Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib
Siyaset
Oxunub: 456
2 sen 2018 | 12:10
Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib














Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.

Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli Vladimir Vladimiroviç. Hörmətli xanımlar və cənablar. Vladimir Vladimiroviç, ilk növbədə Rusiyaya səfərə dəvətə, qonaqpərvərliyə, səmimi qəbula görə Sizə təşəkkürümü bildirmək istərdim.

Siz qeyd etdiyiniz kimi, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük. Bu, üçüncü görüşümüzdür. İyunda Moskvada Futbol üzrə Dünya Çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün Soçidə görüşürük. Fürsətdən istifadə edib, Rusiyanı həmin qlobal beynəlxalq tədbirin uğurla keçirməsi, Rusiya yığmasını Dünya Çempionatında parlaq çıxışı münasibətilə bir daha təbrik etmək istərdim.

Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir”.

İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir: “Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı.

Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Azərbaycan Prezidenti əlavə edib: “Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”.

İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir: “Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır.

Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Dövlət başçısı deyib ki, bu gün neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalandı: “Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var. Vladimir Vladimiroviç Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını qeyd etdi. Biz bunu çox alqışlayırıq.

Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.

Humanitar sahədə əməkdaşlıq diskussiyalarımızda xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır.

Vladimir Vladimiroviç, dəvətə, baş tutmuş fikir mübadiləsinə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Öz növbəmdə, Sizin üçün münasib vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim. Sağ olun”.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb