DataLife Engine / Avropanın ən kasıb ölkəsindəki yaşayış səviyyəsi Azərbaycandakından 2 dəfə yüksəkdir

Avropanın ən kasıb ölkəsindəki yaşayış səviyyəsi Azərbaycandakından 2 dəfə yüksəkdir

Avropanın ən kasıb ölkəsindəki yaşayış səviyyəsi Azərbaycandakından 2 dəfə yüksəkdir





















Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb

Bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində gözlənilir.
Qeyd edək ki, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı daha çox ünvanlı sosial yardım prosesində istifadə olunur. Əhaliyə veriləcək ünvanlı sosial yardımı müəyyənləşdirmək üçün ehtiyac müəyyən olunur. Adambaşına düşən ehtiyac minimumu əsasında onların əldə etdikləri gəlirlər tutuşdurulur və bunun əsasında ünvanlı sosial yardımın məbləği müəyyən edilir.

Avropanın ən kasıb ölkəsindəki yaşayış səviyyəsi Azərbaycandakından 2 dəfə yüksəkdir

























İqtisadçı ekspert Natiq Cəfərli “Bizim Yol“a açıqlamasında bildirib ki, əslində, Azərbaycanda yaşayış minimumunun hesablanma indikatorları dəyişməlidir. “Axırıncı verilən məlumatlardan aydın olurdu ki, bizdə yaşayış minimumunun hesablanması kriteriyaları keçən əsrin 90-cı illərində müəyyən olunmuşdur. Məsələn, gündəlik çörək, yağ, ət, meyvə, tərəvəz rasionu o zamanın tələblərinə uyğun müəyyənləşir. Yaxud da geyimdə belə bir kriteriyalar var ki, bir ayaqqabının 3 il, üst paltarlarının 5 il geyinilməsi nəzərdə tutulur. Bu isə qeyri-real yanaşmadır. Hamı bilir ki, insan bir ayaqqabını 3 il geyinə bilməz. Ən azından aşınmaya məruz qalır və problemlərə səbəb olur. Ona görə də 21-ci əsrin, 2015-ci ilin tələblərinə cavab verən yeni kriteriyalar müəyyən edilməlidir” – deyə ekspert vurğulayıb.
O qeyd edir ki, artıq çağdaş dünyada, Avropa Birliyi ölkələrində, hətta qonşu Türkiyədə yaşayış minimumuna yeni hesablama mexanizmləri daxil edilib. “Dünyada hətta internetdən istifadəyə, bir ay ərzində mədəni tədbirlərə qatılmağa, kitab almağa qədər yeni indikatorlar da əlavə olunur və yaşayış minimumu bu qaydalara görə hesablanır. Azərbaycanda da ilk növbədə atılacaq addım məhz bu kriteriyaların dəyişdirilməsidir. Həm ərzaq, həm geyim, həm yaşam tərzi, həm də aylıq başqa xərclərlə bağlı yeni kriteriyalar salınmalıdır ki, normal yaşayış səviyyəsində minimumu hesablamaq mümkün olsun.
Məsələn, rəsmi rəqəmlərə görə, Avropa Birliyinin ən kasıb ölkəsi Bolqarıstandır. Hətta bu ölkədə belə yaşayış minimumu 180 avro civarındadır. Yəni bizim indiki məzənnə ilə götürsək, 200 manatdan yuxarıdır. Bu ölkədə qiymətlər də Azərbaycanda olan qiymətlərdən iki dəfə aşağıdır: həm geyimdə, həm ərzaqda, həm də kommunal xərclərdə. İnsanların gəlirləri aşağı olduğu üçün bu, qiymətlərə də təsir göstərir. Azərbaycana ilk növbədə bu yanaşma gətirilməli, insanların yeni yaşayış minimumlarının hesablanma qaydaları müəyyənləşməlidir. Bundan sonra onun həcmi və həddi elan olunmalıdır. Bu Nazirlər Kabinetinin, yaxud da hansısa 5-6 məmurun yığışıb birlikdə qərar verəcəyi bir rəqəm olmamalıdır. Bəlli hesablama mexanizmi olan kriteriyalar olmalıdır ki, mütəxəssislər, hətta adi vətəndaş belə aylıq minimumu özləri hesablaya bilsinlər” – deyə Natiq Cəfərli bildirir.
Ekspertin sözlərinə görə, hesablama zamanı inflyasiya səviyyəsinə görə indeksləşmə də aparılmalıdır.
“Hesablama kriteriyalarına inflyasiyanın təsirlərini də daxil etmək lazımdır ki, ölkədəki gizli və açıq proseslər nəzərə alınmalıdır. Yəni rəsmi rəqəmlərin təxminən 3 faiz civarında inflyasiya olduğu deyilsə də, real vəziyyət rəsmi rəqəmlərdən 2-3 dəfə artıqdır. Əsasən ərzaq inflyasiyası nəzərə alınmalıdır. Çünki bu, digər mal və xidmət növlərindən daha artıq olur. Yoxsulluq həddində yaşayan insanların əsas xərclərini məhz ərzaq xərcləri təşkil edir. Ona görə də məhz ərzaq məhsullarına görə indeksləşmə aparılması doğru olardı. Bütün bu kompleks tədbirlər həyata keçirildikdən sonra müvafiq bir rəqəm ortalığa çıxmalıdır. Amma təəssüf ki, bizdə əvvəlcə rəqəmi elan edirlər, ondan sonra bu rəqəmə bir ay yaşamağın mümkün olub-olmadığını hesablamağa və ya fikir yürütməyə çalışırlar. Bu isə kökündən səhv yanaşmadır” – deyə ekspert bildirdi.
Natiq Cəfərli deyir ki, yaşayış minimumu əslində illik deyil, hər ay üçün, ən azı rüblük müəyyənləşməlidir. “Çünki hər ay inflyasiyanın həddi də dəyişir və təbii olaraq yaşayış minimumu da dəyişir. Bir çox ölkələrdə hər ayın sonunda dövlət qurumları tərəfindən bəlli bir açıqlama olur ki, yaşayış minimumu bu ay necə dəyişdi. Yaxud da bu açıqlamalar üç aydan bir – rüblük olur. Azərbaycanda isə ilin əvvəlində yaşayış minimumunu təsdiq edirlər. İndi 2016-cı il üçün təsdiq edəcəklər və bu, həmin ilin sonuna qədər qüvvədə qalacaq. Amma biz indidən bilmirik, ola bilsin ki, 2016-cı ilin sonlarında inflyasiya səviyyəsi kəskin artsın, manatın dəyərdən düşməsi yenidən gündəmə gəlsin və qiymətlər bahalaşaraq yaşayış minimumunu daha da dəyərsizləşdirsin. Ona görə də yaşayış minimumu ən azı rüblük müəyyən edilməlidir” – iqtisadçı bildirdi.
16-10-2015, 09:01
Geri dön