Deputatlığa namizəd Araz Əlizadə: “Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram”
Siyaset
Oxunub: 1 438
14 okt 2015 | 08:28
Deputatlığa namizəd Araz Əlizadə: “Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram”














“Artıq o yaşdayam ki, bundan sonra da dini qəbul edəcəyimə inanmıram. ilahi ədalət olsaydı, dünyada bu qədər zülm, özbaşınalıq olmazdı”

Modern.az saytının “Siyasətçi və din” rubrikasında (http://modern.az/articles/81123/1/) Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, hazırda 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Araz Əlizadənin müsahibəsini olduğu kimi diqqətinizə çatdırırıq:

– Ziyalı ailəsində böyümüsünüz. Atanız Mübariz Əlizadə və ananız Zinyət xanım ölkənin elm adamlarından olublar. Belə bir ziyalı ailədə dinə münasibət necə idi?

– Deyərdim ki, ateist ailəsində böyümüşəm. Atam da, anam da ateist idi. Yalnız ana nənəm dindar idi. O, namaz qılırdı, oruc tuturdu. Nənəmdən savayı, hamımız dindən uzad adamlar idik. Mənim atam “Qurani-Kərim”i mükəmməl bilirdi. Hətta, bütün ərəbşünaslar, alimlər, dindarlar hansısa mübahisəli məsələ ilə bağlı atama müraciət edirdilər. Atam isə onlara aydınlıq gətirirdi.

– Dinə qarşı radikal mövqedə duran ateistlərdən idilər, yoxsa dini inanclara hörmət edən?

– Biz dinə qarşı müharibə aparan ateistlərdən olmamışıq. Atam həmişə bizə deyirdi və başa salırdı ki, din xalqımızın adəti, ənənəsi, mədəniyyətidir. O, həmişə bildirirdi ki, bütün adət-ənənələrimiz İslam dini ilə uzlaşır. Buna görə də bizim ailədə dinə böyük hörmət var idi. Amma dinin ilahi olduğuna dair bir inam yox idi.

– Sonradan mövqeyini dəyişib, dindarların təbirincə desək, dinə-imana qayıtmadılar ki?

– Atam ateist olaraq qaldı və bu düşüncə ilə də rəhmətə getdi. Mən də ateist olaraq qaldım. Anam isə mənə elə gəlir ki, ömrünün sonlarına yaxın Allaha inanmağa başladı. Bacılarım da son 15 ildə Allaha inanırlar. Böyük bacımın həyat yoldaşı hacıdır. Özü də düz hacılardandır.

– Bəs ateistlikdən dinə gedən yola hansı amillər təsir etmişdi?

– Mən bunu bilmirəm, buna görə heç onlara sual da verməmişəm. Mən heç zaman kiminsə dindar və ya ateist olduğunun səbəbləri barədə sual ünvanlamamışam.

– Yaxşı siz niyə dəyişmədiniz?

– Bu gün “mən dindaram” deyənlərin mütləq əksəriyyəti yalan danışır. Məsələn, kimsə Həcc ziyarətinə gedib-gəlir, amma yetimin pulunu mənimsəyir, xalqın malını yeyir. Kimsə hacıdır, ancaq sutenyorluqla məşğuldur. Bu adamların əksəriyyəti utanmadan yenə də Həccə gedir. İnsan var ki, Həccə getmək üzrə dünya çempionu olacaq. Elələri var ki, 20 dəfə Həccdə olub. Onlar gedir ki, illər ərzində etdikləri günahları yusunlar, qayıdan sonra isə yenə bəd əməllərlə məşğul olurlar. Təzədən yenə Həccə gedib, günahlarını yuyurlar. Mən belə dələduz və yalançı adamlarla bir cərgədə durmaq istəmirəm.

– Ailənizdə övladlarınızdan, xanımınızdan dindar olanı varmı?

– Xeyr, bizdə heç kim dindar deyil.

– Ziqmund Freyd psixoanaliz təlimində iddia edir ki, dinə olan məhəbbət uşaqlıqda yaranan xofla, qorxu ilə bağlıdır. Məsələn, insan necə ki, uşaq yaşlarında atasından qorxursa, eləcə dinin ilahiliyinə olan inam bu cür qorxunun yaratdığı qeyri-iradi reaksiyadır. Siz necə, heç uşaqlıqlığınızda da dinə inanmamasınız?

– Məndə heç bir vaxt dinə bağlılıq olmayıb. Artıq o yaşdayam ki, bundan sonra da dini qəbul edəcəyimə inanmıram. Hesab edirəm ki, Allah insanın dilində yox, qəlbində qərar tutmalıdır, hərəkətlərində əks olunmalıdır. Özlərini mömin göstərib, atdığı addımları saxta, yalan olan adamlar Allaha yox, Şeytana qulluq edirlər.

– Nə zamansa oruc tutmusunuz?

– Heç bir vaxt bu ayini icra etməmişəm.

– Bəs nə vaxtsa, heç Həcc ziyarətinə getmək arzusunda olmusunuz?

– Əsla. İnsanın əməlləri düz olmalıdır. Belə olmaq, elə Həcci ziyarət etmək kimi bir şeydir. “Qurani-Kərim”, “Tövrat”, “İncil” demək olar ki, eyni şeydir. Bu da təbiidir, çünki deyilənə görə Allah tərəfindən göndərilib…

– Siz bu kitabların Allah tərəfindən göndərildiyini qəbul edirsinizmi?

– Xeyr. Mən insanda vicdan, namus, rəhmlilik olmağı yüksək dəyər hesab edirəm. Bu dəyərlər də “Quran”da təbliğ edilir. Amma bunun hansısa ilahi varlıq tərəfindən göndərildiyi əsassız iddiadır.

– İlahi qüdrətin olmaması tezisinizi hansı arqumentlə əsaslandıra bilərsiniz?

– Deyirlər ki, Allah ədalətlidir. Allahın varlğı məsələsini bir kənara qoyaq. Amma həmin ilahi ədalət olsaydı, dünyada bu qədər zülm, özbaşınalıq olmazdı. İlahi qüdrət mövcud olsaydı, adını islamçı qoyanlar xalqı qarət etməzdilər, adını xristian qoyanlar isə dünyanı dağıtmazdılar. Biri xaç vurur, biri namaz qılır, amma hamısı da ədalətsiz işlərlə məşğuldurlar. İnsanın pis əməllərinə görə o biri dünya deyilən ağır cəzaya düçar olacağı fikri isə çox məntiqsizdir. Çünki bu ədalətli deyil. Cəza həyat zamanı olmalıdır ki, hamı görsün ki, oğurluq və namusa təcavüz, biqeyrətlik, binamusluq etməzlər. Elə bu dünyada bunun ilahi cəzası o saat verilsə, hamı pis niyyətlərdən çəkinər.

– Bu dünya ifadəsini işlətdiniz, deyəsən ateist olmağınıza rəğmən cənnət, cəhənnəmin olması haqqında sizdə fikirlər oyanıb…

– O biri dünya, cənnət-cəhənnəm deyilən bir məkan yoxdur. Hələ heç kim, o biri dünyadan gəlməyib.

– Ölümün yaratdığı qorxu da sizi o biri dünyaya inandırmır?

– Yox. Mən ümumiyyətlə ölümdən qorxmuram. 11 yaşımda olardı. Məktəbə gedərkən, qarşımda bir xanımın ayağı büdrədi və mən onun yerə yıxılmaması üçün özümü qabağa verdim. Bir kişi də yaxınlaşdı, biz qadını yerdən qaldırdıq, amma gördük ki, o artıq ölüb. Bu zaman dərk etdim ki, ölüm bir göz qırpımında olan şeydir. Buna görə də ölümdən qorxmağa dəyməz.

– Ateistsiniz, amma bəzən Allah sözünü işlədirsiniz. Buna necə aydınlıq gətiərərsiniz?

– Bu, adət-ənənə, dilimizə oturuşmuş ifadələrdir. Bunu çıxarmaq olmaz.

– “Quran”ı oxumusunuz?

– Bəli.

– Orada hansı məqamlar sizi qane etmir?

– Öncə deyim ki, “Quran” ərəb mədəniyyətinə məxsus ən böyük ədəbi əsərdir. Orada çoxlu müdrik şeylər var. Bu kitabda mənfi bir çağırış, pis mesaj yoxdur.
Amma ilahi olduğuna inanmıram.

– Amma “Quran”ı nə qədər tərifləsəniz də, onun fövqəlgüc tərəfindən göndərildiyini şübhə altına alanları ilahiyyatçılar Allaha şəkk gətirməkdə ittiham edir.

– Bu artıq cəhalətdir. Hamı dindar olmaq, Allaha inanmaq məcburiyyətində deyil.

– Belə iddialar da irəli sürülür ki, “Quran” dəyişdirilib, təhrif olunub. Bu iddiaları doğru hesab etmək olarmı?

– Məhəmməd peyğəmbərin tərəfdarları olduğu kimi, əleyhdarları da olub. “Quran” o dövrdə proseslərdə iştirak edənlərin hafizəsində qalan hadisələrin məcmusudur. Kimin yadında nə qalıbsa, onu “Quran”a köçürüblər. Təbii ki, peyğəmbərin fikirləri təhrif edilib və bu dəyişdirilmiş düşüncələr “Quran”a da daxil olub. Ona görə də “Quran”da bir-birinə zidd olan ayələr var. “Quran”ın dəyişdirilməsi fikri ilə razıyam.

– Spirtli içki qəbul edənsiniz deyəsən, Ramazan ayında da içirsiniz?

–Mən oruc tutmuram. Lazım olanda, hətta Ramazan ayında da alkoqollu içkilər içirəm. Ən çox sevdiyim spirtli içki isə pivədir.

– Gələk yaradılış fəlsəfəsinə. Bilirsiniz ki, bu mövzu ətrafında dindarlarla Darvinin təkamül nəzəriyyəsinin real olduğuna inananlar arasında böyük, əbədi xarakter alan mübahisələr gedir. Siz nə düşünürsünüz, Çarlz Darvinin fərziyyələri düzgündür, yoxsa dinin?

– Suala Darvin haqqında bir lətifə ilə cavab vermək istəyirəm. Amerika kolleclərinin birində bir tələbə müəllimə sual verir: “Mister Smit, mənim atam deyir ki, hamımız meymundan əmələ gəlmişik”. Müəllim isə belə cavab verir: “Otur yerinə, sənin ailənin tarixi məni maraqlandırmır”. Mən bu yaradılışla bağlı problem üzərində heç baş sındırmaq istəmirəm. İlk insanın necə yaranması məni heç vaxt maraqlandırmayıb. Əsas “mən kiməm” sualıdır. Bu, mənim üçün daha vacibdir. Mən düşünmürəm ki, meymundan insan əmələ gələ bilər.

– Amma Darvin insanın birbaşa anlamda meymundan əmələ gəlməsini yox, təkamül nəticəsində yarandığını söyləyir.

– Yaxşı, təkamül olubsa, indi niyə bu proses baş vermir? Mən insanların meymuna çevrilməsini prosesini çox görmüşəm, amma meymunların insana dönməsini yox (gülür).

– Əgər bir müsəlman dinini dəyişirsə, məsələn xristianlığa keçirsə, bu sizdə qıcıq yaratmır ki?

– Mən dini də bir əqidə hesab edirəm. Əqidəsini dəyişənlərə isə münasibətim müsbət deyil. Amma düşmən kimi də baxmıram.

– Yaxın ətrafınızda olan adamlardan başqa dini qəbul edənlər vamı?

– Vallah, heç maraqlanmamışam.

– Azərbaycan siyasətçilərinin dinə münasibətini necə qiymətləndirirsiniz?

– Mən elə siyasətçi tanıyıram ki, Həccə gediblər, amma spirtli içki içirlər. Mənim isə yalandan zəhləm gedir.

– Ad çəkə bilərsinizmi?

-Yox, qoy bu bir sirr olaraq qalsın.

– Ölkədə kimi savadlı, intellektual ilahiyyatçı sayırsınız?

– Vasim Məmmədəliyevi. Qalanlarının isə fəaliyyəti, fikirləri ilə tanış deyiləm. Vasim müəllimi cavanlığından tanıyıram. O, şərqşünas kimi də güclü alimdir.

– Araz müəllim, donuz əti yeyirsiniz?

– Bəli, xoşlayıram və yeyirəm.

– İslam dini axı donuz ətini haram buyurur.

– Donuz əti haram deyil. Təxmini deyə bilərəm ki, onu niyə haram elan ediblər. Donuz böyük heyvandır. O zamanlar donuz kəsilirdi, piyli olduğuna görə tez iylənirdi. Ərəbistanın istisi isə arzuolunmaz idi. Ərəblər donuzu kəsirdi, amma onu saxlamağa soyuducu olmurdu. Ona görə də hamısını tez yeməsələr, ət sabaha qalsa, o xarab olurdu. Hamısını yeyəndə isə xəstəliklər yaranırdı, insanlar ölürdü. Buna görə də donuz ətini yeməyi qadağan etdilər. Şərab qadağası da elə iqlimlə bağlıdır. Ərəbistan yarımadasında şərabı içirdilər, qovurucu istilər də bunların başına vuranda ortaya fəsadlar çıxırdı.

– Karl Marks deyib ki, din cəmiyyət üçün tiryəkdir. Bu, həqiqətən də belədirmi?

– Karl Marks, Engels, Lenin böyük və dahi şəxsiyyələr olublar. Onların dinlə bağlı fikirlərini müzakirə etməyə hazır deyiləm.

– Buddizm deyilən bir inanc sistemi də var. Bu inancda olanlar problemi insanlar deyillər?

– Mən bir il Şərqi Sibirdə, Buryatiyada işləmişəm. Orada çoxlu sayda buddistlər var idi. Deyə bilərəm ki, Buddizm ən demokratik bir dindir.

– Onların hansı maraqlı ayinlərinin şahidi olmuşdunuz?

– Çox maraqlı şeylərin şahidi olmuşam. Bir dəfə biri gəldi, supu yedi, sonra da əlini yeməyin içərisinə salıb başladı ətrafa çiləməyə. Sonra əlini şəraba salıb eyni şeyi etdi. Dedim ki, siz neynirsiniz? O isə dedi: “adətdir, yediyimdən, içdiyimdən Buddaya da verməliyəm. Budda hər yerdədir”. Bir dəfə də biri yanımda stəkanına araq süzdü. Birini də süzüb Buddanın heykəlinin qarşısına qoydu. Maraqlandım, dedilər ki, bu o deməkdir ki, Budda ilə bir yerdə içir.
– Həyatın sonu ölümdür. Rəmzi olaraq sonuncu sualım da elə ölümlə bağlıdır. Öləndən sonra necə dəfn olunmağınızı istəyərdiniz?

–Bizdə əfsus ki, öləni yandırmaq ənənəsi yoxdur. Mən istəyirəm ki, öləndən sonra məni yandırsınlar. Külümdən də gübrə kimi istifadə edib, üstündə bir ağac əksinlər. Yandırılmaq ekoloji cəhətdən də təmizdir. Yandırmaq əslində bizim tarixi dinimiz olan atəşpərəstlikdən gəlir.

-Vaxtınızı ayırıb, suallarımıza cavab verdiyiniz üçün sağ olun!

-Siz də sağ olun!

Aqşin KƏRİMOV
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)