DataLife Engine / İlham Əliyev: “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

İlham Əliyev: “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

İlham Əliyev: “2016-cı il dərin iqtisadi islahatlar ili olacaq” Bu ilin birinci rübündə ölkədə iqtisadi islahatlar daha da sürətlə aparılıb. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq. Dövlət başçısı qeyd edib ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib.

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti: “İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır”.

Prezident İlham Əliyev deyib ki, bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutulan layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaq. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız olacaq.
10-04-2016, 18:16
Geri dön