25-03-2020, 19:20 Oxunub: 218

Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK

Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK


2019-cu ilin son günlərindən etibarən, Çinin Uhan şəhərində başlayan və qısa müddət ərzində dünyanın əksər ölkələrində yayılan koronavirus pandemiyası planeti hələ də təhdid altında saxlamaqdadır.

Qorxunc xəstəliyə qarşı peyvəndin indiyə qədər hazırlanmaması səbəbindən dünyanın müxtəlif dövlətlərində koronavirusa yoluxma və ölüm hallarına dair statistika günbəgün artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən ümidverici anonslarına baxmayaraq, koronavirus əleyhinə vasitənin nə zaman təqdim olunacağı bilinmir.

Təbii ki, dünyanın bir parçası olan Azərbaycanın da qlobal pandemiyanın təsirindən tamamilə kənarda qalması mümkün deyil və çox təəssüf ki, qonşu dövlətlərdə yayılan bu xəstəlik ölkəmizə də ayaq açdı.

Bununla belə, Azərbaycan hökumətinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər sayəsində digər dövlətlərdəki vəziyyətdən fərqli olaraq, ölkəmizdə koronavirusun yayılma miqyası kifayət qədər lokaldır və hazırda yoluxanların sayı 70 nəfər civarındadır.

Qərbin İtaliya və Almaniya kimi inkişaf etmiş ölkələrində koronavirusa yoluxan insanların sayının on minlərlə, ölənlərin sayının isə minlərlə olduğunu nəzərə alsaq, o zaman Azərbaycan hökumətinin bu xəstəliyə qarşı həyata keçirdiyi tədbirlərin effektivliyi haqqında tam təsəvvür yaranar.

Burada əlbəttə ki, Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarı ilə ölkədə martın 14-dən sosial təcrid, martın 24-dən isə karantin rejiminin tətbiq olunmasının, əhalinin məhdudlaşdırıcı tədbirləri pozmamasına maksimum nəzarəti təmin etməsinin müstəsna təsiri var.

Qeyd olunanlardan başqa, tətbiq olunmuş məhdudlaşdırıcı tədbirlər səbəbindən maddi zərərlə üzləşən özəl sektorun itkilərinin kompensasiya edilməsi məqsədilə prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması dövlətin vətəndaşların sağlamlığı ilə yanaşı, maddi durumlarına necə həssaslıqla yanaşmasının birbaşa göstəricisidir.

Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirakı zamanı Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində ölkəmizin koronavirusa qarşı mübarizədə atdığı addımları xüsusi qeyd edib.

Dövlət başçısı Azərbaycanda koronavirusa qarşı mübarizənin effektli nəticələr verməsini hakimiyyətin bu istiqamətdə vaxtında ciddi tədbirlər görməsi ilə əlaqələndirib:

“Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə – 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır.

Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir.

Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq.

Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir”.

Dövlət başçısı pandemiyaya qarşı mübarizədə ölkənin səhiyyə işçilərinin fədakarlığını xüsusi vurğulayaraq, dövlətin onlara sosial dəstəyini əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırıb:

“Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, – biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, – müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”.

Prezident İlham Əliyev tətbiq olunmuş məhdudlaşdırcı tədbirlər fonunda yaşlı insanlara qayğı və diqqətin artırılmasının vacibliyini önə çəkib və xalqımızın milli adət-ənənələrinin bu məsələdə böyük rol oynadığını bildirib:

“Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirlər görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.
Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, – istər dərman preparatları olsun, istərsə də ərzaq, – biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır”.

Dövlət başçısı qeyd edib ki, dünya ölkələri arasında ilk dəfə olaraq, məhz Azərbaycanda Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu yaradılıb və artıq digər dövlətlər də bu təcrübədən faydalanmağa başlayıblar. Prezidentin sözlərinə görə, həmin Fondun yaradılmasında əsas məqsəd milli həmrəyliyi daha da gücləndirməkdir:

“Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.
Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.
Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir”.

Prezident İlham Əliyev müsahibəsinin yekununda iqtisadiyyatın stimullaşdırılması üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrılması haqqında da fikirlərini bildirib. Dövlət başçısı qeyd edib ki, yaranmış şəraitdə sahibkarlara dövlət dəstəyinin verilməsi zəruridir. Prezident sahibkarlara yönəlik əvvəl səsləndirdiyi çağırışı bir daha xatırladaraq, onları işçiləri ixtisar etməməyə çağırıb:

“Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək.

Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”.

“Yeni Çağ” Analitik Qrupu
Şad xəbər: Koronavirusun sonu yaxınlaşır Şad xəbər: Koronavirusun sonu yaxınlaşır Hadise Dünyanın gözlədiyi XƏBƏR: PEYVƏND hazırdır Dünyanın gözlədiyi XƏBƏR: PEYVƏND hazırdır Hadise Koronavirus bu ölkəyə də çatdı Koronavirus bu ölkəyə də çatdı Hadise Çin 11 milyon insanı fəda etdi: Bu, müharibədir! Çin 11 milyon insanı fəda etdi: Bu, müharibədir! Kriminal "Azərbaycanda gözləniləndən daha artıq yoluxma var" — ÜST qızılca ilə bağlı Hadise