11-01-2019, 13:00 Oxunub: 80

"Hərracın yekunları barədə protokol etibarsız hesab edilsə də..." - “Xalq Bank” XALQA QARŞI...

"Hərracın yekunları barədə protokol etibarsız hesab edilsə də..." - “Xalq Bank” XALQA QARŞI...
















Bir müddət əvvəl saytımızda “Xalq Bank” ASC ilə, Laçın rayonundan məcburi köçkün olan Budaqovlar ailəsinin arasında yaranmış mübahisəli mənzil problemi ilə bağlı məqaləmiz dərc olunmuşdur. Məqaləmizin dərcindən sonra dəfələrlə “Xalq Bank”ASC-yə telefon açaraq, baş verənlərə qarşı tərəf kimi münasibət bildirməyi xahiş etsək də, cəhdlərimiz boşa çıxıb. Məlumat üçün bildirək ki, məcburi köçkün ailəsi “Xalq Bank” ASC-nin Mingəçevir filialının qanunsuz əməllərindən əziyyət çəkir və bankın fırıldaqları nəticəsində yeganə sığınacaq yeri olan mənzilini itirmək təhlükəsi ilə üz-üzə qalıb. İllərdir davam edən məhkəmə çəkişmələri nəticəsində sağlamlığını itirmiş Laçın rayonundan məcburi köçkün Şakir Budaqov pozulmuş hüquqlarını qismən bərpa etsə də, “Xalq Bank” ASC köçkün ailəsinə qarşı qanunsuz tələblərindən əl çəkmək istəmir. Şakir Budaqov iddia edir ki, bank bütün vasitələrdən istifadə edərək, onun mənzilini əlindən almağa cəhd edir. Problemin daha aydın olması üçün baş verənləri xronoloji ardıcıllıqla təqdim edirik: Budaqov Şakir Xanlar oğlu ilə “Xalq Bank” ASC arasında bağlanmış 26.01.2010-cu il tarixli kredit müqaviləsi əsasında bankdan götürülmüş 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində kreditin ödənilməsinin təminatı olaraq, Humay Hacıyevanın mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 N-li evin 1 N-li mənzili ipoteka qoyulmuşdur. Borcalan Şakir Budaqov bir müddət ondan asılı olmayan səbəblərdən ödəniş cədvəli əsasında ktediti ödəyə bilməmiş, kredit borcu yaranmışdır. Bundan sonra “Xalq Bank” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin 30.09.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, kredit müqaviləsi üzrə yaranmış 19.166 (on doqquz min yüz altmış altı) manat əsas borcun, 2.223 (iki min iki yüz iyirmi üç manat faiz borcunu, 314.71 (üç yüz on dörd min yetmiş bir) manat cərimənin , dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun, həmçinin borcun ödənilməsini təmin edilənədək əsas borc məbləğinə illik 40 faiz hesablanan cərimə məbləğinin ipotekaya qoyulmuş, H. Hacıyevanın mülkiyyətində olan Naxçıvan küçəsində yerləşən 36 n-li evin 27.000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilmiş 1 n-li mənzilin açıq hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Həmin vaxt borclu Şakir Budaqov kreditin ödənilməsi üçün razılığa gəlmələri ilə bağlı banka müraciət etmiş, ona bildirilmişdir ki, kredit ödənişlərini davam etdirsin. Borc ödənildikdən sonra mənzil və mənzilin sənədləri qaytarılacaqdır. Bundan sonra kreditin ödənişləri davam etdirilmiş və kredit ödənilmişdir. Borclu Şakir Budaqov həmin müddətdə banka 21.744 (iyirmi bir min yeddi yüz qırx dörd) manat kredit ödəmişdir. Lakin, buna baxmayaraq, H.Hacıyevanın xəbəri, məlumatı olmadan, iştirakı təmin edilmədən mənzil hərraca çıxarılaraq, 17.211 ( on yeddi min iki yüz on bir) manata satılmışdır. Hüquqları pozulduğuna görə cavabdehlər “Xalq Bank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mingəçevir şəhər məhkəməsinin 01.05.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, hərracın yekunları barədə protokol etibarsız hesab edilmişdir. Mingəçevir şəhər məhkəməsinin həmin qətnaməsi Şəki Appelyasiya məhkəməsinin 18.07.2015-ci il tarixli qətnaməsi, Ali Məhkəmənin 13.04.2046-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Hərracın yekunları barədə protokol etibarsız hesab edildikdən sonra və kredit borcu tam ödənildiyinə görə Humay Hacıyeva mülkiyyətində olan mənzili 16.03.2017-ci il tarixdə Budaqov Elmir Şakir oğluna bağışlamışdır və tərəflər arasında bağışlanma müqaviləsi bağlanmış, müqavilə notarial qaydada təsdiq edilərək, reyestrdə qeydə alınmışdır. Bundan sonra H.Hacıyeva və Elmir Budaqov mənzilə Çıxarış almaq üçün DƏDRX-nin 17 saylı Ərazi idarəsinə müraciət etmiş, Lakin ona mənzil mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilməkdən imtina olunmuşdur. Hacıyeva Humay İsmayıl qızı ilə Budaqov Elmir Şakir oğlu arasında başlanmış, Mingəçevir şəhər 1 saylı notariat kontorunda təsdiq edilmiş, 16.03.2017-ci il tarixli Daşınmaz Əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, H. Hacıyeva mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 N-li evin 1 N-li mənzili Budaqov Elmir Şakir oğluna bağışlanmışdır.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(845)-248/2018 N-li 06.03.2018-ci il tarixli qərardan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə 16.03.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 n-li evin 1 n-li mənzilinə B.Elmir Şakir oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrində Çıxarış verilməsi öhdəliyi qoyulmuşdur.

Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 n-li evin 1 n-li mənzili 27.04.2018-ci ildə tam mülkiyyət hüququ ilə Budaqov Elmir Şakir oğlunun adına qeyd olunmuşdur.

Şəki İnzibati-İqtisad Məhkəməsinin “Qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmə haqqında 04.06.2018-ci il tarixli qərarından görünür ki, Şəki İnzibati-İqtisad Məhkəməsinin 26.02.2018-ci il tarixli 2-1(84)-284/2018 N-li qərar ləğv edilmiş, iş üzrə icraatın təzələnməsi iddiaçı Budaqov Elmir Şakir oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı Ərazi idarəsinin üzərinə 16.03.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 n-li evin 1 nömrəli ünvanda yerləşən mənzilə hüquqların dövlət qeydiyyatına alınması və adına Çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair “Xalq Bank” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

Nəhayət ki, sonda Mingəçevir şəhər məhkəməsi Hacıyeva Humay İsmayıl qızı ilə Budaqov Elmir Şakir oğlu arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş reyestrdə 4-ə-196 nömrə ilə qeyd edilmiş 16.03.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması barəsində 04 dekabr 2018-ci il tarixli qətnamə çıxarır.

Bununla da illərdir davam edən məhkəmə çəkişmələri yeni mərhələyə qədəm qoyur. Yuxarıda qeyd etdiyimiz kimi məhkəmələrə ayaq döyməkdən xəstəliyə düçar olmuş Budaqov Şakir Xanlar oğlu növbəti problemlərlə üz-üzə qalır. “Xalq Bank “ ASC və məhkəmələr “quyuya elə bir daş atıblar ki, yüz ağıllı birləşsə belə o daşı quyudan çıxara bilmirlər.” Əslində problemin həlli həddindən artıq primitiv və sadə olduğu halda, “Xalq Bank” ASC-nin sözügedən məsələdə dirəniş göstərməsi anlaşılan deyil. Yəni, vətəndaş “Xalq Bank” ASC-dən götürdüyü məbləği müəyyən gecikmələrlə tam ödədiyi halda, (dediklərimizi sübut etmək üçün, vətəndaşın redaksiyamıza təqdim etdiyi ödəniş qəbzləri kifayət edir.- Red) bank sanki, məcburi köçkün ailəsinin qəsdinə duraraq, onunla prinsip aparır. Məhkəmələr isə “Xalq Bank” ASC-nin “çaldığı havaya oynayaraq” onsuzda köçkün həyatı yaşayan Şakir Budaqovu ev-eşiyindən didərgin salır. Görəsən, “Xalq Bank” ASC-nin başbilənləri anlayırlarmı ki, sonda bu problemin Avropa Məhkəmələri səviyyəsinə qaldırılması ölkəmizin beynəlxalq nüfuzuna nə qədər zərbə vura bilər?! Bəlkə, “Xalq Bank” ASC və məhkəmələrimiz elə bunun üçün çalışırlar? Hər halda faktiki mənzərə dediklərimizdən ibarətdir.

Növbəti yazılarımızda məcburi köçkün ailəsinin başçısı Ş.Budaqovun adıçəkilən problemin başlandığı ilk günlərdən “Xalq Bank” ASC-nin Mingəçevir filialında başına açılan oyunlardan ətraflı bəhs edəcəyik.

Mövzu ilə bağlı gün ərzində “Xalq Bank” ASC-yə ünvanladığımız suallara cavab verən tapılmadı.

Ardı var… \\teref.az\\
"AtaBank" məcburi köçkün ailəsinə necə problem yaradır... - GİLEY Sosial "Mütləq şəkildə komitə sədri Rövşən Rzayevin qəbulunda olmalısınız..." - GİLEY Sosial Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili Iqtisadiyyat “Xalq Bank”da idarə rəisi işdən azad edildi “Xalq Bank”da idarə rəisi işdən azad edildi Sosial Azərbaycanda məcburi köçkün dəhşətli cinayət törətdi Azərbaycanda məcburi köçkün dəhşətli cinayət törətdi Hadise