DataLife Engine / Azərbaycanda “AntiİŞİD” QRUPU YARADILDI

Azərbaycanda “AntiİŞİD” QRUPU YARADILDI

Azərbaycanda “AntiİŞİD” QRUPU YARADILDI












Azərbaycan hüquq-mühafizə orqanları İŞİD-ə qoşulanlarla bağlı tədbirləri son günlər daha da genişləndirib

Məlumata görə, siyasi hakimiyyət az qala hər gün dünyanın müxtəlif KİV-lərində azərbaycanlı İŞİD-çilərlə bağlı məlumatların yayılmasından ciddi narahatdır və bunun qarşısını almaq üçün müvafiq qurumlardan əlavə tədbirlərin görülməsini tələb edir.

Bu barədə məlumat verən qaynağımızın iddiasına görə, bir müddətdir ki, MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “antiİŞİD” adlandırılan birgə qrup da yaradılıb. Bu barədə məlumat verən musavat.com bildirir ki, qrupun əsas koordinasiyası isə MTN-in Antiterror İdarəsinə həvalə edilib.

Qrup dövlət idarələri ilə o dərəcədə əlaqəli işləyir ki, xüsusilə Bakıda saqqal saxlayanlar, müxtəlif dini cərəyanlarla təmasları olan, əsasən də mülkünü satıb ölkədən getmək niyyətində olanlar haqda dərhal bazaya məlumatlar toplanılır, onların çevrələri və dini baxışları araşdırılır. Hətta bu günlərdə Bakının “Neftçilər” metrostansiyası yaxınlığında ev bazarında mənzilini satmaq istəyən dindarı mülki geyimli, özlərini təqdim etməyən şəxslər sorğu-suala tutublar. Ondan mənzilini nə məqsədlə satmaq istədiyini, ölkədən getmək niyyətinin olub-olmadığını soruşublar. Bu da o deməkdir ki, hüquq-mühafizə orqanları İŞİD-ə qoşulmaq niyyətində olanları elə ölkədən çıxmamış müəyyənləşdirməyi istəyirlər.

Qaynağımız deyib ki, Yeni il ərəfəsi Türkiyə də daxil, xüsusilə ərəb ölkələrinə getmək istəyənlərlə bağlı turist firmalarına sifarişlər belə indidən ciddi araşdırılır. Çünki statistika göstərir ki, terror qruplarına qoşulmaq istəyənlər yaşadıqları ölkədən əsasən “turist” kimi çıxmağa üstünlük verirlər...

Mənbə onu da deyib ki, noyabrın 13-də vəhhabilərin lideri hesab olunan Zöhrab Şıxəliyev də bu tədbirlər çərçivəsində saxlanılıb. Xatırladaq ki Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub.

Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Hakimiyyətin İŞİD-lə bağlı fəaliyyətinin genişləndirdiyini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son müsahibələrində təsdiq edib. Komitə sədri deyib ki, xüsusi xidmət orqanları bununla ciddi məşğul olur. “Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir” - deyə, M.Qurbanlı bildirib.

Qaynağımız hər iki səfirin təcrübəli və uzun müddətdir ki, bu ölkələrdə Azərbaycanı təmsil etdiklərini qeyd edərək onların məhz indi geri çağırılmasına diqqət çəkir:

“Suriyadakı səfirliyimizin əməkdaşları və səfir Mahir Əliyev Dəməşqi təxminən iki ildir ki, tərk etmişdilər. Mümkündür ki, Suriyadakı səfir özü işdən getməsini arzulayıb. Amma istənilən halda bu qəfil geri çağırılmaların (onların yerinə təyinat olmayıb) səbəbləri sırasında yəqin ki, Azərbaycan vətəndaşlarının bu ərəb ölkələrindəki terror qruplaşmalarına qoşulması da var. Görünür, diplomatların bu istiqamətdə fəaliyyəti hakimiyyəti və XİN-i təmin etməyib”. Qeyd edək ki, XİN diplomatların geri çağırılmasının səbəbləri barədə hələ ki açıqlama verməyib.

Azərbaycanın İŞİD-lə bağlı tədbirləri gücləndirməsini Avropa Birliyinin bu terror qruplaşması ilə bağlı xüsusi tədbirlər planın tərkib hissəsi hesab edənlər də var. Avropa Birliyi ölkələrinin hökumətləri, eləcə də bu qurumla geniş əməkdaşlıq etdiyi tərəfdaş dövlətlər xüsusi tədbirlər planı hazırlayırlar.

Komitə sədri onu da əlavə edib ki, İŞİD-ə qoşulmaq istəyənlərlə bağlı hüquq-mühafizə orqanlarında statistika var: “Bizdə o statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil.”

Bu baxımdan istisna deyil ki, Avropa Birliyi İŞİD-lə mübarizədə Azərbaycandan da dəstək istəyib. Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın 60 üzvü dekabrın əvvəlində ilk dəfə Brüsseldə görüşəcəklər. Bu görüşdə əsas müzakirə olunan məsələ İŞİD-ə xaricdən qoşulan döyüşçülərlə bağlıdır. Qeyri-rəsmi mənbələr İŞİD daxilində hazırda Azərbaycan da daxil müxtəlif ölkələrdən 10 minə yaxın döyüşçünün olduğunu xəbər verir. Avropa Birliyi isə İŞİD-ə qoşulanların qarşını almaq üçün hava nəqliyyatı sərnişinləri haqqında informasiyanı və s. məlumatları paylaşmasına imkan verən qanun qəbul etməyə hazırlaşır. Bundan əlavə, Fransa və Britaniya kimi üzv ölkələr döyüş üçün ölkəni tərk edən şəxslərin pasportlarının əllərindən alınmasını istəyir. Böyük ehtimalla Azərbaycan da həm ABŞ, həm də Avropa Birliyi ilə İŞİD-lə mübarizədə əməkdaşlığı genişləndirəcək. Bunu isə həm də Azərbaycanın mənafeyi tələb edir.
24-11-2014, 16:09
Geri dön