9-09-2019, 19:47 Oxunub: 218

Səfər Mehdiyev vəzifəsinin öhdəsindən gəlirmi? - Gəlirsə, o zaman bu qədər şikayətlərin və üsyanların mənbəyi kimdir?..

Səfər Mehdiyev vəzifəsinin öhdəsindən gəlirmi? - Gəlirsə, o zaman bu qədər şikayətlərin və üsyanların mənbəyi kimdir?..

Gömrük Komitəsi ilə bağlı qalmaqallar, sahibkarların şikayətləri və narazılıqları bitib tükənmək bilmir. Yola verdiyimiz həftə baş verən insident isə Gömrük Komitəsinin artıq ölkə və dövlət miqyasında böyük bir problemə - baş ağrısına çevrildiyini göstərdi.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb. Belə ki, 50 min manat rüsum ödəməsinə baxmayaraq, bir aydır ki, malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsumdan kənar olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.

Xatırladaq ki, bu artıq ikinci belə hadisədir. Bundan əvvəl də başqa bir sahibkar Səfər Mehdiyevə etirazını bildirməyin kəsə yolunu Gəncədə- Qərb Ərazi Gömrük Baş İdarəsinin qarşısında özünü yandırmaqda görmüşdü...

Gömrük Komitəsi hər həftə ən azından bir neçə anoloqsuz qalmaqalla, gömrük işçilərinin qanunsuz tələbləri ilə mətbuatın gündəminə oturur. Açıq deyək ki, Aydın Əliyevin zamanında bu qurum bu qədər qalmaqallarla gündəmə gəlmirdi. Aydın Əliyevin zamanınında haqsızlıqdan və hüquqsuzluqdan cana doyan sahibkarlar çıxış yolunu özünü yandırmaqda da görmürdülər. Səfər Mehdiyevin zamanında isə özünü yandırma sıradan hadisəyə çevrilir. Qanunsuzluqlar isə ərşə dirənir.. DGK da heç bir əks argument gətirmədən, əsaslandırma olmadan “yalandır” sözünü təkrarlamaqdan başqa heç nə bilmir.

Sual olunur, niyə? Nə baş verir? Axı Səfər Mehdiyev o kürsüyə otururkən gurultulu bəyanatlar vermişdi. Hətta boyunu aşaraq, kim gömrükdə rüşvət faktını sübut etsə, istefaya gedəcəyini belə dilə gətirmişdi. O gün- bu gün həm sahibkarlar, həm də jurnalistlər Səfər müəllimə gömrükdə rüşvət və qanunsuz ödəmələri sübut etmək üçün sıraya düzülüblər. Hətta artıq sübutları sübut etmək üçün özlərini belə yandırırlar. Amma nə fayda? Səfər Mehdiyevin rəhbərliyi altında olan Gömrük Komitəsi baş verənləri ya görə bilmir, ya da görmək sərf etmir. Daha doğrusu, bütün baş verənləri şəxsən DGK sədri və gömrüyün şərəfli işçilərinə atılmış şər və böhtan kimi dəyərləndirirlər. Yəni məsələ bu qədər bəsitdir... Gömrükdə bu gün baş verən qanunsuzluqlara etirazın tək səbəbi var imiş: Səfər müəllimi şərləmək...

Ən qəribə və anoloqsuz olan da bilirsiniz nədir? Hər dəfə sahibkar açıq qanunsuzluqla qarşılaşdığı zaman Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov tutuquşu kimi eyni şeyi təkrarlayır: “Şər və böhtandır...”

Son intihara cəhd hadisəsindən sonra da belə oldu və açıq deyim ki, bu dəfə artıq qırmızı xətt belə keçildi. Yəni Mədət Quluzadənin intihara cəhdinin səbəbini şər və böhtan kimi dəyərləndirməklə qurumun mətbuat xidməti Komitə sədri kimi vəzifəsinin öhdəsindən gəlmədiyini açıqca ortaya qoydu.

Allah eşqinə, kim Gömrük Komitəsinə və şəxsən Səfər müəllimə şər atmaq üçün özünü yandırar? Belə iddia olarmı? Bu nə yanaşma və bu nə məntiqdir? Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti bu məntiqini necə açıqlaya bilər? Özünü yandırmaqla intihar etmək əlacsızlığın və haqsızlığa, hüquqsuzluğa üsyanın son həddidir və bu həddə çatdırılma həm də çinayət məsuliyyəti yaradır. Belə çıxır ki, Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti həm də cinayəti gizlətməyə cəhd edir...

İkinci maraqlı və anoloqu olmayan məsələ Səfər Mehdiyevin birbaşa davranışlarıdır. Haqqin.az saytı yazır ki, Mədət Quluzadə intihar etməzdən əvvəl Səfər Mehdiyevlə görüşüb. Və Gömrük Komitəsinin sədri şikayətçiyə bildirib ki, gün ərzində onun problemi həllini tapacaq. Yəni gömrükdən yoxa çıxan malı və rüşvət olaraq alınan 50 min manat geri qaytarılacaq. Sonra isə intihara cəhd hadisəsi baş verib. Burdan gəlinən nəticə nədir? Ya Səfər Mehdiyev Mədət Quluzadənin “itən” malalrının geri qaytarılması ilə bağlı tapşırıq verməyib, ya da Səfər Mehdiyevin işçiləri onu eşitməyiblər... Burdan üçüncü versiya çıxarmaq sadəcə, mümkün deyil.

Hadisə baş verəndən, yəni Mədət Quluzadə özünü yandırmaqla intihara cəhd edəndən sonra isə Səfər Mehdiyev təcili hadisə yerinə gəlir, Bakı Baş Gömrük İdarəsində təcili müşavirə keçirir və 16 gömrük işçisini işdən çıxartmaq haqqında əmr verir. Hadisə yerinə yığılan qəzəbli sahibkarları sakitləşdirmək istəyən komitə sədri bildirir ki, bir daha belə hadisə baş verməyəcək. Və sahibkarlardan xahiş edir ki, bu intihara cəhd hadisəsi mətbuatdan gizli saxlanılsın...

Bütün bunlar bir şeyi açıq şəkildə bir şeyi ortaya qoyur. Baş verən insdentə görə, Səfər Mehdiyev şəxsən məsuliyyət daşıyır. Və faktiki olaraq sahibkarlara “bu bir daha təkrar olunmayacaq”, deyə söz verən Səfər Mehdiyev Komitədə baş alıb gedən qanunsuzluqları, rüşvəti və korrupsiyanı da etiraf etmiş olub. Ona görə də daha əvvəl verdiyi sözü ona bir daha xatırlatmağa ehtiyac var. Əgər keçmişdə istefa ilə bağlı verdiyi sözünü tutmazsa, demək ki, sahibkarlara “bu bir daha təkrar olunmayacaq”, deyə verdiyi sözün də heç bir mənası yoxdur. Hər şey təkrar olacaq. Çünki 100 maanatlıq rüşvət işlərini aktlaşdırıb aşağı ranqlı gömrük işçilərini tutduran Səfər Mediyev öz işinə şou kimi baxır. Amma şounun pərdə arxasında baş verənlərin artıq tragikomediya deyil, faciə olduğunu da görə bilımir.

Ümumilikdə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə ilyarımlıq rəhbərliyi bu qurumu həm xalqın, həm də hakimiyyətin probleminə çevirib. Problemin miqyası isə hər gün daha da böyüyür… Sahibkarlar intihar etmək həddinə qədər gətirilirsə, demək ki, qurumdakı “bespredel” idarəolunmaz hala gəlib…

Azər QARAMANLI
pia.az
DGK-nın kollegiyasının yeni tərkibi təsdiqləndi — SİYAHI DGK-nın kollegiyasının yeni tərkibi təsdiqləndi — SİYAHI Siyaset Gömrük Komitəsində Fərid Əliyev kabusu - GİLEY Gömrük Komitəsində Fərid Əliyev kabusu - GİLEY Sosial Sahibkar Gömrük Komitəsindən narazıdır - GİLEY Sahibkar Gömrük Komitəsindən narazıdır - GİLEY Sosial Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı Siyaset Gömrük Komitəsinin yeni sədri kimdir? — DOSYE Gömrük Komitəsinin yeni sədri kimdir? — DOSYE Sosial