22-05-2020, 17:22 Oxunub: 114

"Azərbaycan dilini bilməyən şəxs yüksək vəzifədə olmamalıdır" — Məşhur alimdən SƏRT SÖZLƏR

"Azərbaycan dilini bilməyən şəxs yüksək vəzifədə olmamalıdır" — Məşhur alimdən SƏRT SÖZLƏR


Son zamanlar bəzi dövlət məmurları Azərbaycan dilində yaxşı danışa bilmədiklərinə görə cəmiyyət tərəfindən qınaq obyektinə çevrilib. Bəziləri onların sovet dönəmində təhsil aldıqlarını bildirərək onlara haqq da qazandırırlar. Digərləri isə bunun doğma dilimizə böyük hörmətsizlik olduğunu qeyd edirlər.
"Ölkə.Az" Məsələ ilə bağlı filologiya elmləri doktoru, professor Buludxan Xəlilova müraciət edib. Professorun sözlərinə görə, dil, hər bir dövlətin qüdrət rəmzidir:

“Dil dövlətin atributlarından biridir. Bir ölkənin siyasəti, mədəniyyəti, iqtisadiyyatı dil vasitəsilə dünyaya təqdim olunur. Bu gün ingilis dili beynəlxalq dil sayılır, lakin tədbirlərdə, konfranslarda fransız, alman və digər ölkələr öz dillərini sinxron tərcüməyə salır. Bu, o deməkdir ki, fransız və ya alman öz dilinin nüfuzunu digər dövlətlərə göstərmək istəyir. Çünki dilin nüfuzu dövlətin qüdrətidir. Ona görə bütün millət - aparıcı, məmur və sıravi azərbaycanlılar bilməlidirlər ki, Azərbaycan dili bizim dövlət dilimizdir və bizim dövlətimizin nüfuzu onun dilindən asılıdır. İnsan ana dilində nə qədər mükəmməl danışarsa, bir qədər də öz millətinə, dövlətinə sədaqətli olar”.

Dilçi alim bəzi məmurların yüksək vəzifə tutduqlarına baxmayaraq, Azərbaycan dilində danışa bilmədiklərini, özlərini buna görə biabır etdiklərini bildirib:
“Ölkədə bir sıra məmurlar müxtəlif icra və dövlət strukturunda çalışmaqlarına baxmayaraq, öz fikirlərini Azərbaycan dilində ifadə edə bilmirlər. Bu, dövlət dilinə hörmətsizlikdir. Biz, Amerikada yaşayıb, ingilis dilini bilmədən orada hər hansı bir yüksək vəzifəni tuta bilərik? Əsla! Eləcə də Rusiyada, Yaponiyada, Fransada da bu belədir. Ona görə də Azərbaycanda yaşayan hər bir azərbaycanlı, həmçinin burada yaşayan bütün etnik qruplar dövlət dilimizə hörmət etməlidirlər. Yüksək statuslu vəzifə tutasan və Azərbaycan dilində danışmağı bacarmayasan, bax, bu, əsl faciədir, dilinə diqqətsizlikdir. Bu, dövlətin nüfuzuna hörmətsizlikdir”.

Professor məmurların Azərbaycan dilindən imtahandan keçmələri təklifinə də aydınlıq gətirib.

“Bəzi həmkarlarım məmurlara Azərbaycan dilində imtahan verməyi də tövsiyyə ediblər. Mən bu fikirlə razı deyiləm, çünki yenə də hər şeyi rəsmiləşdirmək istəyirik. Belə çıxır ki, o ancaq yüksək vəzifəni tutmaq üçün ana dilini öyrənməlidir. Kimsə öz ana dilini imtahan vermək üçün öyrənməməlidir, bu, onun borcudur. Bu dövlətdə yaşadığı üçün ana dilini bilmək məcburiyyətindədir. Əgər sən öz dövlət dilini bilmirsənsə, mənsub olduğun millətin ruhu ilə də yaşamırsan.

Vaxtı ilə insanlar bir yerə toplaşıb dövlət qurublar ki, öz dillərini yaşatsınlar. Bir də görürsən, hansısa mötəbər vəzifə sahibi müsahibə verir, adam baxıb xəcalət çəkir. Sözləri qırıb tökür, cümlələri düz qurub, fikrini ifadə edə bilmir.

Gəlin, belə bir analogiya aparaq. Bizim bədxah qonşumuz Ermənistanda erməni dilini mükəmməl bilməyən bir məmur var? Millətin təbiətinə varmaq üçün, onun ruhu ilə nəfəs almaq üçün birinci onun dilini bilmək lazımdır. Dilini bilmədiyin bir millətə necə məmurluq etmək olar? Onlarla necə ünsiyyət qurmaq olar? Müstəqilliyimiz 1991-ci ildən uzun bir şərəfli yol keçib. Çox təəssüflə bildirirəm ki, bir çox məmurlarımız öz ana dilini bilmirlər, danışanda kəkələyə- kəkələyə danışırlar. Bəziləri öz ana dilində danışmağı özlərinə yaraşdırmırlar. Məsələn, ingilis dilində bilir, əvvəl o dildə beynində cümlələri düşünür, sonra onu Azərbaycan dilinə çevirir və nəticədə dediyi fikirlər aydın olmur. Əslində, bu məmurlar Azərbaycanın yürütdüyü siyasətin də əleyhinə işləyirlər.
Məsələn, Baltikyanı ölkələrdə öz dilini bilməyən biri Milli Məclisə üzv seçilə, birinci dərəcəli vəzəfələrdə çalışa bilməz. Milliyətindən asılı olmayaraq, əgər sən Azərbaycanın Milli Məclisinə üzv seçilirsənsə, bu dili sərbəst şəkildə bilməlisən. Tutaq ki, bir azərbaycanlı Rusiya Dövlət Dumasına deputat seçilib, əgər o, rus dilini bilməsə, ona orada oturmağa icazə verilməyəcək. Çünki, həmin o deputat dumada rus dilində danışmalıdır, həmçinin Azərbaycanda da bu belədir”,- deyə o, fikrini tamamlayıb.

Xəlilov yerli telekanallarda da vəziyyətin ürəkaçan olmadığını da qeyd edib.
“Təəsüflər olsun ki, bizim televiziya və radio kanallarımızda da vəziyyət ürəkaçan deyil. Onların bir qismində Azərbaycan dili məsxərəyə qoyulur. Aparıcılar Azərbaycan dilində kəlmələri düzgün ifadə edib, mükəmməl danışa bilmirlər. Onlar dil qaydalarını kobud şəkildə pozurlar və nəticədə elə təsəvvür yaradırlar ki, Azərbaycan dili onların danışdıqları kimi qarmaqarışıq, sistemsiz bir dildir. Aparıcıların bu cür danışıqları Azərbaycan dilini hörmətdən salır”.

Buludxan Xəlilov bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün xüsusi şuraların yaradılmasının vacibliyini vurğulayıb.

“Televiziyalarda mütləq senzura şurası olmalıdır. Bu şurada görkəmli mütəxəsislər oturub efirə nəzərət edib, proqramlardakı qüsurları deməlidirlər. O qüsurlara görə də aparıcılar, jurnalistlər cəzalandırılmalıdırlar. Mən açıq şəkildə bildirirəm ki, bu gün Dövlət Televiziyasından başqa, əksər kanallarımızda dil meyarları pozulur. Hazırda 95 % jurnalistlər, aparıcılar dilin ruhunu sındırırlar. Dilin başına ip salıb oynadırlar, onu məsxərəyə qoyurlar. Mən şəxsən o kanalları izləyib, dəhşətə gəlirəm. Azərbaycan dili orada yaşamır. Belə çıxır ki, kim istəsə, televiziyaya çıxıb veriliş apara bilər. Mən düşünürəm ki, televiziyalar mütləq nəzarətə götürülməlidir”.

O, ölkədə dil kurslarının yaradılmasının vacibliyini də qeyd edib.

“Əvvəllər jurnalistlər müəyyən vaxtdan sonra ixtisasartırma kursları keçirdilər. Müxtəlif ölkələrə gedib, oradakı jurnalistlərin təcrübəsini öyrənirdilər. Bu dəqiqə ölkədə dil kursları yaratmağa ehtiyac var. Bu kurslar Nəsimi adına Dilçilik İnstitutunda və ya digər yerlərdə yarana bilər. Orada həmin aparıcılar dilçilərin mühazirələrini dinləməlidirlər. Hazırda bəzi aparıcılar, jurnalistlər heç jurnalistikanın tarixini bilmirlər.

Bu gün efirlərdə müğənnilərin, aktrisaların aparıcılıq etdiyini görmək olar. Axı, sizin nə ixtiyarınız var ki, çıxıb efirdə aparıcılıq edirsiz? Siz məgər jurnalistika ixtisasını bitirmisiniz? Gedin, öz sahənizdə peşəkarlıq göstərin.

Mən düşünürəm ki, Azərbaycan televiziya məkanına ciddi şəkildə “əl gəzdirilməlidir”. Efirlərdə çox məntiqsiz, lazım olmayan verilişlər hazırlanır. Bununla da efir Azərbaycan auditoriyasını itirir. İnsanlar o proqramlara baxmaq istəmirlər. Çünki, intelektual səviyyəli proqramları, o səviyyədə olan jurnalist hazırlaya bilər”.
Putin yenə alman dilində danışdı — VİDEO Putin yenə alman dilində danışdı — VİDEO Medeniyyet / Video Ceyhun Bayramovdan xarici dilin tədrisi ilə bağlı əmr Ceyhun Bayramovdan xarici dilin tədrisi ilə bağlı əmr Sosial Baş nazir Novruz Məmmədov kimdir? — DOSYE Baş nazir Novruz Məmmədov kimdir? — DOSYE Siyaset Azərbaycan Dillər Universitetində islahat düyməsinə basıldı: 5 dekan dəyişdi Azərbaycan Dillər Universitetində islahat düyməsinə basıldı: 5 dekan dəyişdi Sosial İxtisas seçimi başlayıb - I, II, III, IV qruplar üzrə keçid balları İxtisas seçimi başlayıb - I, II, III, IV qruplar üzrə keçid balları Gundem