27-10-2020, 19:18 Oxunub: 224

Şərtləri indi Azərbaycan diktə edir - TƏHLİL

Şərtləri indi Azərbaycan diktə edir - TƏHLİL


Ermənistanın işğalçı ordusuna qarşı Azərbaycanın başlatdığın antiterror əməliyyatında bu gün bir ay ötür. Ötən müddət təcavüzkar tərəfin hərbi potensialının faktiki sıradan çıxarılması, onlarla kənd-şəhərimizin, çox mühüm strateji yüksəkliklərimizin azad edilməsi ilə yadda qaldı. İranla dövlət sərhədimiz tam bərpa olundu.

İşğalçı ordu haqda yaradılmış “məğlubedilməzlik” mifi, ermənilərin on illərlə manipulyasiya etdikləri status-kvo, təmas xətti bu bir ayda çilik-çilik oldu, həmişəlik dağıdıldı. Ali Baş Komandanı ətrafında yumruq kimi, sıx birləşən Azərbaycan xalqı arda-arda qazanılan hərbi qələbələrlə belini dikəltdi, “məğlubiyyət” sindromundan birdəfəlik qurtuldu. Bəlkə də ən mühümü elə sonuncudur. Çünki qələbə ovqatı ilə öz torpaqları uğrunda mübarizə aparan xalqlar yenilməz olur.

*****

Vətən müharibəsi isə bitməyib. Ermənistanı Azərbaycanın əlindən son anda almaq üçün bəzi beynəlxalq güclər hazırda israrlı səylər göstərir, taqətdən düşmüş və kapitulyasiya astanasında olan təcavüzkara humanitar atəşkəs adı ilə çox qiymətli “taym-aut” qazandırmağa çalışırlar. XİN rəhbərləri səviyyəsində ABŞ-da əldə olunan atəşkəs anlaşması, bunun davamı kimi oktyabrın 29-da Cenevrədə həmsədrlərlə birgə nəzərdə tutulan görüş böyük ehtimalla, bu qəbildəndir.

Bəs bu səylər effektli ola bilərmi, əsas gözlənti nədir?

Sualın cavabı müstəsna olaraq Ermənistan rəhbərliyinin nəhayət, sərt reallığı ciddiyə alaraq Qarabağ məsələsində realist mövqe tutmasından asılı olacaq. Çünki şərtləri artıq döyüş meydanında qalib gələn, işğalçı ölkəni diz çökdürmək üzrə olan Azərbaycan diktə edir.

Bakının əsas şərti isə Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib: İrəvan imitasiya siyasətindən əl çəkib yerdə qalan ərazilərimizin boşaldılması üçün vasitəçi dövlətlərin zəmanəti ilə konkret zaman qrafiki təqdim etməlidir. Yalnız bundan sonra sülh danışıqlarının önü açıla bilər.

Rəsmi Bakı danışıq xətrinə danışığa getməyəcəyini həftələrdir net şəkildə bəyan edir. Dövlət başçısı xalqa son müraciətində də bunu təkrarladı. Sitat: “Biz danışıqların əleyhinə deyilik. Dünən (srağagün - red.) Amerikada aparılan danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki, bu 28 il ərzində, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”.

Başqa sözlə, Prezident aydın şəkildə Minsk “üçlüyü”nə belə bir ismarış yolladı ki, Qarabağ konfliktinə dair daha bir diplomatik həmlənizin də əsas hədəfi işğalçının xilası olacaqsa, o zaman Azərbaycan Ordusu qısa zamanda yerdə qalan əraziləri də azad edəcək. Yəni siyasi həll bu dəfə də baş tutmazsa, yenə vaxt udmağa hesablanmış oyunlar oynanılacaqsa, Bakı təzədən münaqişənin hərbi-siyasi həll variantına qayıdacaq. Ölkə başçısının xalqa həmin müraciətində xüsusi vurğuladığı kimi, həmsədr dövlətlərin bircə sözü kifayətdir ki, Ermənistan qüvvələri əraziləri dərhal tərk eləsin. Bircə söz! Bu sözü onlar deməyəcəksə, Azərbaycan Ordusu deyəcək!..

*****

Qarabağ ətrafında Azərbaycanın xeyrinə dəyişmiş hərbi-siyasi durum əlbəttə ki, danışıq masası arxasında rəsmi Bakının mövqeyini, əlini xeyli gücləndirəcək. Buna şəkk-şübhə yox. Ona görə ki, bu gün dünyada hərbi güc amili çox mühümdür, hətta çox vaxt həlledicidir. Üstəgəl, Türkiyə faktoru heç vaxt olmadığı qədər bizim xeyrimizə işləyir. Qardaş ölkənin mövqeyi ciddiyə alınmadan problemin yekun həlli mümkün olmayacaq. Qarabağ məsələsində xeyrimizə olan mühüm gəlişmələrdən biri budur.

Qalibiyyətli Ordumuz önümüzdə, Türkiyəmiz yanımızda! Böyük hərbi qələbənin bir addımlığında ikən nədən azğın düşmənə, Xocalı soyqırımına imza atmış bir kəmfürsət millətə, faşistlərə yenə aman tanıyaq, fürsət verək ki?

“Azərbaycan təcavüzkar deyil. Bu ölkə uzun müddət öz torpaqlarının işğaldan azad olmasını gözləyirdi. Rusiya sonadək Ermənistanı ağıllandırmağa çalışdı ki, müharibə olmasın, amma... olan oldu. Azərbaycanlılar üçün azadlıq müharibəsi Vətən savaşına çevrildi! Erməni hərbçiləri Azərbaycanın dinc Gəncə şəhərinə raket zərbələri endirdi. Bu raket zərbələri nəticəsində erməni hərbçilərinin südəmər körpələri necə öldürdüyünün şahidi oldum və sosial şəbəkələrin erməni seqmentində övladına və arvadına yas tutan bir insana güldüklərini gördüm. Sonra anladım ki, Ermənistan artıq məhkumdur!”

Bunu beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı eksper Yevgeni Mixaylov xəstə erməni xisləti haqda danışarkən söyləyib.

“Daha bir az və... Azərbaycan yalnız illərdir danışıqlar aparılan 7 rayonu deyil, bütün Dağlıq Qarabağı da tam nəzarətə götürəcək”.

Bu sözləri isə Moskva Dövlət Universitetinin Dünya Siyasət Fakültəsi Tətbiqi Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin rəhbəri, general Yevgeny Buzinski Rusiyanın “Rusiya 1" telekanalında ”Vladimir Solovyovla bazar axşamı" verilişi zamanı deyib.

Onun əminliyinə görə, Azərbaycan bütün bu əraziləri müstəqil şəkildə azad edəcək. “Azərbaycan Ordusu Qarabağa Ermənistandan gələn bütün təchizat yollarını kəsəcək və bununla da hər şey bitəcək”, - deyə hərbi ekspert qeyd edib.

*****

Xunta rejiminin bu təchizat yollarının çoxu artıq kəsilib, işləmir. Bircə Laçın “nəfəsliyi” qalır. Əlimiz beləcə, mənfur işğalçının xirtdəyindədir. Diplomatların daha bir mənasız görüşü təcavüzkar üçün yazılmış layiqli sonluğu əsla dəyişə bilməz. Saatlar artıq Bakı vaxtına qurulub...
“Yeni Müsavat”
Savaşa qaldığımız yerdən... davam! - Ermənilər cəsəd toplayacaq Savaşa qaldığımız yerdən... davam! - Ermənilər cəsəd toplayacaq Siyaset / Dunya Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı Siyaset "Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi" — Prezident Siyaset “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” — Ali Baş Komandan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” — Ali Baş Komandan Siyaset Sülhəddin Əkbər: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır” Sülhəddin Əkbər: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır” Siyaset