6-12-2019, 20:48 Oxunub: 177

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət”

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət”


Elxan Nəcəfovun tərtib etdiyi “ Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında qeydlər
Fədakar şəxsiyyət, böyük yazıçı

Xalqımızın inkişafı, maariflənməsi, mədəni yüksəlişi, mənəvi və maddi özgürlüyü uğrunda köhnəliklə, cəhalətlə və zülmətlə mübarizə aparan, bütün həyatını xalqına həsr edən, yazıçı, ictimai xadim, dramaturq, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideoloqu Cəlil Məmmədquluzadənin gördüyü işlər və xalq qarşısında xidmətləri danılmazdır. Hətta onun əleyhdarları belə, onun xidmətlərini tamamilə danmağa cəsarət etmirlər. Mirzə Cəlilin böyüklüyü və möhtəşəmliyi, onun çoxşaxəli fəaliyyətində ardıcıl olmasındadır. Bütün məhrumiyyətlərə rəğmən o geri çəkilməyi sevmirdi. Ömrünün sonlarına doğru ruhdan düşsə də, əlyazmalarını yandırsa da, düşüncələri və fikirləri artıq öz bəhrəsini verməyə başlamışdı.
Ötən əsrin əvvəllərinin cəhalətini və geriliyini təsəvvür etmək belə dəhşətlidir. Məhz bu dönəmdə yaradıcılığa başlayan Mirzə Cəlilin hansı əziyyətlər çəkdiyini, necə məhrumiyyətlərə dözdüyünü təsəvvür etmək belə çətindir. Əhalisinin yarısından çoxunun oxuma-yazması olmayan, imperiyalar arasında bölüşdürülən, milli-mədəni kimliyinə laqeyid cəmiyyətdə, satirik jurnal çıxarmaq necə böyük fədakarlıq olduğunu düşünün! Teatrı formalaşmayan bir cəmiyyətdə dramaturgiya ilə məşğul olmağın “Sizif əməyi” olmasını xəyal edin! Mirzə Cəlilin böyüklüyü və əzəməti məhz bu məqamda idi.
İlk feministimiz
Qadın hüquqsuzluğunun normaya çevrildiyi, cəhalət girdabında boğulan müsəlman şərqində Cəlil Məmmədquluzadə həm də ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim, ziyalı idi. Əbu Turxan deyir ki, “Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur”. Mirzə Cəlil də taleyini millətinin taleyi ilə bağlayan azman şəxsiyyətdir. Onun ideologiyası, düşüncələri və fəlsəfəsi hələ də diridir.
“Molla Nəsrəddin” dərgisinin 7 aprel 1906-cı ildə işıq üzü görən ilk nömrəsinin baş məqaləsi, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciəti ilə başlayır. Və Mirzə Cəlilin yaratdığı və məhrumiyyətlər, əziyyətlər bahasına nəşrinə çalışdığı bu dərgi, fəaliyyəti boyu “müsəlman qardaşları”na, xitab etməkdə israrla davam etdi. Mirzə Cəlilin xalqına olan sevgisi, xalqın maariflənməsi yolunda çəkdiyi əziyyətlər “Molla Nəsrəddin” dərgisinin fəaliyyətində kifayət qədər bariz görünür. “Molla Nəsrəddin” Mirzə Cəlilin xalq, vətən sevgisinin təcəssümü idi. Hərdən Mirzəni xalqı aşağılamaqda, təhqir etməkdə, xor görməkdə ittiham edənlər, onun gördüyü işin mahiyyətini anlamayanlar, əslində Mirzənin tənqid etdiyi cəhalətin müasir təmsilçiləridir.

Cəlil Məmmədquluzadə haqqında 93 məqalə, 13 esse, 8 müsahibə, 30 şeir

2019-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Onun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu iltarixli sərəncamı, böyük ədibə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan xəbər verir. Artıq başa çatmaqda olan 2019-cu ildə, böyük ədibə həsr olunmuş müxtəlif tədbirlər baş tutdu, onun yaradıcılığını yenidən aktuallaşdıran müzakirələr keçirildi. Görülən işlərin faydalılıq əmsalını dəyərləndirmək bir qədər çətindir. Amma Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ərəfəsində görülən işlərin içərisində mənim diqqətimi çəkən ən gözəl addımlardan biri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun dissertantı Elxan Nəcəfovun tərtib etdiyi “ Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabıdır.

Kitabda ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb.
Kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.
720 səhifəlik bu kitab Cəlil Məmmədquluzadə yaradıcılığı, şəxsiyyəti haqqında yazılmış yazıların toplandığı ən təkmil mənbələrdən biri hesab oluna bilər. Tərtibatçı Elxan Nəcəfova böyük təşəkkür düşür ki, bu ağır və məsuliyyətli işin altına cəsarətlə çiyin verib və böyük yazıçımızın təbliği üçün yaddaqalan addım atıb.

Kitabın elmi, ədəbi çəkisi barədə ən xoş sözləri demək mümkündür. Düşünürəm ki, bu kitab böyük ədibin tədqiqatçıları üçün önəmli mənbələrdən biri kimi faydalı olacaq, gənc alimlərin, araşdırmaçıların, cəlilşünasların önəmli istinad mənbəyi olacaq.
“Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, xüsusilə gənc alim dostumuz Elxan Nəcəfova böyük ədibimizin təbliğatı üçün gördüyü işlərdən dolayı təşəkkür edirəm.

İmmanuel Kantın deyir ki, “Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur.” Cəlil Məmmədquluzadəni sevənlər də, əleyhdarları da bilməlidir ki, o büt deyil. Onu sevmək, təqdir etməklə yanaşı, yaradıcılığını müzakirə etmək, tənqid etmək də mümkündür. Bu tənqid də, polimika da sevgi çərçivəsində olmalıdır. Ustad özü də bütləşdirilməyini qəbul etməzdi...
Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi Siyaset Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək Medeniyyet Cəlil Məmmədquluzadə küçəsində çökmüş yolun bərpasına başlanılıb — VİDEO Cəlil Məmmədquluzadə küçəsində çökmüş yolun bərpasına başlanılıb — VİDEO Sosial / Video Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək Siyaset Kanalizasiyaya görə rahat yeyib-içə bilməyənlər də var Kanalizasiyaya görə rahat yeyib-içə bilməyənlər də var Sosial