Zakir Həsənovdan şok mesajlar: xəbərdarlıqlar kimlərədir?
Siyaset
Oxunub: 12 383
15 iy 2017 | 11:14
Zakir Həsənovdan şok mesajlar: xəbərdarlıqlar kimlərədir?













Azərbaycan müdafiə nazirinin Rusiya agentliyinə sensasion müsahibəsinin pərdəarxası; Nazir: “Aprel döyüşlərinin artıq ikinci günündə Rusiyanın müdafiə naziri Şoyqu zəng vurdu, dedi ki...”; “Ermənilər, əgər heç kəs işə qarşımasa heç üç gün davam gətirməyəcəklər”, deyən müdafiə nazirinin mesajlarının kodlarında nələr var?; Ekspertlər: “Ermənistan çaşqınlıq içərisindədir...”

Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyanın dövlət agentliyi olan “RİA-Novosti”yə müsahibə verib. Bu, nazirin xarici KİV-lərə verdiyi ilk geniş müsahibədir. Zakir Həsənov müsahibədə cəbhədə baş vermiş son insidentlərdən, Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan, ötən ilin aprel döyüşlərindən və digər məsələlərdən danışıb.

Nazir Zakir Həsənov bildirib ki, ermənilər bilir ki, əgər heç kim işə qarışmasa, heç üç gün də Azərbaycan ordusunun qarşısında davam gətirə bilməyəcəklər. Nazir deyib ki, 2016-cı ilin aprelində də belə oldu. Əgər onda bizi dayandırmasaydılar ermənilərin müqavimətlərini artıq sındırmışdıq. Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yarıb keçdik: “Ən böyük qarşıdurma 2016-cı ilin aprelində oldu. Səbəb isə mülki əhalinin atəşə tutulması idi. O vaxt, aprelin 1-də ermənilərin artilleriya zərbəsi nəticəsində Tərtərdə bütöv ailə həlak oldu, maşının içində. Təbii ki, bu haqda mənə məruzə etdilər. Bu, haradasa saat 10, yaxud 11-in yarısı idi. Və ermənilərin həmin mövqelərinin yüksəkliklərdə yerləşməsini və oradan bütün kəndi, ətraf əraziləri nəzarətdə saxladıqları nəzərə alınaraq qərar qəbul edildi ki, atəş nöqtələrini yaşayış məntəqələrindən kənarlaşdıraq. Məqsəd tammiqyaslı müharibə başlamaq deyildi. Bu əməliyyatlara bizim ordumuzun cəmi 15-20 faizi cəlb olunmuşdu. Mən hətta ehtiyat qüvvələri və mərkəzi komandanlığa tabe olan artilleriyanı da cəbhəyə yeritmədim. Ordu həmin vəzifənin öhdəsindən gəldi, Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrindən geriyə çəkilməyə məcbur etdi. Ermənistan isə buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini döyüşə atdılar. İrəvandan ehtiyat qüvvələr cəlb olundu. Üç gün ərzində onlar bizim mövqelərə hücum etdilər. Hərçənd döyüşlərin artıq ikinci günündə Rusiyanın müvafiq strukturları vasitəçilik fəaliyyətinə başlamışdı. Məsələn, mənə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng vurdu. O dedi ki, ”bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərləri bu haqda danışacaqlar. Habelə Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş Qərargah rəisinə zəng vurdu.

Daha sonra artıq bəlli oldu ki, erməni tərəfi fürsətdən istifadə edib vaxt udmaq, yenidən qruplaşmaq və zərbə endirmək istəyir. Lakin bu da onlarda alınmadı. Prinsipcə, biz qarşımıza hansı vəzifəni qoymuşduqsa, onu yerinə yetirdik-iki strateji yüksəkliyi azad elədik. Cəbrayıl istiqamətində Lələtəpə yüksəkliyini və şimal istiqamətində Talış yüksəkliklərini".
Nazir qeyd edib ki, son illərdə Ermənistan qoşunları ilə təmas xətti boyu gərginlik artan xətt üzrə gedir. Səbəb birdir-Azərbaycan ərazilərinin işğalı. Bütün qalanlar nəticədir. İşğal edilmiş ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir. Təbii ki, belə vəziyyətdə qoşunların təmas xəttində vəziyyət gərginləşir, hərdən lokal toqquşmalar olur-bu da normaldır. Nə qədər ki, iki düşmən ordu üz-üzə dayanıb, belə olacaq. Lakin zərbə məqsədli şəkildə yaşayış məntəqəsinə endirilirsə bu, artıq cinayətdir.

Zakir Həsənov bəyan edib ki, Azərbaycan rəhbərliyi başda Ali Baş Komandan İlham Əliyev olmaqla, ordunun gücləndirilməsinə, onun ən yeni silahlarla təchizatına böyük diqqət ayırır. Biz keyfiyyətcə yeni mərhələyə çatmışıq. Son illərdə ordunun modernləşdirilməsi, gücləndirilməsi vəzifəsi qarşıya qoyulub: “Bizim ölkəmiz məsələnin dinc yolla həllinə sadiqdir. Lakin bu o demək deyil ki, danışıqlar sonsuzadək davam etməlidir, danışıqlar onsuz da çox uzanıb. Danışıqlar naminə danışıqlar heç kimə gərək deyil. Üstəlik, ətrafa baxın - beynəlxalq qanunlar işləmir, hamı gücə stavka edir. Təbii ki, biz də buna reaksiya verməliyik. Lakin təkrar edirəm, mən siyasətçi deyiləm, hərbçiyəm”.

Nazir Azərbaycanla Rusiya arasında 2010-cu ilin əvvəllərində bağlanmış irimiqyaslı silah alınması müqaviləsinin 90 faizinin yerinə yetirildiyini, müasir hərbi texnikanın hamısının Azərbaycana alınıb gətirildiyini, elə həmin silahların da sayəsində ötən ilin aprelində uğur əldə etdiyimizi vurğulayıb.

Z.Həsənov müsahibəsində onu da bildirib ki, rəsmi Bakı Suriyada ruslar tərəfindən keçirilən əməliyyat təcrübəsini öyrənir və Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən məlumatların öz regionunda tətbiq edilməsini nəzərdən keçirir və bu barədə Sergey Şoyqu ilə də fikir mübadiləsi aparılıb.

Nazir Zakir Həsənovun müsahibəsindən hansı nəticələr çıxarmaq olar? Nazirin “bizi dayandırmasaydılar, məsələ həll olacaqdı” şəklində açıqlaması nələrə işarədir?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, nazir Zakir Həsənovun Rusiyanın dövlət agentliyinə - “RİA-Novosti”yə verdiyi müsahibə son dövrlərin ən ciddi hadisələrindən biri sayıla bilər. Bu günədək nə ölkə, nə də xarici mediada Azərbaycanın müdafiə nazirlərinin bu qədər ciddi məqamları əhatə edən müsahibəsinə rast gəlinməyib. İlk hadisə olduğu üçün də, təbii ki, ciddi maraq doğurub. Müsahibə Rusiyanın dövlət agentliyi tərəfindən götürüldüyü üçün Ermənistanın reaksiyası nəzərə çarpmır. Yalnız Ermənistanın müxalif mövqedə dayanan və kənardan idarə olunan informasiya portalları Azərbaycan müdafiə nazirinin müsahibəsinin bəzi məqamlarına yer ayırıb: “Ermənistanın adətən vahid komanda ilə hərəkətə gələn şərhçilərinin də səsi çıxmır. Görünən odur ki, işğalçı ölkə çaşqınlıq içərisindədir. Müdafiə nazirinin müsahibəsində ən önəmli məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzv ölkələrini də öz təxribatlarının əsirinə çevirməsi ilə bağlıdır. Zakir Həsənov deyir ki, əgər heç kəs işə qarışmasa, ermənilər heç üç gün davam gətirməyəcəklərini yaxşı bilirlər. Bu, kifayət qədər açıq və birmənalı mesajdır və həm Ermənistana, həm də KTMT üzvü olan ölkələrə və təbii ki, ilk növbədə Rusiyaya ünvanlanıb. Bu fikirlərin Rusiyanın dövlət agentliyində yer alan müsahibədə ifadə olunması fərqli aspektlərdən dəyərləndirilə bilər. Təbii ki, bu yanaşma ilk növbədə Azərbaycanın mövqeyini ifadə edir və Ali Baş Komandanın bu günə qədər səsləndirdiyi bəyanatların bəzi tezislərinin müdafiə naziri tərəfindən təkrar ifadə olunmasıdır. Bu fikirlərin Rusiyanın dövlət agentliyi tərəfindən yayımlanmasını isə Ermənistanın siyasi rəhbərliyi ola bilsin ki, dolayısıyla həm də Moskvanın xatırlatması kimi qəbul edə bilər. Yəni ”əlimizi üzərinizdən çəksək Azərbaycan sizi 3 günə məhv edə bilər". Şübhəsiz ki, bu barədə konkret fikir söyləmək çox çətindir. Amma onu da qeyd edim ki, bu fikri Sergey Şoyqunun zəngi ilə bağlı məsələ də müəyyən dərəcədə əsaslandırır.

Nazirin müsahibəsində baş verən təxribatların bilavasitə Azərbaycan torpaqlarının işğal altında olmasından qaynaqlandığını vurğulaması da diqqət çəkir. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar müəyyən müddətə dayandırıla bilər, əsas məsələ işğal faktı ilə bağlıdır. Yerdə qalan nə varsa təfərrüatdır. Bu baxımdan da Rusiya gərginliyə səbəb olan amilin-işğalın aradan qaldırılmasına dəstək verməlidir. İşğalın doğurduğu nəticələrin müvəqqəti olaraq aradan qaldırılması problemin həlli deyil".

Politoloq hesab edir ki, nazirin Rusiyanın Suriyadakı təcrübəsinin öyrənilməsi, dünyada hamının gücə istinad etməsi və Azərbaycanın da bu reallığa reaksiya verməsi ilə bağlı fikirləri də çox ciddi mesajlardır: “Müsahibədə diqqət çəkən məqamlardan biri də 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar zamanı uğurun əldə olunmasında Rusiya silahlarının da payının olması ilə bağlı fikirlərdir. Müsahibə münaqişənin həlli ilə bağlı yaranmış vəziyyəti və Azərbaycanın mövqeyini ifadə edən fikirlərlə zəngindir və təbii ki, bütün məqamlara toxunmaq mümkün deyil. Bunun Rusiya ilə hər hansı bir razılaşmadan qaynaqlandığını isə düşünmürəm. Rusiya ilə bağlı məsələlərdə yalnız mövcud faktlara istinad etmək daha doğru olar. Mənə görə, Rusiyanın yalnız konkret zaman kəsiyindəki maraqlarına uyğun şəkildə hərəkət edir. Bu maraqların indiki məqamda nələrdən ibarət olduğunu yalnız ehtimal etmək olar. Ola bilsin ki, Moskva danışıqlar prosesində dinamika əldə etmək, hansısa qısamüddətli strateji planlarını həyata keçirmək istəyir. Yaxud sadəcə, öz silahlarını satmaq, Azərbaycanın artan hərbi gücü qarşısında Ermənistanı özünə daha çox bağlamaq istəyir. Və ya Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi paralel olaraq Avrasiya İttifaqı və digər layihələrin perspektivi ilə bağlı müsbət təbliğat fonu yaratmaq niyyətindədir. Ehtimalların sayını artırmaq olar, amma önəmli olan odur ki, Rusiyanın dövlət agentliyinin vasitəsilə Azərbaycanın hərbi gücünün üstünlüyü etiraf olunub, hətta ”İsgəndər" raketlərinin belə Ermənistanı qoruya bilməyəcəyi işğalçının diqqətinə çatdırılıb. Bütün bunlarsa çox ciddi amillərdir".

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, müdafiə naziri Zakir Həsənov müsahibəsində çox uğurlu bir yanaşma ortalığa qoyub: “İndi hərə öz prizmasından, öz mövqeyindən bu müsahibəyə şərh verməyə çalışır. Mən isə bir qədər fərqli mövqedəyəm. Yəni Azərbaycan tərəfinin qarşı tərəfə, həmçinin ATƏT-in bivec Minsk Qrupuna yönəlik də xeyli açıqlamalar və mesajları görmək mümkündür. Daha çox Rusiyaya yönəlik açıqlama var ki, əgər 2016-cı ilin aprel ayında siz xahiş etməsəydiniz, bəlkə də bu gün tamam başqa mənzərə olacaqdı ortalıqda. Nazir bununla Moskvaya demək istəyir ki, siz Ermənistan tərəfinin xahişini etdiniz, biz də sizi eşitdik və ümid edirdik ki, bu müddət ərzində siz işğalçı ilə lazım olan söhbətləri edəcəksiniz ki, o ağıllansın və Azərbaycanın işğal altındakı ərazilərindən geri çəkilsin, faktiki isə ortalıqda heç nə yoxdur. Nazirin ”danışıqlar prosesində heç bir irəliləyiş yoxdur" sözləri də məhz bu anlama gəlir. Müdafiə naziri Rusiyanı fəal olmağa, Azərbaycan kimi mühüm strateji müttəfiqini bir çox sahələr üzrə itirməməyə çağırıb. Eyni zamanda Zakir Həsənov Qarabağ münaqişəsi ilə bağlı tez bir zamanda qəti qərarlar qəbul edilməsinin də vacibliyini dilə gətirib. Düşünmürəm ki, bizim nazir bu açıqlamaları ilə Rusiyanın demək istədiklərini Ermənistan tərəfinə çatdırıb. Əksinə, bəlkə də rəsmi Moskva üçün düşünməkdən ötəri bir sıra vacib məqamlar var ki, indi onlar da yəqin bu açıqlamaları incələməkdədirlər. Vəziyyət isə həqiqətən də gərginləşməkdədir. Azərbaycan tərəfi elə boş yerdən bu narahatçılıqları dilə gətirmir. Düşmən demək olar ki, bütün mümkün olan və olmayan cizgiləri keçib. Bizim nəyin bahasına olursa olsun bu məsələni həll etmək üçün əməli addımlar atmaqdan başqa çıxış yolumuz qalmır. Biz hələ də tez bir zamanda rəsmi Moskvanın İrəvana təsir göstərəcəyinə ümid edirik. Reallıqda isə vəziyyət heç də qarşı tərəf üçün əlverişli şəkildə getmir. Sonrası isə onlar üçün çox acınacaqlı və faciəvi nəticələrə gətirib çıxara bilər".
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb