1-06-2020, 18:46 Oxunub: 63

Muxtar bölgənin hərbi və döyüş potensialı işğalçı ölkənin “qorxulu yuxu”suna çevrilir - GƏLİŞMƏ

Muxtar bölgənin hərbi və döyüş potensialı işğalçı ölkənin “qorxulu yuxu”suna çevrilir - GƏLİŞMƏ


2020-ci ilin 5-ci ayı da arxada qaldı. Təəssüf ki, ötən müddətdə də Dalıq Qarabağ konfliktinin dinc nizamlanması yönündə müsbətə doğru dönüş baş vermədi. Əksinə, sülh danışıqlarında pozitiv, ümidverici elementlər əvəzinə, Ermənistan tərəfdən nizamlama prosesini bir az da qəlizə salan addımları müşahidə etdik. Mayın 21-də işğal altındakı Şuşada düzənlənən “inauqurasiya” şousu isə işğalçı ölkənin ədalətli sülhdə və Bakı ilə konstruktiv danışıqlarda maraqlı olmadığını növbəti dəfə əyani nümayiş etdirdi. ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlama prosesini davam etdirməyin mənasızlığını ortaya qoydu.

Bəzi aparıcı dövlətlərin “nala-mıxa vurma” siyasəti yalnız müharibəni yaxınlaşdırır; alman politoloq: “Ermənistan Dağlıq Qarabağdakı oyuncaq qurumla öz təcavüzkar statusunu maskalamağa çalışır...”

Ancaq düşmən tərəf üçün qanqaraldıcı sayılacaq bir olay da yaşandı: Şuşadakı “andiçmə” hoqqabazlından cəmi bir neçə gün sonra Almaniya hökuməti Berlində yarım-məxfi şəkildə fəaliyyət göstərən və özünü “Arsaxın diplomatik nümayəndəliyi” kimi təqdim edən qondarma səfirliyin fəaliyyətini qanunsuz elan edən açıqlama və xəbərdarlıq yaydı. Bu yeni separatçıbaşının Şuşadakı “inauqurasiyası” fonunda Dağlıq Qarabağdakı oyuncaq rejimə Avropadan vurulan zərbə sayıla bilər.

Əslində gözlənilən idi. Ən əvvəl o səbəbə ki, rəsmi Berlin Qarabağ məsələsində daima birmənalı, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünün xeyrinə olan mövqe sərgiləyib. Bəzi dövlətlər kimi, “ikili standart” siyasəti yürütməyib, “nala-mıxa” vurmayıb...

*****

“Berlində qanunsuz nümayəndəliyin qadağan edilməsi çoxdan qaçılmaza çevrilmişdi. Almaniya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağın Almaniyadakı kvazi-diplomatik fəaliyyətdən çəkinməsi tələbi çoxdan yetişmişdi və absurd vəziyyətə son qoymalıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” portalına berlinli politoloq Hayko Lanqner deyib.

Onun sözlərinə görə, heç kim tərəfindən tanınmadığı üçün mövcud olmayan bir dövlətin xaricdə diplomatik nümayəndəliyi ola bilməz: “Bu, Almaniyanın Cinayət Məcəlləsinin 132 a bəndində açıq şəkildə tənzimlənir. Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupunun sülh danışıqları üçün baza şərtləri bununla yaxşılaşmış olur. Özünün aydın mövqeyi ilə Almaniyanın Xarici İşlər Nazirliyi bir daha təsdiqləyir ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır”.

Sözünə davam edən politoloq deyir: “Dağlıq Qarabağın özünü müstəqil dövlət elan etmək cəhdi həmişə beynəlxalq hüquqda Ermənistanın Azərbaycanla dövlətlərarası münaqişədə təcavüzkar statusunu maskalamağa xidmət edib. Bu cəhdlər həmçinin, erməni separatçılarına zəruri sülh kompromislərinə veto qoymaları üçün ATƏT danışıqlarının formatını dəyişdirməyə yönəlib. Görünür, separatçı rejim Almaniyada öz təxribatçı fəaliyyətinin qurbanı olub. Federal Xarici İşlər Nazirliyinin qətiyyətli mövqeyini həm də onunla izah eləmək olar ki, Bundestaqındakı XDS hökumət qrupunun bəzi üzvləri Dağlıq Qarabağın lobbi fəaliyyəti fonunda hər dəfə öz hökumətini diplomatik izahatlara verməyə məcbur edirdi. Nəticədə Almaniyanın mövqeyinin qəti olaraq dəqiqləşdirilməsi qaçılmaz oldu. Bundan əlavə, federal hökumət, əlbəttə ki, ”Almaniyaya üçün Alternativ" sağ millətçilərin analoji hərəkətlərindən məsafə saxlamaq istəyib - hansı təşkilat ki, Bundestaq üzvlərini dəfələrlə Dağlıq Qarabağdakı “seçkiləri” izləməyə göndərib. Ümid etmək qalır ki, riayət edilmədiyi təqdirdə federal hökumət Almaniyada bu mövcud olmayan “dövlət”in rəsmiləri qismində qanunsuz hərəkət edənlərə qarşı konkret qanuni tədbirlər görəcək".

Danışıqlar prosesinin uzun müddət dalanda qalması sövq- təbii müharibə ehtimalını artırır. Sözsüz ki, sülh istəyən və öz səbrini basıb nəticəsiz danışıqlara dözən Azərbaycan müharibəyə də hazır vəziyyətdədir. Son geniş miqyaslı hərbi təlimlər, qardaş Türkiyə ilə davam edən ortaq hərbi manevrlər məhz torpaqların güc yolu ilə azad edilməsi variantını daha da cilalamağa hesablanıb. Bunu düşmən tərəf də bilməmiş deyil.

“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən həftəsonu Bakı ətrafında qaçqın və məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında deyib. Prezident xüsusi qeyd edib ki, bu gün Azərbaycan istənilən vəzifəni icra edə biləcək qüdrətli bir orduya sahibdir: ”Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!"

*****

Şübhə yox ki, ölkəmizin hərbi qüdrəti və döyüş potensialı barədə düşmən ölkədə də bilir və təlaş keçirirlər.

“Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir”.

Bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistanın sabiq Baş Qərargah rəisi, general Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.

“Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - deyə o qeyd edib.

Erməni general, həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var: “Bu təlimləri yerinə yetirən Azərbaycan eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər” - Ter-Qriqoryants vurğulayıb və əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur.

“Azərbaycanın sülhpərvər dövlət olması hər kəsə bəllidir. Ölkə başçısı İlham Əliyev də beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib ki, Azərbaycan sülhpərvər ölkədir, lakin bizim səbrimizin həddi-hüdudu var. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri ona dəlalət edir ki, ordumuz istənilən an aktiv hərbi əməliyyatlar keçirə bilər”.

Bu sözləri isə deputat-politoloq Elman Nəsirov deyib (Axar.az). O bildirib ki, Ermənistan tərəfi heç bir hüquqi normaya məhəl qoymur: “Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qanundankənar keçirdiyi ”prezident" və “parlament” “seçki”lərinin ardından Şuşa şəhərində andiçmə təşkil etməsi siyasi həyasızlığın pik nöqtəsidir. Ermənistan rəhbərliyi bu addımı atmaqla onsuz da kövrək olan danışıqlara ağır bir zərbə endirmiş oldu. Bundan sonra danışıqların keçirilməsi və bu danışıqlarda Ermənistanın konstruktiv olacağına inam qalmayıb".

Deputat vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin məsələyə heç bir reaksiya verməməsi də narahatedici məqamdır: “Əslində Minsk Qrupunun bundan öncəki bəyanatları da qeyri-adekvat xarakter daşıyırdı. Diqqət etsəniz, həmsədrlərin bəyanatlarında kimin işğalçı, kimin işğala məruz qaldığı qətiyyən bilinmir. Həmsədrlərin məsələyə yerində reaksiya verməməsi Ermənistan tərəfinin arxayınlığını artırır. Ermənistan tərəfinin hüquqazidd əməllərinin cəzasız qalması düşmən tərəfinin daha da cəsarətlənməsinə gətirib çıxarır. Düşünürəm ki, Azərbaycan diplomatiyası öz hücum taktikasını gücləndirməlidir. Biz bütün istiqamətlərdə ciddi addımlar atmalıyıq”. //musavat.com//
Şuşada keçiriləcək qondarma andiçmə mərasimi ilə bağlı açıqlama Şuşada keçiriləcək qondarma andiçmə mərasimi ilə bağlı açıqlama Siyaset Türkiyədən Qarabağ çağırışı: Tanımayın! Türkiyədən Qarabağ çağırışı: Tanımayın! Siyaset Ermənistanla haqq-hesab 2020-yə qaldı - GƏLİŞMƏ Ermənistanla haqq-hesab 2020-yə qaldı - GƏLİŞMƏ Siyaset Qarabağda ATƏT vasitəçiliyi iflas olub - GƏLİŞMƏ Qarabağda ATƏT vasitəçiliyi iflas olub - GƏLİŞMƏ Siyaset İrəvandan savaşı tətikləyəcək addım – Bakıya unikal fürsət... İrəvandan savaşı tətikləyəcək addım – Bakıya unikal fürsət... Siyaset