DataLife Engine / Şirəliyevin rentgen rəzaləti: Brejnev aparatları bu poliklinikalarda - Siyahı

Şirəliyevin rentgen rəzaləti: Brejnev aparatları bu poliklinikalarda - Siyahı

Şirəliyevin rentgen rəzaləti: Brejnev aparatları bu poliklinikalarda - Siyahı












Səhiyyə Nazirliyinin poliklinikaları maddi-texniki baza təminatı cəhətdən bərbad vəziyyətdədir

Bakının Sabunçu rayon ərazisindəki 11 və 12 saylı uşaq poliklinikalarında rentgen aparatları Brejnev dövründən qalıb.

Bu barədə Politika.Az-a Bakıxanov qəsəbəsində yaşayan bir qrup valideyn şikayət məktubunda bildirib.

Onların dediyinə görə, pediatrlar körpələrin rentgen olunması üçün özəl klinikalara getməyi məsləhət görür.

Bunun bir səbəbi pul tələsi olsa da, digər amil həqiqətən dövlət polklinikalarındakı rentgen cihazlarının köhnə və daha çox şüa paylayan olmasıdır.

Bildirilir ki, nəticədə valideynlər özəl klinikalarda soyulur. Özəl klinikalarda şəkilsiz rentgen 20 manat, şəkilli isə 30-35 manat civarında dəyişir. Hazırda ölkədə dəhşətli bir virus yayılıb. Bu virus əsasən uşaqlar arasında geniş vüsət alıb.

Həkimlərin və dərman mafiyasının bazarında şıdırğı alver gedir. Bu fürsətdən sui-istifadə edənlər mümkün qədər firma dərmanlarını, özəl klinikaların bazarını çiçəkləndirir.

Belə vəziyyətdə isə poliklinikaların texniki avadanlıqlarının, tibbi ləvazimatlarının köhnə-küşkül olduğu üzə çıxır.
Valideynlər təkcə 2 poliklinikanın adını çəkməklə şəhərin digər tibb ocaqlarında da analoji vəziyyətin hökm sürdüyünü qeyd edirlər.

Səhiyyə naziri Oqtay Şirəliyevin başı açılanda həmin dövlət poliklinikalarını ziyarət etməsi faydalı olar.

Görəsən daha nə qədər yazmalıyıq ki, cənab Oqtay Şirəliyev bu sahəyə bir nəzər yetirərək poliklinikalarda sahman yaradsın. Azərbaycanın səhiyyə sistemindəki problemlər günü-gündən artır.

Ölkə vətəndaşlarının hətta asan müalicə olunan xəstəliklər səbəbindən xarici ölkələrə üz tutmaları da buna sübutdur.

Gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsi ilə Ərdəbil əyalətinə orta hesabla üç min azərbaycanlı gəlir. Ərdəbil əyalətinə olan səfərlərin əksəriyyəti müalicə üçündür.

Bu isə o deməkdir ki, Azərbaycanda xəstə olan hər üç vətəndaşdan biri müalicə üçün İrana üz tutur. Belə olan təqdirdə ortaya maraqlı sual çıxır: İnsanlar nəyə görə analoqu olmayan iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanda yox, qonşu İrana müalicəyə gedir?

Pasientlərin xaricə axını yalnız cənuba doğru deyil. İmkanı zəif olanlar özlərini İran həkimlərinə təslim etsələr də, İsrail, Türkiyə, ABŞ, Avropa səhiyyəsinə müraciət edənlər də çoxdur.

İrana müraciət əsasən qiymətlərin bizim qiymətlərdən xeyli aşağı olması, orada farmasiyanın, yəni dərman sferasının nəzarətdə olması, keyfiyyətli dərman təminatı səbəbindəndir. Etiraf etmək lazımdır ki, qapalı şəraitdə inkişaf etməsinə baxmayaraq, İran səhiyyəsi bir sıra sahələr üzrə inkişafa nail ola bilib.
7-01-2017, 08:44
Geri dön