Sabah övladıma maraqlı olsa belə icazə vermərəm. İstəmərəm bu peşəni seçsin və ya məcbur qalsın.

Bu gün mənim şəraitim olsa bu peşədən uzaqlaşaram. Amma nə vaxtsa harada və kimlə olduğumdan asılı olmayaraq görsəm ki, kiməsə bu işdə kömək lazımdır, cənazə qalıbsa, şəriət hökmlərini bildiyim üçün o cənazəni yumaq borc kimi mənə düşür.

Cənazəni yuyan olmasa vacibat kimi bunu edərəm, başqa hallarda uzun illər davam etdirmək istəmərəm. Bu Allahın buyurduqlarına riayət etmək vacibatdır. Hər kəsin bir qisməti var və buna müdaxilə etmək olmur.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb